Beriyanın həbsinin qərarına imza atmayan baş prokuror – Xruşşov Safanovu həbs edə bilməyib

Beriyanın həbsinin qərarına imza atmayan baş prokuror – Xruşşov Safanovu həbs edə bilməyib<span class="qirmizi"></span>

O, vəzifə pillələrində çox sürətlə irəliləyib, artıq 35 yaşı olanda Qriqori Safanov SSRİ baş prokurorunun müavini vəzifəsinə təyinat alıb. Prokurorluq işini, hüquq sahəsini dərindən bilən Safanova yuxarılardan heç kim himayədarlıq etməyib, biliyi, savadı, təşkilatçılıq bacarığı sayəsində zaman-zaman irəli çəkilib...

1904-cü ildə Yaroslavl vilayətinin Rostov şəhərində anadan olan Qriqori Safanovun atası böyük dəmirçi sexlərinə sahib olub. Sovet hökuməti qurulanda o, bütün sənədlərdən dəmirçi sexlərinə sahib olduğunu sildirib və adi bir dəmirçi işlədiyini yazdırıb. Elə Qriqori Safanov da sonralar prokurorluq orqanlarında işə qəbul olunanda tərcümeyi-halında sıravi bir dəmirçi oğlu olduğunu qeyd edib.

Safanov orta təhsilini başa vurduqdan sonra Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb. Universiteti bitirdikdən sonra bir müddət Leninqrad Maşınqayırma Zavodunun hüquq şöbəsində işləyib.

1935-ci ildən Safanov prokurorluq orqanlarında xidmətə başlayıb. O, Leninqrad vilayətinin Okulov rayonunda prokuror köməkçisi vəzifəsinə təyin edilib. İki ildən sonra Safanovu Leninqrad vilayətinin Kirov rayonuna prokuror göndəriblər.

Safanov çox qısa müddətdə prokurorluq sistemində özünü müsbət tərəfdən tanıtmağa bacarıb. Onun mərkəzi mətbuatda dərc olunan yazıları, elmi konfranslardakı məruzələri, SSRİ prokurorluğunun ittifaq miqyaslı iclaslarındakı çıxışları prokurorluq rəhbərliyi ilə yanaşı, Mərkəzi Komitənin də diqqətini cəlb edib. Bütün bunlar nəzərə alınaraq Safanov 1939-cu ildə SSRİ baş prokurorunun müavini, daha sonra isə birinci müavini vəzifəsinə irəli çəkilib.

Sovet-alman müharibəsi illərində Safanov müharibə dövründə prokurorluq orqanlarının işinin təkmilləşdirilməsində fəal iştirak edib. O cümlədən o, Xalq Komissarları Sovetində təxliyə komissiyasının əsas üzvlərindən biri olub.

1948-ci ildə Mərkəzi Komitənin iclasında prokurorluq orqanlarında islahatların aparılması müzakirə olunanda kadr məsələlərinə də toxunulub. İosif Stalin Safanovun baş prokuror vəzifəsinə təyin olunması haqqında təşəbbüs irəli sürüb. Sözsüz ki, onun bu təşəbbüsü yekdilliklə dəstəklənib.

Beləliklə, 1948-ci ilin fevral ayında Qriqori Safanov SSRİ baş prokuroru vəzifəsinə təyin olunub.

Təyinatından bir il sonra Safanov 1949-cu ildə Mərkəzi Komitəyə çağırılıb. Kremldə onu Georgi Malenkov qəbul edib. Malenkov söhbəti uzatmadan birbaşa mətləbə keçib:

-Sizi bura Stalinin göstərişi ilə dəvət etmişik. Haqqınızda araşdırmalara ehtiyac var.

Heç bir qalmaqallı məsələdə adı hallanmayan Safanov Malenkovun bu girişindən təəccübünü gizlədə bilməyib:

-Yoldaş Malenkov, bu araşdırmaya hansı səbəbdən ehtiyac yaranıb. Elə düşünməyin ki, İosif Stalinin göstərişinin əksinə gedirəm. Amma mənim fəaliyyətimdə hansısa bir qaranlıq məqam yoxdur. Dəfələrlə ən yüksək ali dövlət mükafatlarına layiq görülmüşəm, həmin mükafatların bir neçəsini şəxsən Stalin mənə təqdim edib.

-Siz öz keçmişinizi bizdən gizlətmisiniz. Atanız çar Rusiyası dövründə varlılar sinfinə aid olaraq əksinqilabi hərəkatda da iştirak edib. Siz isə öz tərcümeyi-halınızda özünüzü sadə bir dəmirçi oğlu kimi təqdim etmisiniz.

Sonra Malenkov masasının üstündəki qovluğu Safanovun qarşısına qoyub. Qovluqda Yaroslavl vilayətinin Rostov şəhərindən göndərilən sənədlər toplanıb. Safanovun atasının dəmirçi sexlərinə sahib olduğu haqqında arxiv arayışları da sənədlərin arasında olub.

Safanov yayınmağın mənasız olduğunu anlayıb. Bildirib ki, həqiqətən də atası böyük sexlərə sahib olub, amma o, heç vaxt bolşevik hərəkatına qarşı çıxmayıb.

Malenkov son qərarı Stalinin verəcəyini və ona gözləməyi məsləhət görüb. Bir aydan sonra Safanov yenidən Malenkovun yanına dəvət olunub. Malenkov rəhbərliyin qərarını ona çatdırıb:

-Xidmətlərinizi nəzərə alaraq qərara gəldik ki, sizi öz vəzifənizdə saxlayaq. Ancaq bundan sonra elə işləməlisiniz ki, hər hansı bir problemin yaranmasına zəmin olmasın.

Safanov bu dəfə vəzifədən kənarlaşdırılmasından yaxa qurtarsa da, dörd ildən sonra, 1953-cü ildə baş prokuror kürsüsünü qoruya bilməyib.

Məlum olduğu kimi Lavrenti Beriya 26 iyun 1953-cü ildə Mərkəzi Komitənin Rəyasət Heyətinin iclasında həbs olunub. Həbsdən sonra rəsmi sənədləşmə aparıldıqda Safanov Beriyanın həbs edilməsi qərarına imza atmaqdan imtina edib. Bu imtina Nikita Xruşşovun qəzəbinə səbəb olub və elə həmin gün Safanov baş prokuror vəzifəsindən azad edilib. Safanovu hətta həbs təhlükəsi də gözləyib. Amma o, SSRİ Ali Sovetinin deputatı kimi toxunulmazlıq statusuna malik olduğu üçün həbsdən yaxasını qurtara bilib. Digər bir tərəfdən baş prokurorun həbs edilməsinin növbəti səs-küyə səbəb olacağını düşünərək Safnovu sərbəst buraxıblar.

Baş prokuror vəzifəsindən getdikdən sonra Safanov əvvəlki vəzifəsindən qat-qat aşağı vəzifələrdə işləyib və 1968-ci ildə öz ərizəsi ilə təqaüdə çıxıb.

Sabiq baş prokuror 1972-ci ildə vəfat edib, o, Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunub. /Musavat.com/

Mənbə: moderator.az