İrəvanda baş vermiş partlayışa görə Rusiyanı ittiham edirlər: Münasibətlər gərginləşib

İrəvanda baş vermiş partlayışa görə Rusiyanı ittiham edirlər: Münasibətlər gərginləşib<span class="qirmizi"></span>

Ermənistanda insanlar avqustun 14-də İrəvandakı “Surmalu” topdansatış bazarında baş vermiş partlayışa görə Rusiya hökumətini ittiham edir. Onlar terror aktında Moskvanın əli olduğuna dair ehtimallarını açıq şəkildə dilə gətirirlər.

Bizimyol.info xəbər verir ki, Rusiya hökuməti də ünvanına səslənən bu ittihamlardan xəbərdardır. Ona görə də ittihamlara rəsmi şəkildə münasibət bildirilib.

Rusiyanın İrəvandakı səfirliyi bu məsələ ilə əlaqədar Ermənistanın Xarici İşlər Nazirliyinə nota göndərib. Notada vurğulanıb ki, avqustun 14-də baş vermiş partlayışda Moskvanın iştirakı haqda yayılan söz-söhbət heç bir əsası olmayan uydurmadır.

“Yerli informasiya məkanında Rusiya strukturlarının ünvanına səslənən, Moskvanın avqustun 14-də ticarət mərkəzində baş vermiş faciəyə aidiyyəti olmasına dair yalanlar, saxta məlumatlar bizi qəzəbləndirir. Bununla əlaqədar müvafiq nota səfirlik tərəfindən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib”,- diplomatik nümayəndəlikdən bildirilib.

Notada o da vurğulanıb ki, rəsmi Moskva bu cür saxta və uydurma informasiyaların yayılmasını təxribat kimi qiymətləndirir: “Hesab edirik ki, bu cür saxta məlumatlar yaymaqda məqsəd Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqdır. Yayanlar isə bunda maraqlı olan siyasi qüvvələrdir”.

Rusiya tərəfi baş verənlərə görə Ermənistandan açıq şəkildə bəyanat gözləyir.

“Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısının alınmasına yönəlik konkret addımlar, o cümlədən açıq şəkildə şərh, bəyanat gözləyirik”,- rusiyalı diplomatlar bildirib.

Səfirlik əlavə edib ki, Rusiya-Ermənistan Himanitar Reaksiya Mərkəzinin timsalında Rusiya tərəfi ilk dəqiqədən faciənin nəticələrinin aradan qaldırılması işinə cəlb olunub.

İrəvandakı ticarət mərkəzində partlayış avqustun 14-də günorta saatlarında baş verib. Nəticədə 16 nəfər həlak olub.

Ermənistan hökuməti baş verənlərlə əlaqədar avqustun 16-da ölkədə matəm elan edib.

Aytən, Bizimyol.info

Mənbə: www.bizimyol.info