Abbas Qallyamov: “MDB-nin mövcudluğu bitəcək” - MÜSAHİBƏ

 

Ukraynada yarım ilə yaxındır davam edən müharibənin başlamasından sonra postsovet məkanında vəziyyət dəyişib. Bunu Oxu.Az-a müsahibəsində rusiyalı siyasi texnoloq, siyasi elmlər namizədi Abbas Qallyamov deyib:

- Açığı, Ukrayna ətrafında mövcud vəziyyət, Rusiyanın təcavüzü, təbii ki, MDB-nin bizim tanıdığımız formasına son qoyur. İndiyə qədər bu, Rusiya Federasiyasının dominantlıq təşkil etdiyi bir quruluş idi, qalanları isə Rusiyanın aparıcı rolu ilə razılaşaraq İttifaqda qismən iştirak edirdilər. Eyni zamanda, hər bir ölkə özü üçün müəyyən mənfəət əldə etməyə çalışırdı, lakin MDB Rusiyanın postsovet məkanında təsir aləti idi. Artıq bu modelin sonu gəlir.

Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü postsovet məkanının qalan ölkələrini kifayət qədər qorxutdu. Rusiyanın oyun oynamaq üçün çox təhlükəli bir aktor olduğu aydın oldu. İndi hamı münasibətləri daha ehtiyatla, daha diqqətlə quracaq.

- Dediniz ki, Rusiya qorxutdu. Belə çıxır ki, Moskva nəsə baş verəcəyi təqdirdə MDB ölkələrini kömək edə biləcək başqa müttəfiqlər axtarmağa məcbur etdi?

- Bəli və biri digərini istisna etmir. Əvvəlcə qorxursan, sonra onunla nə edəcəyini və necə yaşayacağını düşünməyə başlayırsan. Başqa müttəfiqlər axtarmaq potensial təcavüzkardan müdafiənin təbii yoludur. Beləliklə, MDB ya öləcək, ya da çox güclü transformasiyaya uğrayacaq və Rusiyanın rolu dominant olmaqdan çıxacaq. Artıq heç kim Rusiya Federasiyası ilə onun qaydalarına uyğun oynamaq istəmir. Ona görə də Rusiya Federasiyası etiraf etməli olacaq ki, bu məkanda bütün oyunçular bərabərdirlər və MDB onun təsir aləti deyil. Ya da MDB, dediyim kimi, sadəcə olaraq, mövcudluğunu dayandıracaq, çünki hamı dağılışıb müttəfiq axtarmağa çalışacaq.

- Bu, anladığım qədəri ilə artıq Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı deyil. Axı Rusiya ordusunun altı ay Ukrayna çöllərində sərgərdan qalacağını, yəqin, kimsə gözləmirdi...

- Bəli, doğrudur. Dediklərim əsas ssenaridir. Bu, Rusiyanın qalib gəlib-gəlməməsindən asılı deyil. Amma Rusiya Federasiyası uduzsa, onda hər şey tamam başqa cür olacaq. Əvvəla, hakim rejimin özü zərbə altında qalacaq, o, sadəcə olaraq məğlubiyyətdən sağ çıxmaya bilər. Sonra isə başqa hekayə başlayacaq, bu artıq başqa Rusiya olacaq, onun MDB ölkələrinə və bütövlükdə dünyaya ünvanlanmış fərqli arqumentləri olacaq. Eyni zamanda, aydındır ki, hətta başqa bir Rusiya olacağı təqdirdə postsovet ölkələri onun ağuşuna atılmağa tələsməyəcəklər; onlar kifayət qədər qorxublar və mümkün qədər digər dövlətlərlə əlaqələrini, ittifaqlarını gücləndirərək uzun müddət Rusiya Federasiyasından uzaq qalacaqlar.

Sadə dillə desək, Rusiyanın yenidən dəli olmasına (artıq bunu, yəqin ki, hamı bilir) tədbir kimi onlar NATO-ya daxil olmağa, ikitərəfli müqavilələr bağlamağa və öz ittifaqlarını yaratmağa çalışacaqlar.

Nair Əliyev

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

1200 nəfərin həyatına son qoyan yanğın – Kreml bu faciəni ictimaiyyətdən gizli saxlayıb

SONRAKI XƏBƏR

İrəvanda baş vermiş partlayışa görə Rusiyanı ittiham edirlər: Münasibətlər gərginləşib