Ukraynadakı müharibə: Rusiya bəşəriyyəti təhdid edən ikinci cəbhəni açdı

Rusiya Ukraynada işğal qövsünü genişləndirdikcə müharibənin daha amansız və faciəli sifəti üzə çıxır.

Münaqişənin uzanması ilə Moskvanın müharibə taktikaları bəşəri təhdid yarada biləcək ssenarilərlə cərəyan edir.

Rusiya bu dəfə hədə-qorxu gəlmək və özünə əks dayanan cəbhəni ayağına gətirmək üçün Zaporojye atom elektrik stansiyasını hədəfə alır. Hədəfə alır deyəndə ki, oranı əlindən buraxmaq istəmir və bərk-bərk yapışaraq, “bəşəriyyətin taleyi mənim əlimdədir” mesajını ötürür.

Bu, Rusiyanın Ukrayna limanlarında yaratdığı süni taxıl böhranından sonra humanitar sahə ilə ikinci bir cəbhə açmaq mərhələsinin elanıdır.

İki cəbhə - biri aclıq, qıtlıq təhdidi, digəri isə canlı aləmin kütləvi ölümü təhdididir. Rusiya bu iki cəbhəni müharibənin gedişatında bir-birilə əlaqələndirərək böyük dividendlər əldə etməyə can atacaq.

Rusiyanın Ukraynanın cənubundakı budəfəki missiyası qlobal nəzarətdən kənara çıxmağın hədlərini belə aşır və bəşəriyyətin son dərəcə təhlükəli bir mənzərəyə hamilə qalacağı ehtimallarını yüksəldir.

Avropanın ən böyük nüvə stansiyası partlayarsa, radiasiya dumanı altında gələcək əzablar elə Rusiyanın özünü də qorxudur. Çünki həmin stansiyadan sızmanın baş verməsi elə Rusiya ərazilərini də təhlükə altında qoyar.

Bir sözlə, Rusiya-Ukrayna müharibəsi yenidən nüvə fəlakətinin real riski üzərində fokuslanmağı aktuallaşdırır.

Zaporojye AES istiqamətinə atılan bombalara görə Rusiya və Ukrayna bir-birini ittiham edirlər, hərçənd ki, hər iki tərəfin stansiyanı ələ keçirərək təsir mexanizmi yaratmaq istəyi böyük strateji məna kəsb edir.

Rusiya stansiyanı tutmağa nail olub və bu, danışıqlarda Kremlin baxışlarını kəskinləşdirməyə şərait yaradır.

Hələlik radiasiya sızması həddinə gələ biləcək bir hadisə olmayıb, bəzi mütəxəssislər hesab edirlər ki, zavoddakı reaktorlar güclü zərbəyə tab gətirmək qabiliyyətindədir. Amma həmin reaktorların hərbi dərəcəli silahlara qarşı immuniteti şübhəlidir.

Çünki stansiyanın ərazisi intensiv atəşə məruz qalır və bu zaman müdafiə sütunları laxlayır, hər laxlama isə fəlakətli nüvə qəzası riskini yüksəldir.

AES indiki şərait üçün münaqişənin ayrıca istiqamətini təşkil edir, buna görə Rusiya da, Ukrayna da AES-i əldə saxlamaq üçün döyüşləri davam etdirəcəklər.

Rusiya danışıqlarda və ya təzyiq dalğasında payını artırmaq üçün nüvə stansiyanı əlindən buraxmaq istəməyəcək. AES uğrundakı savaş Qərbin “yumşaq qarnı”nın tərpədilməsidir.

Nüvə radiasiyasını qoruyan vasitələr yırtılacaqsa, Qərbin müharibədəki iştirakına qarşı Qərb cəmiyyətində etiraz səsləri ucalacaq.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qlobal ərzaq çatışmazlığı problemi nə dərəcədə dərinləşə bilər?

SONRAKI XƏBƏR

Bakıda 918 yerlik amfiteatr istifadəyə verilib