Qazi: "Yaralanmışdım, amma Vətənin havası ağrılarımı unutdurmuşdu"

Qazi: "Yaralanmışdım, amma Vətənin havası ağrılarımı unutdurmuşdu"<span class="qirmizi"></span>

Qazi Pərvin Rzayev Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbi bitirib. Həvəskar futbolla və tennislə məşğul olub. Bank, sonra isə digər xidmət sektorlarında çalışıb. Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən P.Rzayev 44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb.

O deyir ki, xüsusi təyinatlı kimi öyrəndiyim hər şey müharibədə köməyimə çatdı:

"Xoşbəxtəm ki, dədə-baba yurdlarımızın, əcdadlarımızın doğulduğu torpaqların geri qaytarılmasında mənim də payım oldu".

Əslən Qubadlıdan olan döyüşçü Qubadlıya daxil olanda atasına zəng vurub:

"Atam evincdən telefonda ağladı. Bu hisləri sözlə ifadə etmək qeyri-mümkündür..."

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən haqq savaşımızda qəhrəmanlıq göstərən qazimiz Laçın, Qubadlı və Füzuli istiqamətində döyüşüb.

Laçın döyüşlərində yaralanan qazi indi sol ayağında üç qəlpə ilə yaşayır. Müharibədə həmçinin qapalı kəllə-beyin travması alıb.

"Yaralanmışdım, amma Vətənin havası ağrılarımı unutdurmuşdu", - P.Rzayev bildirir.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Pərvin Namiq oğlu Rzayev “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Deyir müharibədən əvvəl evləri olmayıb, babasının evində yaşayırmış:

"Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı yeni yaşayış kompleksində üç otaqlı, tam təmirli mənzillə təmin edildik".

Nazirliyin dəstəyi ilə özünüməşğulluq proqramına cəlb olunan qazi özünə yeni iş qurub.

Döyüşçü yoldaşları ilə keçdiyi şərəfli yoldan yorulmadan danışan P.Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevə xüsusi diqqətinə görə təşəkkür etməyi də unutmur.

Mənbə: report.az