Ermənilər Ukraynada Rusiyanın xeyrinə döyüşmək üçün dəstələr yaradacaq?

Ermənilər Ukraynada Rusiyanın xeyrinə döyüşmək üçün dəstələr yaradacaq?<span class="qirmizi"></span>

“Perm vilayətinin Orta Asiya Özbəkləri Cəmiyyəti”nin rəhbəri Calolov Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Əmir Teymur adına batalyon yaradılmasını təklif edib. “Uşaqlarımız uşaq bağçalarına gedir, məktəblərdə, universitetlərdə oxuyurlar. Biz Rusiyada yaşayırıq və işləyirik. Yediyimiz çörəyə haqq qazandırmağa borcluyuq. Mən könüllülərdən ibarət batalyon yaratmağı və ona böyük Əmir Teymurun adının verilməsini təklif edirəm”, - deyə Cəlolov bildirib. O, Rusiyada olan özbəkləri onu dəstəkləməyə və batalyona qoşulmağa çağırıb.

“Kommersant” nəşri daha əvvəl yazıb ki, Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyanın regionlarında artıq 40-dan çox könüllü dəstə yaradılıb. Nəşrin yazdığına görə, bir neçə aydır ki, döyüşə getmək üçün könüllülərin cəlb edilməsi davam edir, yerli hakimiyyət orqanları və veteran təşkilatları dəstələrə qoşulmağa çağırır.

Formal olaraq, könüllülər Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə bir neçə ay müddətinə müqavilə bağlayır və müqaviləli əsgərin rəsmi statusunu alırlar. Sosial şəbəkələrdə elanlar verilir, yerli televiziyalarda cəsur “könüllülər” haqqında süjetlər göstərilir. Könüllülərin işə qəbulu ilə bağlı qaynar xətt nömrələri artıq bazar günləri Dmitri Kiselev şousunda göstərilir.

Mütəxəssislər uzun müddət davam edən müharibə şəraitində Rusiyada yaşayan ermənilərin Rusiyanın xeyrinə dəstələr yaratmağa məcbur olacağını istisna etmirlər. Erməni sosioloq Karen Sarkisyan hesab edir ki, Rusiyada yaşayan ermənilər üçün əsas təhlükə onların orada yaşamağa davam etməsidir.

“Onların ən böyük səhvi odur ki, martın 1-dən Ermənistana qayıtmağa başlamadılar. Bu müddət ərzində Ermənistana gəlməyənlər məcburən döyüşə getsələr, təəccüblənmərəm, amma bu məni heç narahat etmir. Əgər o qədər axmaqdırlarsa, gedib Ukraynada soyqırım törədəcəklər, biz nə edək?”, - deyə o bildirib.

Sarkisyanın fikrincə, Ermənistan dövləti indi ciddi problemlə üz-üzədir.

“Ukraynada vəziyyət çox ciddi şəkildə dəyişəcək, sentyabrın son həftəsindən sanksiyaların əsas hissəsi, dekabrın 30-dan neft sanksiyaları qüvvəyə minməyə başlayacaq. Yəni ilin sonuna qədər çox ciddi xarici siyasət qərarları verməliyik. İnsanlarda belə bir təəssürat yaranır ki, hakimiyyətin reytinqi yüksəkdir və heç nə edə bilməz. Amma yox, reytinq o qədər də yüksək deyil. Vəziyyət bizdən asılı olmayaraq inkişaf edir. Ermənistanın xarici siyasi vəziyyəti dəyişilə bilər. Xalqın və hökumətin əksəriyyəti başa düşmür ki, bu gün Ukraynadan çox şey asılıdır. Mher Qriqoryanın vəzifəsindən uzaqlaşdırılmaması ciddi məsələdir. Baş nazirin birinci müavini Rusiya agentidir. Onun hakimiyyətdə olması avtomatik olaraq Qərbin bizə etibar etməməsi deməkdir. İqtisadiyyat naziri heç nə edə bilmir, onunla heç kim danışmaq istəmir. Həmin şəxslə hər hansı razılığa gəlmək mümkün deyil. Baş Qərargah rəisi dəhşətli qorxaqdır. Belə problemlər var”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az