Türkiyə ABŞ-ın “F-16”-larını “S-400” ilə “vurdu”: Ərdoğan-Putin anlaşması Ağ Evə ağır zərbədir

ABŞ prezidenti Co Bayden heç bir vədini yerinə yetirmədi, nəticədə Türkiyə lideri Ərdoğan Kreml sahibi Putinlə Rusiyadan yeni "S-400" raket sistemlərinin alınması ilə bağlı anlaşmaq məcburiyyətində qaldı... Ağ Ev bir tərəfdən, Rusiyanı terroru maliyyələşdirməkdə suçlayır, digər tərəfdənsə, məhz İsveç və Finlandiya kimi terrorizmi həm maliyyələşdirən, həm də dəstəkləyən dövlətləri NATO-nun "təhlükəsizlik çətiri" altında gizlətməyə çalışır...

Türkiyə müstəqil xarici siyasət yürütmək niyyətində olduqca israrlı davranır. Rəsmi Ankara Türkiyənin milli maraqları çərçivəsində qərar verərkən, ABŞ və Qərbin mümkün reaksiyasını qətiyyən nəzərə almır. Əksinə, qətiyyətli addımlar atmaqla, beynəlxalq rəqiblərini real siruasiya qarşısında açıq-aşkar aciz durumda buraxır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində də Türkiyə eyni müstəqil mövqedən çıxış etdi. ABŞ və Qərbin bütün dolayısı siyasi-diplomatik təzyiqlərinə baxmayaraq, rəsmi Ankara beynəlxalq terrorizmi dəstəkləyən bu iki dövlətin NATO-nun "açıq qapılar"ından asanlıqla, içəri keçməsinə imkan vermədi. Nəticədə ABŞ və Qərb Türkiyənin haqlı şərtləri ilə barışmalı oldu.

Ancaq NATO-nun Madrid sammitindən öncə İsveç və Finlandiyanın Türkiyə ilə imzaladığı üçtərəfli anlaşmaya hələ riayət olunmayıb. Ona görə də rəsmi Ankara bu ölkələrə münasibətini qətiyyən dəyişməyib. Görünən odur ki, bu iki dövlətin NATO-ya üzvlüyü indi məhz rəsmi Ankaranın siyasi iradəsinə bağlıdır və yaxın gələcəkdə reallığa çevrilməyəcək.

Digər tərəfdən, ABŞ prezidenti Co Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş son görüşdə əldə olunan anlaşmalar da hələlik reallaşmayıb. Ağ Ev sahibi prezident R.T.Ərdoğana ABŞ-ın Türkiyəyə "F-16" döyüş təyyarələri satacağını vəd etmişdi. Ancaq ABŞ Konqresi yenə də Türkiyənin Rusiyadan "S-400" raket sistemləri aldığını bəhanə gətirərək, Ağ Ev sahibinin vədini boşa çıxartdı.

Ancaq ABŞ siyasi dairələrinin Türkiyəyə qarşı belə ikibaşlı oyunları əslində, Ağ Evin maraqlarına da ciddi zərbələr vurur. Çünki, belə davam etdikcə, rəsmi Ankara Türkiyənin milli təhlükəsizlik maraqlarını Rusiya ilə hərbi ticarəti genişləndirməklə, həll etməyə üstünlük verir. Hər halda, rəsmi Ankra Türkiyənin NATO üzrə hərbi müttəfiqi ABŞ-dan fərqli olaraq, məhz Rusiya ilə daha asan anlaşa bilir. Və prezident R.T.Ərdoğanın Kreml sahibi Vladimir Putinlə Soçi görüşündə əldə olunmuş anlaşmaların nəticələri tədricən ortaya çıxmağa başlayıb.

Məsələ ondadır ki, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayevin yaydığı son məlumat ABŞ və Qərbi yenidən ciddi şəkildə məyus edə biləcək məzmun daşıyır. O, bildirib ki, Rusiyadan Türkiyəyə "S-400" zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı yeni müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində "S-400" sistemlərinin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası da nəzərdə tutulur.

Maraqlıdır ki, Dmitri Şuqayev bu müqavilənin nə zaman imzalandığının üzərindən sükutla keçib. Yəni, sadəcə, hazırda bu anlaşmanın icrasının həyata keçirilməsinə başlanıldığını vurğulamaqla, kifayətlənib. Eyni zamanda, ABŞ-ın Türkiyəyə "F-16" döyüş təyyarələri satmaqdan imtina etməsindən sonra, eləcə də, prezident R.T.Ərdoğanın Rusiyaya səfərindən öncə iki ölkə arasında belə bir sənədin imzalana biləcəyi ilə bağlı məlumat sızmışdı. Və bu, o deməkdir ki, anlaşma məhz iki ölkə prezidentinin Soçi görüşü çərçivəsində hüquqi qüvvə qazanıb.

