Ərdoğanın 2005-ci il açıqlaması gündəmdə: ABŞ-ın isə eyni istəyi rədd edilib - DETALLAR AÇILIR

Ərdoğanın 2005-ci il açıqlaması gündəmdə: ABŞ-ın isə eyni istəyi rədd edilib - <span class="qirmizi">DETALLAR AÇILIR</span>

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay Musavat.com-a açıqlamasında iddia etmişdi ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olarsa, onun Qərblə münasibətləri dəyişəcək. Bu isə dünyada, o cümlədən Qafqazda cərəyan edən proseslərə təsirsiz ötüşməyəcək.

Professor, Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Musavat.com-a bildirib ki, Türkiyə istər Qərblə, istərsə də Rusiya ilə münasibətlərində mili maraqlara söykənir:

d88fb96fd70021f49a05c32b4fa95f00.jpg (20 KB)

“Unutmaq olmaz ki, hər iki tərəflə praqmatik viziona söykənən bu siyasət həm də müəyyən mənada onlar arasında mövcud olan bir çox problemlərlə bağlı uğurlu vasitəçilik missiyasının üstlənməsinə kömək edir. Ukraynada gedən müharibə ilə əlaqədar taxıl böhranının çözülməsi və ya Yaxın Şərqdə baş verən proseslər buna misal ola bilər. Türkiyə bir NATO ölkəsi olaraq Qərb koalisiyasının üzvüdür, baxmayaraq ki, istər ABŞ, istərsə də aparıcı Avropa ölkələri dəfələrlə əslində müttəfiq olan bu ölkəyə əks mövqe sərgiləməkdədirlər. Məsələn, müəyyən iqtisadi sanksiyaların tətbiqi, Yaxın Şərq və Şərqi Aralıq dənizi böhranlarında əks mövqe, Türkiyəni təhdid edən terrorçu qruplara maddi, hərbi və logistik dəstək, Türkiyənin uzun on illərdir ki, Avropa Biriyinə qəbul edilməməsi və s. Bu mənada regionda kifayət qədər aktiv siyasət yürüdən güc olaraq Türkiyənin bir sıra region ölkələri, o cümlədən Rusiya ilə əlaqələri əslində həm də bu münasibətə bir cavab olaraq dəyərləndirilə bilər. Hələ 2005-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı Türkiyənin maraqları olduğunu açıqlamışdı”. 

16543362143943063067_1000x669.jpg (201 KB)

Ekspert əlavə edib ki, Türkiyə siyasi hədəflər doğrultusunda ŞƏT-i Qərbə alternativ görmür və rəsmi açıqlamalarda da bu, xüsusilə vurğulanır:

“Eyni zamanda təşkilatın 2008-ci ildə təsis etdiyi “dialoq ortağı statusu”nda Türkiyə 2012-ci ildən təmsil olunmaqdadır. Hazırda isə söhbət təmsilçiliyin “dialoq ortağı statusu”ndan müşahidəçi statusa keçməsindən gedir. Burada Qərbin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığına qeyri-adekvat reaksiyası anlaşılmazdır.

ABŞ-ın özü də hələ 2005-ci ildə ŞƏT-ə müşahidəçi statusla qatılmaq istəyində olmuşdu, lakin bu istək rədd edildi. Qərb, o cümlədən ABŞ qeyri-adekvat münasibət sərgilməkdənsə (məsələn, ŞƏT-lə bağlı Türkiyənin mövqeyi açıqlandıqdan sonra Amerikanın Kiprin Rum kəsiminə silah embarqosunu ləğv etməsi kimi) Qərb koalisiyasının bir üzvü kimi Türkiyənin həm siyasi, həm də iqtisadi potensialını bir müttəfiq ölkə olaraq doğru qiymətləndirməsi, hətta qardaş ölkəni ŞƏT-lə bir körpü kimi görməsi daha doğru olar.

7f105cfc-6575-345d-a550-71887f6af665_850.jpeg (136 KB)

Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusla üzv ola biləcəyi ilə bağlı mövqeyi də bu kontekstdən qiymətəndirilməlidir. Türkiyənin də təmsil olunduğu və tarixi maraqlarının olduğu bölgələrdə (Yaxın Şərq, Qafqaz, Orta Asiya, Balkanlar) aktiv olan Rusiya və İranın təmsil olunduğu bir təşkilatla əməkdaşlıq etmək rəsmi Ankaraya əlavə manevr imkanları tanıyacaq. Təbii ki, bura iqtisadi faktorları da əlavə etmək mütləqdir. Unutmayaq ki, təqribən 4 il bundan öncə məşhur casus keşiş olayı ilə başladılan və ABŞ tərəfindən yürüdülən sanksiyalar, buna əlavə olaraq da sonrakı mərhələdə Türkiyənin müasir silah və F-35 qırıcı təyyarələri ilə bağlı haqlı istəklərinin geri çevrilməsi, Türkiyənin Qərbə alternativ deyil, Qərblə münasibətlərində balans yaratmaq istəyini, Qərbdən kənarda da müəyyən siyasi və iqtisadi məkan platformaları axtarışlarını təbii və haqlı etməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatına Çin və bu ölkənin bölgədə ən yaxın müttəfiqi olan Pakistan faktorunu da əlavə etmək yerinə düşərdi.

Heç şübhəsiz ki, ciddi təsir imkanları olan bu təşkilata Türkiyənin qoşulması yuxarıda qeyd etdiyim bölgələrdə həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən manevr imkanlarını artıracaq. Bu, Cənubi Qafqaza da öz müsbət təsirini göstərmiş olacaq”.  

Mənbə: www.musavat.com