Ermənistanın "əli kəsilir" - Qarabağda yerlər dəyişir: Azərbaycan Ordusu bütün...

Ermənistanın "əli kəsilir" - Qarabağda yerlər dəyişir: <span class="qirmizi">Azərbaycan Ordusu bütün...</span>

Azərbaycan Ermənistanı üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmağa, onların icrası prosesini daha çox ləngitməyə icazə vermək fikrində deyil.

Bunu "Qisas əməliyyatının nəticələri - Buzduq yüksəkliyinin ordumuz tərəfindən nəzarətə götürülməsi də təsdiq edir. Amma bu mənada ermənilər üçün ən böyük reallıq Azərbaycanın Laçın dəhlizinə alternativ yolun tikintisini yekunlaşdırması ola bilər. Çünki rəsmi Bakı çox gözəl anlayır ki, Azərbaycan Laçın dəhlizini nəzarətə götürməklə nəinki Laçına və onun ətraf kəndlərinə nəzarəti tamamilə əlində cəmləmiş olacaq, eyni zamanda hələ də sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası hesab edilən əraziləri də öz baxış bucağında saxlamaq nöqteyi nəzərdən olduqca önəmli, strateji bir ərazidir.

Bunun yaxşı fərqində olan istər Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri, istərsə də qeyri-qanuni məskunlaşan Livan və digər yerlərdən bu ərazilərə köçürülən ermənilər Laçını tərk etməyin bu zamana kimi olacaq ən böyük "itkiləri" hesab edə bilərlər. Şuşa qədər Laçının da artıq tamamilə Azərbaycanın yuridiksiyaısna keçməsi, orada tamamilə Azərbaycan qanunlarının işlək hala salınması bu yerlərdə ermənilərin torpaq iddialarının üstündən birdəfəlik xətt çəkilməsi deməkdir.

Amma hələ də bununla barışmaq istəməyən Zabux, Sus və şəhərin özündə qeyri-qanuni məskunlaşan ermənilərə, onları təxribatlara sürükləyən revanşistələrə rast gələ bilərik. Elə bunun nəticəsidir ki, Zabuxdakı ermənilər evlərini tərk edərkən nəinki unitazlarını aparmağı unutmurlar, eyni zamanda həmin evlərə od vuraraq bütün infrastrukturu məhv etməyi də özlərinin" mənəvi borcu" hesab edirlər.

Erməni vəhşiliyi bununla da kifayətlənmir: onlar istər Laçında, istərsə də Azərbaycanın növbəti dayanacağı olacaq Xocalının meşə örtüyünü artıq indidən yandırmağa, flora və faunanı məhv etməyə başlayıblar. Təbii ki, ermənilərin bu davranışı bizi təəccübləndirmir. Bu, onların Azərbaycanda törətdikləri vandallıq nümunələrinin sadəcə çox qısa bir fraqmentidir.

44 günlük Vətən Müharibəsindən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrin ötən hər gün azğınlaşmasından xəbər verən müsahiblər, bəyanatlar artıq adi hal alıb. Bu dəfə isə qondarma "Qarabağ parlamenti"nin müdafiə, təhlükəsizlik və hüquq-mühafizə daimi komissiyasının sədri Seyran Ayrapetyan sərsəm bəyanatları ilə diqqət çəkib.

O, jurnalsitin sualına (Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir daha Ermənistanı Ermənistan Silahlı Qüvvələrini Qarabağdan çıxarmağa çağırdı. Bakıdan gələn bu çağırışlar, deyəsən, "müdafiə ordusu"nun buraxılması ilə bağlıdır. Qarabağda bu məsələyə hansı yanaşmalar var? - red) "Bakının çağırışları əsassızdır. Hər bir xalqın və dövlətin özünümüdafiə üçün müstəsna hüququ vardır. Bunu Azərbaycan öz aqressiv milli-destruktiv siyasəti ilə bizə yeridir. Biz "müdafiə ordusu"ndan əl çəkməyəcəyik, daha çox deyə bilərəm, onu təkmilləşdirmək, lazımi vəziyyətə gətirmək kimi vəzifələri həll etməliyik" ifadələri ilə erməniləri başa salmağın yeganə məsuliyyətin məhz Dəmir yumruğun öhdəsinə qaldığını bir daha təsdiqləmiş oldu.

Belə görünür ki, hər həftə ərazi "itirmək" erməni üçün təkmilləşdirmə hesab olunur. Ayın sonunda "erməni təkmilləşdirilməsinin" nəticəsini heç şübhəsiz ki, hər kəs görəcək. Prezident İlham Əliyevin son müsahibəsində də qeyd etdiyi kimi Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın.

Əslində, 10 noyabr 2020-ci il Bəyannaməsində də açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Onu da qeyd edək ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycanın dövlət başçısı olub. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. İlham Əliyev bu bəndi 2020-ci il 10 noyabr üçtərəfli bəyanata saldırması ilə bağlı son müsahibədə deyib: "Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı".

