Rəsmi Moskva Ermənistanı Brüsseldən ayırmağa çalışır - Ümidi üzülən Paşinyanın SON YOLU

Rəsmi Moskva Ermənistanı Brüsseldən ayırmağa çalışır - Ümidi üzülən Paşinyanın SON YOLU <span class="qirmizi"></span>

Qarabağ müharibəsi başladığı gündən həm Qərb, həm də Rusiya bu məsələni öz maraqları çərçivəsində həll etməyə çalışır. Hələ Qarabağın işğalı zamanı bunu pisləyən BMT-nin qətnamələri yerinə yetirilməyib. Bir masa arxasında oturaraq Qarabağ məsələsini həll etmək üçün gah Bakıya, gah da İrəvana səfərlər edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini də unutmaq olmaz. Azərbaycan-Ermənistan arası yolu “su yoluna” çevirən, bahalı otellərə və restoranlarda yemək yeməyə diqqət edən həmsədr ölkələr iki ölkə arasında problemin həllinə fikirlərini yönəltmək istəmirdi.

Lakin nə BMT-nin icrasız qalan qətnamələrini, nə də ATƏT-in Minsk qrupu üzvlərinin bahalı vərdişlərinə Azərbaycan çox da dözmədi. Otuz il deyilənlərə qulaq asan Azərbaycan öz reallığını yaratmaq üçün 2020-ci il 27 sentyabrında hərəkətə keçdi. 44 gün ərzində otuz il boyunca səslənən müxtəlif və içi boş fikirləri darmadağın edən Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yeni reallığı dünyaya tanıtdı.

Müharibədən sonra Azərbaycan yenidən masa arxasında yerdə qalan problemlərin həlli üçün oturdu. Yenidən o masa ətrafında bizim yaratdığımız reallığı qəbul etməyərək, məsələni öz məqsədləri çərçivəsində həllinə çalışmağa başladılar.

Son günlər kütləvi informasiya vasitələrində yenidən Ermənistan-Azərbaycan liderlərinin yeni görüşlərinin keçirilməsi barədə məlumat yayılıb. Məlumata əsasən görüşlər Brüselldə və Moskvada keçiriləcək.

Bəs Azərbaycan üçün hansı görüş daha sərfəlidir? Avropa İttifaqının yoxsa Moskvanın təşkil etdiyi görüş?

Məsələ ilə bağlı Ednews-a danışan deputat Fazil Mustafanın sözlərinə görə, hər iki tərəfin təşkil etdiyi görüş bizim üçün önəmlidir:

“İki tərəfin təşkil etdiyi görüşlərdə iştirak etmək önəmlidir. Qarabağ problemində rolu ola biləcək müəyyən dövlətdən söhbət gedir. Birində isə siyasi cəhətdən Azərbaycana müəyyən dəstək ola biləcək birlikdən gedir. Hər ikisi bizim üçün çox önəmlidir. Diplomatiyada seçim məsələsini mütləq dəqiq müəyyənləşdirmək lazımdır. Avropa Birliyi ilə təmaslarımız ən azından əlehimizə qərarların qarşınızı almaq üçün vacibdir. Ən azından onların neytal qalması üçün vacibdir. Rusiya ilə təmaslarımız isə bağlanan müqavilənin şərtləri üçün vacibdir. Biz sona qədər onun şərtlərini əməl etmək üçün mütləq Rusiya ilə təmasımız olmalıdır. Belə bir məsələdə duyğusal davranmaq olmaz. Bəzən siyasətdən uzaq amma hansısa populist şəkildə çağırışlar edən insanların baxışı ilə ölkənin taleyini məcəraya sürükləmək olmaz.

Hansı iş bizim faydamızadır, Qarabağı, Azərbaycan torpaqlarını əldə etmək üçün geri qaytarmaq üçün və bütün ərazilərdə suverenliyimizi bərpa etmək üçün hansı mümkün variantlar var? Variantlar iki yerdədir. Biri Avropa birliyi və ABŞ-da, biri də Rusiyada. Hər ikisinə də biz öz marağımız naminə danışıqları yönəltməliyik. Ən azından bizə qarşı hər hansısa addım atmağını önləyək. Bizim orada sərbəst hərəkət etməyimizə mane ola biləcək bütün elementləri aradan qaldıraq”.

Politoloq Cümşüd Nuriyev isə Rusiyanın təşkil etdiyi görüşlırin məqsədinin Ermənistanə əldə saxlamaq olduğunu deyib:

“Bundan öncə həm Moskvada, həm də Brüselldə Azərbaycan-Ermənistan rəhbərlərinin görüşü keçirilib. Rusiya çalışır ki, Ermənistanı əlində saxlasın. 2022-ci il 22 fevralda bağlanmış 43 maddəlik iki tərəfli bəyannamə ilə Azərbaycan-Rusiya münasibətləri prespektivləri müəyyənləşdirilib. Bərabər hüquqlu və bərabər tərəfli dövlət kimi Azərbaycan və Rusiya öz öhdəliklərini götürüb. Ermənistan isə siyasətdə kompassız gəmi kimidir. Səhər Rusiya ilədir, axşam gedir Avropa ilə qucaqlaşır.

Hər iki tərəf cəhd edir ki,Azərbaycan-Ermənistan məsələlərində öz mövqeyini qoruyub saxlasın. Burda Azərbaycan balanslaşdırılmış şəkildə öz siyasətin aparır. Əlli plus bir anlayış yoxdur. Həm Avropa, həm də Rusiya üçün əllinin-əlliyədir”.

Əbülfət Baxşəli, Ednews.net

Mənbə: ednews.net