Belə anlaşılır ki, Ağ Evin Türkiyəyə qarşı yolverilməz davranışları tarixin növbəti dəfə təkrarlanmasına səbəb olub. Belə ki, vaxtilə ABŞ Türkiyəyə "Patriot" raket sistemlərinin satışından imtina etmişdi. Ona görə də, rəsmi Ankara Türkiyənin milli təhlükəsizlik maraqlarını qorumaq üçün 2017-ci ildə Rusiya ilə müqavilə imzalayaraq, "Patriot"un analoqu sayılan "S-400" raket sistemlərini almışdı.

İndi də ABŞ Konqresi böyük ehtimalla Ağ Ev administarsiyasının qeyri-rəsmi təlimatı ilə Türkiyəyə "F-16" döyüş təyyarələrinin satışını qadağan edib. Əsas şərt kimisə, Türkiyənin Rusiyadan alınmış "S-400"-ləri istifadədən çıxararq, Ukrayna ordusuna verməsini irəli sürüb. Halbuki, ABŞ siyasi dairələri bunun mümkün olmayacağını əvvəlcədən bilməmiş deyil.

Məsələ ondadır ki, Türkiyə "S-400" raket sistemlərindən imtina edə bilər. Ancaq bu raket sistemlərini Ukrayna ordusuna vermək hüququna isə qətiyyən sahib deyil. Çünki, Rusiya ilə anlaşmaya görə, bu silah üçüncü ölkəyə satıla və ya verilə bilməz. Üstəlik, hazırda Rusiya Ukrayna ilə müharibə şəraitində olduğundan belə bir addımın atılması barədə düşünmək Kremllə münaqişəyə səbəb vermək deməkdir.

Ona görə də, Türkiyə ABŞ-ın "F-16" döyüş təyyarələri naminə "S-400"-ləri Ukraynaya verib, Krem ilə qarşıdurmaya getmək əvəzinə, Rusiyadan bu silahın yenidən alınmasını üstün tutub. Nəticədə Ağ Evin Türkiyəyə təzyiq siyasəti hazırda ABŞ-ın beynəlxalq maraqlarına sarsıdıcı zərbələr vurmaqdadır. Və bu baxımdan, ABŞ-ın Türkiyəyə yönəlik siyasətinə ciddi şəkildə yenidən baxması lazımdır.

Ağ Ev istənilən halda, Türkiyənin milli təhlükəsizlik maraqlarına daha həssas yanaşmalı olacaq. Çünki, rəsmi Ankara Ağ Evin ikibaşlı siyasi kursundan narazıdır və onunla heç bir halda barışmaq niyyətində deyil. Hər halda, ABŞ və Türkiyə arasında kifayət qədər ziddiyyət doğuran problemlər mövcuddur.

Məsələ ondadır ki, rəsmi Ankaranın bütün etirazlarına baxmayaraq, Ağ Ev Türkiyəyə qarşı terrorçuluq fəaliyyətində olan PKK/PYD-yə həm dəstək verir, həm də təlim keçir. Eyni zamanda, ABŞ Türkiyəyə qarşı terrorçuluq fəaliyyəti göstərən təşkilatlara və şəxslərə dəstək verən İsveç-Finlandiya cütlüyünün NATO-ya qəbul olunması üçün əlindən hər şeyi edir.

Halbuki, hazırda ABŞ Rusiyanın terroru maliyyələşdirən dövlət kimi tanınması üçün yeni hüquqi sənədlərin hazırlanmasına da başlayıb. Bu isə Ağ Evin davranışları ilə kəskin ziddiyyət təşkil edir. Çünki, Ağ Ev Rusiyanı terroru maliyyələşdirməkdə suçladığı halda, məhz İsveç və Finlandiya kimi terrorizmi həm maliyyələşdirən, həm də dəstəkləyən dövlətləri NATO-nun "təhlükəsizlik çətiri" altına almağa çalışır.

Yəni, belə anlaşılır ki, Ağ Ev NATO-nu terrorizmi maliyyələşdirən dövlətlərin alyansına çevirmək, buna paralel olaraq da, terrorizm üçün "beynəlxalq təhlükəsizlik mühiti" yaratmaq niyyətindədir. ABŞ-ın belə davranışları ilk növbədə dünyada sabitliyin mövcudluğuna qarşı ciddi təhdiddir. Və bu baxımdan, rəsmi Ankaranın Ağ Evin atdığı addımlara sərt reaksiya verərək, müqavimət göstərməsi tamamilə başadüşüləndir.

Təbii ki, rəsmi Ankaranın Rusiyadan yeni "S-400" raket sistemləri alması da, Türkiyənin ABŞ-la rəqabətə hazır olduğunu birizə verir. Türkiyə ABŞ-la qarşıdurmadan və ziddiyyətlərdən çəkinmədiyini qətiyyən gizlətmir. Əksinə, ABŞ-ın ədalətsiz beynəlxalq hegemoniyasına qarşı müqavimət göstərəcəyini sezdirir. Və bu, indiki halda, ABŞ-ın mövqelərinə ən sarsıdıcı zərbə də sayıla bilər.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Sungur” portativ HHM sistemi Türkiyə ordusunun silahlanmasına daxil olub

SONRAKI XƏBƏR

Bu səhnəyə görə kanaldan ŞİKAYƏT EDİLDİ