“Dəmir yumruq” İrəvanı reallığa qaytardı: Paşinyan sülhü seçdi, gözlənilməz mesajlar verir

“Dəmir yumruq” İrəvanı reallığa qaytardı: <span class="qirmizi">Paşinyan sülhü seçdi, gözlənilməz mesajlar verir</span>

Erməni deputat Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatından sonra Ermənistanın düşdüyü vəziyyətə görə ilk növbədə Rusiyanı və Kremlə bağlı olan siyasi düşərgəni günahlandırır… Onun fikrincə, Ermənistan 30 il əvvəl ciddi səhvə yol verib və dağılmaqda olan Rusiya imperiyasının sifarişi ilə onu təkrarlasa, daha ağır fəlakətlərə düçar ola bilər…

Ermənistan cəmiyyəti hazırda sarsıntılı hərbi-siyasi mərhələdən keçir. Böyük ehtimalla Ermənistan üçün bu mərhələ hələ uzun müddət davam edəcək. Hətta ermənilərin bu mərhələdən heç çıxa bilməyəcəkləri ilə bağlı ehtimallar da tamamilə inandırıcı görünür.

Məsələ ondadır ki, erməni toplumunun bütün ənənəvi “mifik hədəfləri” bir-birinin ardınca boşa çıxmaqda davam edir. Ermənilər isə Cənubi Qafqaza gəldikləri 1828-ci ildən üzübəri yalnız qondarma iddialarla mövcud olmağa çalışıblar. Heç bir tarixi əsası olmayan uydurma əfsanələrlə başqalarının sahib olduqlarını ələ keçirtməyə cəhd göstəriblər. Özləri heç bir şey yarada bilmədiklərindən uydurma iddialar olmadan erməni toplumunun ayaqda qala bilməsi o qədər də asan məsələyə oxşamır.

Ermənistana və erməni toplumuna ən sarsıdıcı zərbə biabairçı məğlubiyyətə uğradıqları 44 günlük savaşın mövcud nəticələri ilə vuruldu. Azərbaycan ərazilərinin 20 faizini son 30 il ərzində işğal altında saxlayan Ermənistan artıq “hədəf”inə çatdığına əmin olub, arxayınlaşmağa başladığı bir vaxtda hər şey tərsinə çevrildi. Güclü Azərbaycan ordusu hərəkətə gəldi və işğal altındakı əraziləri azad etdi. Və bununla da Ermənistanın əsl “qara günləri” başlandı.

Düzdür, rəsmi İrəvan 44 günlük savaşdan sonra Azərbaycan ilə yekun sülh sazişinin imzalanması prosesini hələ də müxtəlif bəhanələrlə uzatmağa çalışır. Böyük ehtimalla vaxt uzanarsa, vəziyyətin Ermənistana daha sərfəli məzmun və istiqamətlər ala biləcəyinə ümid bəsləyir. Halbuki, Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatı rəsmi İrəvanın bu ümidlərinin üzərindən də çarpaz xətlər çəkdi.

Məlum oldu ki, rəsmi Bakı verdiyi qərarları icra edərkən, heç kimin mövqeyinə və etirazlarına əhəmiyyət vermir. Xüsusilə də, Ermənistanın beynəlxalq himayədarlarının Azərbaycanın atacağı hərbi-siyasi addımları əngəlləmək imkanları yoxdur. Və indi rəsmi İrəvan Azərbaycanın tələblərinə riayət etmək məcburiyyətində qalıb.

Təbii ki, Ermənistanın ümidlərinin əksinə olaraq, Azərbaycanın qarşısında himayəsiz qalıb, təklənməsi erməni toplumunda natamamlıq kompleksini ön plana keçirib. İndi Ermənistan cəmiyyətində dərin xof yaşanır. Hətta İrəvanın mərkəzində belə, “gözlərinə Azərbaycan vətəndaşları görünür”. Ermənistanda baş verən istənilən hadisəni “İrəvanda sayı artan Azərbaycanlılar” ilə əlaqələndirməyə çalışırlar. Halbuki, erməni toplumu Ermənistanda bir nəfər belə, Azərbaycanlının yaşamadığını hamıdan yaxşı bilir.

Belə anlaşılır ki, Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatı Ermənistan cəmiyyətində dərin izlər buraxıb. İndi erməni toplumu analoji antiterror əməliyyatların təkrarlana və hətta Ermənistan ərazisinə belə, keçirilə biləcəyindən ciddi şəkildə narahatdır. Və son vaxtlara qədər üçtərəfli anlaşmaların icrasından yayınmağa çalışan Paşinyan hakimiyyəti də artıq rəsmi Bakının haqlı tələblərini yerinə yetirməyə başlayıb.

