Trümenin sevinə-sevinə Stalinə çatdırdığı xəbər - Hitler ona gecikmişdi

"Rusiya rəsmilərinə elə gəlir ki, hansısa ölkəyə nüvə silahı atsalar, bu cavabsız qalacaq".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafında yaranmış nüvə təhlükəsinə diqqət çəkib:

"İkinci Dünya müharibəsi zamanı nüvə silahına maraq göstərən ilk ölkə faşist Almaniyası oldu. Adolf Hitler alimlərinin ideyalarına maraq göstərsə də, müharibədə qazandığı uğurlar onun nüvə silahına marağını azaltdı, çünki bu yöndəki fəaliyyətə xeyli maliyyə xərclənməliydi. Hitler bu silaha bir də müharibənin sonuna yaxın maraq göstərməyə başladı, ancaq gec idi, müttəfiq qoşunlar Berlinə yaxınlaşmışdılar.

Estafet daha sonra ABŞ-a keçdi, alman alimlərinin bir hissəsi Amerikaya köçdü və "Manhetten layihəsi" adlanan proyekt uğurla nəticələndi. ABŞ-ın o zamankı prezidenti Trümen 1945-ci ildə ölkəsinin nüvə silahına yiyənləndiyi xəbərini Potsdam konfransında hələ müttəfiqi olduğu SSRİ-nin diktatoru Stalinə bildirdi. Trümenin məqsədi gələcək rəqibi Stalini qorxutmaq idi. Ancaq bu xəbər Stalin üçün yeni deyildi. "Manhetten layihəsi"ndə çalışan bir qrup alim nüvə sirlərini Moskvaya ötürmüşdülər və bir neçə il sonra SSRİ də nüvə silahına sahib oldu.

ABŞ-la SSRİ arasında "soyuq müharibə" 1945-1991-ci illərə qədər, yəni 46 il uzandı. Bu illərdə bir dəfə - 1960-cı illərin əvvələrində nüvə müharibəsi təhlükəsi yaşandı. Vaşinqtonla Moskva arasındakı münasibətlərdə gərginlik SSRİ-nin dağılmasına qədər yuzansa da, liderlər heç vaxt bir-birini nüvə silahıyla hədələmədilər. Hazırda isə cəmi bir neçə gün ərzində başda Rusiya Prezidenti Vladimir Putin olmaqla, onun yaxın dostu və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bir neçə dəfə Qərbi nüvə silahıyla hədələyib.

Rusiya rəsmilərinə elə gəlir ki, hansısa ölkəyə nüvə silahı atsalar, bu cavabsız qalacaq. Şəxsi maraqlarını Rusiyanın maraqlarından üstün tutaraq, dünyanı qaranlığa qərq etmək istəyirlər. Rusiya hakimiyyətində hamının Putinin və Medvedyev kimi düşündüyünü zənn etmirəm, ümid onlaradır".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Necə qıydınız o körpələrə?” - Könül Kərimova şəhid Səbuhinin xalasına OD PÜSKÜRDÜ - VİDEO

SONRAKI XƏBƏR

Britaniya deputatı erməni təxribatını pislədi