Tofiq Zülfüqarov: “Bizim də İrana deyiləsi çox sözümüz var”

Tofiq Zülfüqarov: “Bizim də İrana deyiləsi çox sözümüz var”<span class="qirmizi"></span>

 

Son zamanlar İranın bəzi yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə sərsəm fikirlər səslənməkdə davam edir.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İrana tutarlı cavab verilib. Amma görünən odur ki, Tehran Zəngəzur dəhlizi məsələsində “cin bsimillahdan qorxan kimi” qorxur.

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, Zəngəzur dəhlizinin İrana aydiyyatı yoxdur. Tehranın bu mövzu ətrafında canfəşanlıq etməsi yersiz və məntiqsizdir:

“Zəngəzur dəhlizi Ermənistan ərazisinə aiddir. Onun İrana heç bir aydiyyatı yoxdur. Ərazi İranın səlahiyyətinə verilməyib ki, onlar bu məsələdə belə canfəşanlıq göstərsinlər. Digər tərəfdən, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bu fonda təhlükəsizlik üçün hər bir addım atmağa ixtiyarımız var. Ermənistan Zəngəzur dəhlizilə bağlı öhdəliklər götürüb. Tehran gərəkdir ki, buna da fikir versin. Götürülən öhdəliklərə əməl edilməlidir. Bu mənada da Tehranın Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi yersiz və məntiqsizdir. Vaxtilə İranla Azərbaycan arasında sərhədin mühüm bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdu. Bəs, onda Tehran niyə məsələyə indi olduğu kimi reaksiya vermirdi?”

Diplomat bildirir ki, İran diskussiya açmaq istəyirsə, Azərbaycan da bu ölkə daxilində başlayan iğtişaşlara münasibət bildirə bilər:

“Tehran fikir mübadiləsi açsın, biz də hazırıq. Daxildəki iğtişaşlar və nüvə proqramına aid fikir mübadiləsi apara bilərik. Bizim də deyiləsi sözümüz çoxdur”.

Həmsöhbətimiz vurğuladı ki, Zəngəzur dəhlizi əksinə, İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə rəvac verəcək:

“Bundan isə həm də sanksiyalar altında olan İran udacaq. Belə olan halda, İranda bəzilərinin həmin dəhlizin açılmasından əndişələnməsi başa düşülən deyil”.

T. Zülfüqarovun fikrincə, İranda bu mövzunu qızışdıranlar əslində qaçaqmalçılıq yolu ilə alınan gəlirlərini itirmək istəməyən qüvvələrdir:

“Onların əli ilə Ermənistan ərazisindən keçməklə həm narkotika, həm də sanksiyalardan kənar neft məhsulları ixrac olunur. İrandakı bəzi dairələrin problemi yaratmaqda əsas məqsədləri də məhz həmin qaçaqmalçılıq ticarətini itirmək təhlükəsidir”.

Ekspert deyir ki, Ermənistan-Azərbaycan münasibətləri, iki ölkənin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir:

“Bu prosesə İran da daxil kənar qüvvələrin əl uzatması yolverilməzdir. Başqa bir tərəfdən, Azərbaycan İranla sərhədə də həmişə dostluq, əməkdaşlıq sərhədi kim baxıb və gələcəkdə də bu belə olacaq. Belə bir vəziyyət İranın da maraqlarına cavab verir”.

Rüfət Sultan, Bizim.Media

Mənbə: bizim.media