Tokayev niyə Soçidən sonra Bakıya gəlir?

Tokayev niyə Soçidən sonra Bakıya gəlir?<span class="qirmizi"></span>

Qasım-Jomart Tokayev sonuncu dəfə enerji nəqli məsələsində diplomatik gərginliyə səbəb olmamaq və Rusiya dövlətinin mövqeyini dəqiqləşdirmək üçün Soçiyə səfər etdi.

Bu sözləri Axar.az-a açıqlamasında Qasım-Jomart Tokayevin Soçi və Bakıya edəcəyi səfərlər haqqında danışan Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professora görə, Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqli məsələsinə Rusiyanın mane olması çox çətin məsələdir:

“Əgər xatırlayırsınızsa, ötən ay Tokayev neftin Rusiyadan yan keçməklə, Transxəzər marşrutu ilə dünya bazarına çıxarılmasına hazırlıqla bağlı “KazMunayQaz”a tapşırıq verib. Səbəb isə odur ki, Rusiya “ekoloji qaydaların pozulması” səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini dayandırmışdı. Əlbəttə, hər ölkənin öz milli təhlükəsizlik maraqları var və bir çox neft-qaz ixrac edən ölkələr yalnız bir ölkədən asılı olmamaq üçün alternativ enerji marşrutlarının formalaşdırılması üzərində çalışırlar. Qazaxıstanın büdcə vəsaitlərinin əhəmiyyətli hissəsini neft və qaz gəlirləri təşkil edir. Rusiya Qazaxıstanı enerji marşrutundan məhrum etməklə əslində ölkənin iqtisadiyyatına zərbə vurur. İqtisadi vəziyyətin ağırlaşması da son nəticədə ölkə daxilində sosial durumun gərginləşməsinə səbəb olur. Ona görə Qazaxıstan öz neftini Bakı üzərindən nəql etmək qərarında tam haqlıdır. Rusiya istəmir deyə, Qazaxıstan dövləti özünü göz görə-görə iqtisadi böhrana sürükləyə bilməz”.

Alim Qazaxıstan neftinin Azərbaycan üzərindən ixracı məsələsinin Bakı-Moskva münasibətlərinə təsirinə də toxunub:

“Hazırda rəsmi Moskva müxtəlif siyasi təzyiq vasitələri ilə bəhs etdiyimiz planın həyata keçməsinə əngəl olmaq istəyir. Lakin bu məsələ çox çətindir. Çünki Qazaxıstan da bütün müstəqil dövlətlər kimi öz gələcəyini düşünməlidir və artıq Rusiya Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini dayandırmaqla enerji məsələsindən təzyiq aləti kimi istifadə edə biləcəyini göstərib. Ona görə də rəsmi Nur-Sultan mütləq şəkildə alternativ enerji marşrutları üzərində işləməlidir. Ən etibarlı marşrut isə enerjinin Azərbaycan və Türkiyə vasitəsilə dünya bazarına çıxarılmasıdır. Prosesin Bakı və Moskva münasibətlərində müəyyən soyuqluq yaratma ehtimalı olsa da, bunun gərginliyə çevrilməsi mümkün deyil. Çünki İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan enerji məsələsində Rusiyaya rəqib deyil. Azərbaycan və Rusiyanın enerji ehtiyatları arasında fərq çox böyükdür”.

Qeyd edək ki, Rusiya keçən ay “ekoloji qaydaların pozulması” səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir ay dayandırıb. Qazaxıstanın ixrac neftinin böyük hissəsi - üçdə ikisindən çoxu məhz bu konsorsiumun Novorossiysk limanındakı terminalı vasitəsilə dünya bazarına çıxarılır.

Mənbə: axar.az