"Şuşanın gözəl memarlığı erməni işğalı zamanı dağıdılıb"

"Şuşanın gözəl memarlığı erməni işğalı zamanı dağıdılıb"<span class="qirmizi"></span>

XVIII əsrin ortalarından başlayaraq Şuşada azərbaycanlılar tərəfindən tikilmiş gözəl memarlıq nümunələrinin əksəriyyəti bu torpaqların işğalı zamanı dağıdılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu UNESCO üzrə Malta Milli Komissiyasının sədri, dünya irsi sahəsində tanınmış ekspert Rey Bondin "Times of Malta"da dərc olunan məqaləsində yazıb.

O əlavə edib ki, işğal nəticəsində şəhərdəki tikililərin əksəriyyəti dağıdılıb, lakin Azərbaycan öz şəhərini yenidən qurmaqda qərarlıdır.

"Şəhər Azərbaycanın ən yaxşı musiqiçiləri, aktyorları, şairləri və rəssamları ilə məşhurdur. Bakıdan uzaqda olmasına və çətin dağlıq ərazisinə baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı kimi də tanınıb. Şuşa dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir", - məqalədə deyilir.

Müəllif vurğulayır ki, Şuşa 2020-ci ildə işğaldan azad edildikdən sonra məlum olub ki, bir vaxtlar 20 mindən çox əhalisi olan böyük şəhərdə tam qorunub saxlanılan bir dənə də olsun bina olmayıb.

O qeyd edib ki, işğaldan azad olunandan ötən iki il ərzində burada yeni yollar, bir neçə mehmanxana və digər obyektlər tikilib, qalan görməli yerlərin bərpası istiqamətində işlər davam etdirilir. Qala divarları və mərkəzi meydandakı əsas inzibati bina bərpa olunub.

R.Bondin onu da vurğulayıb ki, məscidləri dağıdan ermənilərdən fərqli olaraq, Azərbaycan həm məscidlərin, həm də kilsələrin bərpası üçün iş görür.

Məqalədə deyilir ki, dağıdılmış irsin və yaşayış binalarının bərpası kifayət qədər vaxt aparacaq, lakin Azərbaycan şəhəri dirçəltməkdə qərarlıdır.

Mənbə: news.milli.az