Azərbaycan Ermənistanı İrana güzəştə gedə bilməz

Azərbaycan Ermənistanı İrana güzəştə gedə bilməz<span class="qirmizi"></span>

Son zamanlar baş verən hadisələr bütün Cənubi Qafqazın siyasi meydanında xüsusi bir hərəkətlənmə olduğunu isbat edir. Azərbaycan Prezidenti İlham Əliyevin formalaşdırdığı tezislər bunu deməyə əsas yaradır. Cənubi Qafqaz siyasətinin isə hazırda əsas onurğası Azərbaycan Respublikasıdır. İlham Əliyevin yeni siyasi gedişlərinə və yaratdığı yeni tezislərə aşağıdakıları nümunə çəkmək olar :

Qarabağ üzərindən xarici siyasət xətti
Daxili suverenliyin sarsılmaz bərpası
Xarici siyasətdə yeni kurs
Bölgədə iqtisadi əməkdaşlıq forması
Dəhlizlər diplomatiyasıni işə salınması.

Amma bir qızıl qayda var: qalib gəlmisənsə, bunu hərbi yolla etmisənsə, alternativ nə beynəlxalq hüquq deyil, nə də sülh reallıqları deyil. Çünki sülh çağırışları açıqlamalar qədər xüsusi missiyaya malikdir. Mütləq hərbi gücün iqtisadi – siyasi diqtəyə və ya əksinə əsaslanması ən mühüm məsələdir. Ələlxüsus, hər cür məğlubiyyətə baxmayaraq, mübarizə apardığımız cəmiyyət bütün hallarda revanşist əhvaldan imtina etmirsə. Proseslərin bura qədərki mərhələsi artıq hər bir kəsimə aydındır.
Məsələ ondan ibarətdir ki, Əliyevin yeni diplomatiyası dəyişən regional və qlobal reallıqlara əsaslanır. Bölgə isə bu ideyaların arxasınca gəlməyə çalışır. Əlbəttə, daşlaşmış, süni formalaşmış işğal əsaslı yanaşmalar son 30 il üçün xüsusi qaydalar yaratsa da, 10 noyabr qalibiyyəti bu gedişatı kökündən dəyişdi.

İndi masada Ermənistan məsələsi var: İştirakçı kimi deyil, özlərinin yanaşması kimi.

Birinci detal, Ermənistan müharibəyə qədər formalaşdırdığı idarəetmə, yaşam psixologiyası işğal əsasında yaranan standartlara söykənib. İkinci detal, Azərbaycan torpaqlarının işğal edilməsi və 30 illik dövr Cənubi Qafqazda özünəməxsus davranış intensivliyi formalaşdırıb.

Müharibədən sonra erməni cəmiyyətinin daşları yerindən oynadı, cəmiyyəti təşkil edən strukturun detalları dağıldı və erməni sosiumunun davamlılığı pozuldu – bir başqa sözlə, “ictimai müqavilə”nin tərəfləri arasında kəskin parçalanma meydana gəldi. Digər detallara görə isə məsələn, 30 ildə bölgənin işğal altında olmasından fayda görən beynəlxalq narkotik ticarəti, silah qaçaqmalçılığı, qeyri – qanuni məskunlaşma, vəhşicəsinə istismar baş aldı getdi və konkret bölgə ölkəsi – İran bu prosesdə əsas pay sahibi oldu. İndi ortaya çıxan peyzaja görə, artıq masaya Ermənistan məsələsi çıxarılıb ki, bunun səbəbi də biz deyil, məhz özləridir. Lakin burada incə bir məqam var: Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq. Artıq Azərbaycan xalqında torpaqlarına qayıdış instinkti formalaşmağa başlayıb – bütün tarixi torpaqlarımıza qayıdış tarixi missiyaya çevrilir. Bu qayıdış isə öz nəzdində təkcə Qarabağı əhatə etmir. İran konfiqurasiya dəyişikliyini hər gün həzm edə bilmədiyini bəyan edir. Ortada qəribə bir gedişat var: Ermənistan masada əriyir. Açıq formada İran bunu qəbul etməyəcəyini, konkret Ermənistanın sahibi olduğunu bəyan edir. Azərbaycan isə tarixi torpaqlarına qayıdışı səsləndirir. Yəni məntiqlə Azərbaycan – Ermənistanı İrana güzəştə gedə bilməz, artıq mübarizə o mübarizədir.

Əziz Əlibəyli

Mənbə: olke.az