"Əmrə görə hərəkəti Şeyvə istiqamətində davam etdirməli idik..." - Polkovnik-leytenantın döyüş xatirələri

 

Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu qələbəni xalqın Ali Baş Komandana inamı, sərkərdəlik məharəti, ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, ordu-xalq münasibətlərinin olduqca həssas səviyyəyə çatması, xalqın əsgərləşməsi təmin etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".

Vətən müharibəsində bizim hərbi hissə də böyük əzmlə iştirak etdi. Ordumuzu döyüş sursatları ilə, yanacaqla və s. fasiləsiz təmin edir, həmçinin mövqelərimizə ağır döyüş texnikalarını da çatdırırdıq. Bütün şəxsi heyət əmrləri vaxtında və məsuliyyətlə yerinə yetirirdi.

Bəzən hər hansısa döyüş texnikamıza döyüşlərdən sonra təmir işlərinə ehtiyac duyulurdu. Bu cür vəziyyətlərdə onları döyüşün içindən çıxarmaq, təmir edib yenidən döyüşlərə çatdırmaq vəzifəsini hərbi hissənin təxliyə qrupları yerinə yetirirdilər. Texniki kəşfiyyat qrupu düşmənin döyüşə yararlı döyüş texnikalarını müəyyənləşdirir, çeşidləmədən sonra yararsızlar arxa cəbhəyə təxliyə edilirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış "Hərbi Qənimətlər Parkı"nın eksponatlarının çoxunu döyüş meydanından bizim hərbi hissənin hərbi qulluqçuları çıxarıb....

Düşmənin vurulmuş, lakin hərəkətə gətirilməsi mümkün olan tankını döyüşün içində idarə edərək çıxarmaq risk tələb edirdi. Çatdırılma hərəkəti, əsasən, gecələr olduğuna görə düşmənin diqqətini çox çəkmirdi. Digər tərəfdən sürücülərimizin yüksək peşəkarlığı da xeyli dərəcədə əhəmiyyətli idi. Tankçılarımız düşmənin neçə-neçə hərbi texnikasını bu cür vəziyyətdə çıxarda bildi.

Hərbi hissəmizlə bağlı bir hadisəni də heç zaman unutmayacağam. Yuxarı komandanlıqdan əmr verildi ki, mövqelərimizin birində düşmənin qalan 5 tankını çıxarmaq lazımdır. Onların döyüşə yararlı olub-olmadığı bəlli deyildi. Amma bütün bunlara baxmayaraq biz verilən tapşırığı təhlükəsiz qaydada icra etməliydik.

Tanklar olan əraziyə daxil olduq. İlk öncə ətraf diqqətlə yoxlanıldı. Düşmən tanklarının yan-yörəsinə sürpriz minalar yerləşdirə bilərdi. Bir müddət sonra məlum oldu ki, düşmən ordumuzun gücü qarşısında tab gətirmədiyi üçün onları atıb qaçıb. İşlək vəziyyətdə olan tanklarla Cəbrayılın Şükürbəyli kəndi istiqamətində hərəkət etdik. Xeyli uzaqlaşmışdıq ki, bizə qarşıda 100-dən çox erməninin olduğu və mövqeləndikləri məlumatı çatdırıldı. Bundan sonra tankları dərəyə çəkib komandanlıqla əlaqə yaratdıq.

Əmrə görə hərəkəti Şeyvə istiqamətində davam etdirməli idik. Hava qaralırdı. Gecə, əraziyə bələd olmama, düşmən əhatəsində əmri icra etmənin həyəcanı da vardı. Buna baxmayaraq götürdüyümüz tankları döyüşən ordumuza vaxtında çatdırma məsuliyyətini də başa düşürdük.

Dərədə körpü vardı. Hansı duyumun təsiriyləsə, körpüdən keçmədik. Bir qədər aralıdan keçid üçün əlverişli yer seçib hərəkətimizi davam etdirdik. Çox vaxt keçmədi ki, körpü partladıldı. Biz əmri sonacan yerinə yetirə bildik. Noyabrın 3-də döyüş gedə-gedə tankları döyüşən ordumuza çatdıra bildik...

Döyüş davam edirdi. Ordumuz düşmənin tankları ilə özünün piyadalarını məhv edir, digər hərbi texnikalarını sıradan çıxardırdı. O istiqamətdə qazanılan mövqe qələbələrinə görə hərbi hissəmizin cəsur hərbi qulluqçularına təşəkkürümü bildirdim.

Vasif Əlirzayev “N” hərbi hissəsi
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda 4-cü doza vaksin vurulacaq? - Açıqlama

SONRAKI XƏBƏR

Məşhur futbolçu Məhəmməd Salah kilsənin bərpasına 150 min avro bağışlayıb