Son məlumatlara görə, rəsmi Bakının Laçın dəhlizi üzərində yerləşən yaşayış məntəqələrinin boşaldılması prosesinə artıq başlanılıb. Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilər tezliklə Laçın dəhlizinə alternativ yoldan istifadə edəcəklər. Və bu proses artıq geriyədönməz xarakter daşıyır.

Digər tərəfdən, Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrin Ermənistana daşınması prosesinin başlanması barədə məlumatlar mövcuddur. Həmin məlumatlara görə, rəsmi Bakının qəti tələbinə əsasən bu proses də sentyabr ayına qədər sona çatmalıdır. Bunun ardıncasa, rus sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərində silahlı separatçı-terrorçu ermənilərin tərksilah olunmasına başlanılacaq. Və bütün bunlar heç şübhəsiz ki, Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatının doğurduğu real nəticələrdir.

Maraqlıdır ki, Ermənistan cəmiyyətində “Qisas” antiterror əməliyyatının əsas hədəflərinin məhz üçtərəfli anlaşmaların icrası olduğunu tam dəqiqliyi ilə bilirlər. Əslində, heç rəsmi Bakı da bunu qətiyyən gizlətmir. Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaları icra etmədiyinə görə belə bir addıma ehtiyac yarandığını vurğulayır. Və rəsmi İrəvan həmin sənədləri yerinə yetirməkdən yayınmağa çalışacağı təqdirdə, antiterror əməliyyatlarının təkrarlana biləcəyi barədə xəbərdarlıq edir.   

“Qisas” antiterror əməliyyatından bir neçə gün sonra erməni general Movses Akopyan da bildirmişdi ki, rəsmi Bakı bu addımlarla Paşinyan hakimiyyətini üçtərəfli anlaşmaların icrasına məcbur etməyə çalışır. Çünki, danışıqlar prosesinin ləng gedişi və hələlik nəticəsiz qalması Azərbaycanı daha radikal davranmağa sövq edir. Və yaxın gələcəkdə belə addımların təkrarlanmayacağına da qətiyyən təminat yoxdur.

“Qisas” antiterror əməliyyatından sonra Ermənistanda hakimiyyətdə olan partiyanın təmsilçisi, deputat Arsen Torosyan da buna bənzər fikirlər səsləndirib. Ancaq erməni deputat baş verənlərə görə ilk növbədə Rusiyanı və Ermənistanda Kremlə bağlı olan siyasi düşərgəni günahlandırır. Onun fikrincə, Ermənistan 30 il əvvəl ciddi səhvə yol verib, dağılmaqda olan Rusiya imperiyası naminə bunu təkrarlamamalıdır: “Sülh insan həyatı qədər çox qiymətlidir. Bunun əksini söyləmək savaşı təbliğ etmək anlamına gəlir”.  

Erməni deputat Ermənistan cəmiyyətinə buraxılan bütün səhvləri etiraf etməyə çağırıb. Onun fikrincə, erməni toplumu daha sonu birmənalı şəkildə məğlubiyyətlə yekunlaşacağı şübhə doğurmayan savaşı seçməməlidir. Ermənistan baş naziri Nikol Paşinyanın tezisləri əsasında danışdığı qətiyyən şübhə doğurmayan erməni deputat əmindir ki, indi məhz sülh zamanıdır: “Biz obyektiv reallıqları inkar edərək və ya onu özümüzə uyğun şəkildə yozaraq, ənənəvi səhvlərimizi təkrarlamağa artıq haqqımız yoxdur. Məhz əldə edəcəyimiz sülh bizə yanlışları etiraf edərək, onlardan nəticə çıxartmağa və nəhayət ki, inkişaf yolu tutmağa yardımçı ola bilər”.

Göründüyü kimi, Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatı Ermənistan cəmiyyətini tədricən reallığa qaytarmağa başlayıb. Artıq Rusiyanın dəstəyi ilə qonşuların ərazilərini ələ keçirtmək dövrünün sona çatdığını anlayırlar. Üstəlik, başa düşürlər ki, Kremlə ümid bəsləyib, ənənəvi səhvlərini təkrarlayarlarsa, tezliklə ümumiyyətlə, Ermənistan adlı dövləti də həmişəlik itirə bilərlər.

Mənbə: www.musavat.com