Azərbaycanda vəkil nazirə onun oğlundan şikayət etdi

Azərbaycanda vəkil nazirə onun oğlundan şikayət etdi<span class="qirmizi"></span>

Tanınmış vəkil Bəhruz Bayramov ədliyyə naziri Fikrət Məmmədova onun oğlundan şikayət edib.
Pravda.az-ın xəbərinə görə, vəkil feysbuk hesabında yazdığı şikayətdə deyilir:
“Cənab Fikrət Məmmədov! Sizlərə ilk dəfə 11 may 2022-ci il tarixində Səbail İcra və Probasiya şöbəsinin icra məmurunun qanunsuz hərəkətləri barədə müraciət etmişdim. İcra sənədi üzrə borclunun adından tələbkarın hesabına köçürülən pulların bank qəbzləri ərizə ilə birlikdə bank təyinatı göstərməklə icra məmurunun rəsmi poçt vasitəsilə təqdim olunur. İcrə məmuru 2018-ci ildə bunu qəbul edir və heç bir rəsmi cavab vermir. “İcra Haqqında” qanuna görə icra məmuru əgər bu sənədləri qəbul edibsə, bu rəsmi qayda da qəbul edilmiş sənəd sayılır. 2022-ci ilin aprel ayında icra məmuru birdən qərar qəbul edir ki, həmin pullar qeydə alınmır və şəxsin əmlakına yönəldir. Belə qanunsuz, əsassız, qərarın qəbul olunmağına səbəb qarşı tərəfi təmsil edən “Bakı Hüquq Mərkəzi"dir. Bu həmin mərkəzin təsiscisi cənab Fikrət Məmmədovun oğlu Fariz Məmmədovdur”.


Bəhruz Bayramov qeyd edib ki, ata ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, oğlu isə hansısa hüquq mərkəzinin təsiscisidir: “Dünya ölkələrinin məhkəmə sistemində belə inkişaf görülməyib. Təbii ki, oğlunun məhkəməyə təsiri nəticəsində belə qərarlar çıxarırlar.


11 may 2022-ci il tarixində cənab Fikrət Məmmədova icracının qanunsuz hərəkətləri barədə müraciət etsəm də, 3 aydır hələ bir cavab verilmir. Təbii ki, verilməyəcəkdir.
Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərar ilə bağlı “Kanal13” internet kanalında çıxış etmişəm. 20-dən çox mətbuat orqanlarının vasitəsilə bu qanunsuzluqlar barədə Fikrət Məmmədova müraciət edirəm və susur!! Cənab Fikrət Məmmədov bu müraciətlərdən sonra Şuşa şəhərində “Məhkəmə hüquq islahatı” adlı tədbir keçirir. Bu qanunsuzluqları məhkəmə hüquq islahatı imiş. Hər il Avropa İttifaqı, Avropa Şurası tərəfindən Azərbaycanda məhkəmə hüquq islahatları üçün on milyonlarla pul ayrılır. Mən bu yaxın günlərdə beynəlxalq diplomatik korpusun nümayəndələri ilə görüşlərdə bu suallara cavab tapmağa çalışacam.”


“Cənab Fikrət Məmmədov, qədim Romada qulların bəzi hüquqları vardır və bu barədə qanunlar qəbul edilmişdir. Sizin rəhbərlik etdiyiniz qurumda isə nəyin ki, vətəndaşların hüquqları var, heç vəkillərin belə bir hüququ yoxdur”, - Bəhruz Bayramov vurğulayıb.

 

Kamal Məmmədov

Mənbə: pravda.az