Bu isə o deməkdir ki, Laçın dəhlizinin ləğvi qısa zaman kəsiyində qaçılmazdır. Ermənistanla Xankəndini yeni koridor statusu daşımayan yol birləşdirəcək. Proseslər eyni zamanda onu zəruri edir ki, Xankəndində və ətraf rayonlardakı ağır texnikalar bölgəni tərk edəcək, hərbi birləşmələr ləğv ediləcək. Ermənilərdən ibarət "milis dəstələri" kiçik silahla bir müddət qaldıqdan sonra onlar da ləğv ediləcəklər ki, bununla da həmin andan etibarən Azərbaycanın şəxsiyyət vəsiqələri paylanılacaq, heç bir status olmayacaq. Necə ki, bunu İlham Əliyev də son çıxışında bütün ermənilərin diqqətinə çatdırdı: "Əgər Qarabağda kimsə yenə də, bilmirəm hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol".

Erməni mediası isə son yazıları ilə reavanşist qoxur: "Qondarma Arsax ordusunun ağır artilleriyası tamamilə ərazidən çıxarılıb. Sentyabrın sonuna kimi bir "yerli" silahlı da qalmayacaq. Müdafiədə yalnız Ermənistan qvardiyası iştirak edəcək".

Ermənistan hər vəchlə Azərbaycanı güc tətbiq etmək, qanunsuz erməni silahlı dəstələrini bu ərazilərdən zor gücünə çıxarmaq üçün əlindən gələni edir. Çünki "Müdafiədə yalnız Ermənistan qvardiyası iştirak edəcək", - deyərkən, Ermənistan tərəfi nəhayət dərk etməlidir ki, Azərbaycan üçün Azərbaycan torpağında istənilən kənar silahlı birləşmə qanunsuz silahlı qruplaşmadır. Bunu isə Azərbaycan ordusu artıq ət kimi kəsib atmaq iqtidarındadır, necə ki günlər öncə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında həyata keçirdi. Çünki Azərbaycanın tərkibində nə "Artsax", nə də təbii ki, onu müdafiə edən "qvardiya" ola bilər.

Rusiya və Ermənistan müdafiə nazirlərinin Moskva görüşündən də çıxan nəticələr deməyə əsas verir ki, Kreml İrəvanın kaprizlərinə çox dözmək fikrində deyil. Rusiya rəsmi Bakıya iyunun 30-na qədər ərazidən terrorçuların çıxarılacağını bildirsə də Qarabağdakı ermənilərin xahişi ilə bu müddət avqustun sonuna kimi - Laçın dəhlizinin bağlanmasından, ayaqlarımız altında olacaq yeni Laçın yolunun istifadəyə verilməsindən sonra həllini tapacağı razılaşdırıldı. Kreml də çox yaxşı anlayır ki, Azərbaycan yetəri qədər güzəşt etdi və bu gün anti-Rusiya təbliğinin getdikcə daha geniş vüsət aldığı Ermənistanda ən azı Azərbaycana olan qədər Rusiyaya da nifrət mövcuddur. Bu səbəbdən də Qarabağın dağlıq hissəsinin erməni hərbi birləşmələrindən təmizlənməsi ilə bağlı razılıq bu ayın sonuna kimi öz xoşluğu ilə icra olunmayacağı təqdirdə işə yenidən Azərbaycan Ordusu əl qoymalı olacaq.

Hər bir halda, baş verənlər fonunda Ermənistanda Qərbə meyillik durmadan artacaq. Bu isə proseslərə "islanmışın yağışdan nə qorxusu" mövqeyindən yanaşan Rusiya üçün təhlükəli heç nə vəd etmir.

Sürməlidəki hadisəyə görə Ermənistanda anti-Rusiya yazıları geniş tirajlanması da İrəvana nota verilməsi (Sözügedən ittihamlarla bağlı Rusiyadan Ermənistana nota verildi. Rusiyanın Ermənistandaklı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verərək İrəvanın "Surmalu" ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan mediasının Rusiyanın fərqli strukturlarını ittiham etməsini əsassız adlandırıb - red) ilə nəticələndi. Bu fonda, Suren Papikyanın Şoyqu ilə görüşmək üçün zala başını aşağı əyərək girməsi diqqətlərdən yayınmadı. Papikyan Şoyqu ilə görüşdə yüngül şəkildə belə narazılıqlar bağlı bir kəlmə demədi. Baxmayaraq ki, Paşinyan və Ermənistan mediasının hazırda ən çox tənqid etdikləri mövzu sülhməramlılardı.

Göründüyü kimi hər zaman Ermənistanı mövcud risklərdən qoruyan, ona müxtəlif yollarla havadarlıq edən Rusiya da artıq İrəvasnın oyunlarından cana yığılıb. Belə bir vəziyyətdən rəsmi Bakı öz istəklərini və tələblərini həyata keçirmək üçün maksimum yararlanacaq kimi görünür. Əsas məsələ isə rsəmi Bakının proseslərə göstərdiyi təmkin və bir o qədər də ortaya qoyduğu qətiyyətli mövqedir.

Təhməz Əsədov
Milli.Az

Mənbə: news.milli.az