SON DƏQİQƏ! Avropa ELAN ETDİ - Ruslara niyə yaşıl işıq yandırıldı?

SON DƏQİQƏ! Avropa ELAN ETDİ - Ruslara niyə yaşıl işıq yandırıldı?<span class="qirmizi"></span>

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik və nüvə hücumu təhlükəsindən sonra Avropa İttifaqından ard-arda diqqətçəkən açıqlamalar gəldi…

Rusiya prezidenti Vladimir Putinin bu həftənin əvvəlində elan etdiyi qismən səfərbərlik qərarı Ukrayna ilə yanaşı, Avropada da rezonans doğurub. Avropa ölkələri Putinin səfərbərlik qərarını “çarəsizlik” kimi şərh etsələr də, Ukraynanın üç regionunda keçirilən referendumun nəticələrini tanımayacaqlarını bildirsələr də, Putinin öz çıxışında səsləndirdiyi “nüvə təhlükəsi”nə ciddi yanaşmaq fikrindədirlər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Rusiyanın qismən səfərbərlik qərarı və Ukraynanın 4 bölgəsində referendum keçirməsi ilə bağlı İngiltərə mətbuatına mühüm açıqlamalar verib.

"MÜHARİBƏ DƏHŞƏTLİ MƏQAMA ÇATIB"

O, Aİ-nin Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədələrini ciddi qəbul etməli olduğunu vurğulayıb.

"Müharibə "dəhşətli məqam"a çatıb. Şübhəsiz ki, bu, təhlükəlidir, çünki Rusiya ordusu küncə sıxışıb. Nüvə silahından istifadə ilə hədələyən Putinin reaksiyası həqiqətən də dəhşətlidir", - Borrel bildirib.

Rusiya liderinin öz çıxışında ölkəsinin müxtəlif kütləvi qırğın silahlarına sahib olduğu və ixtiyarında olan bütün vasitələrdən istifadə edəcəyi barədə açıqlamasını xatırladan Borrel deyib: “Bir insan bunun blef olmadığını söyləyirsə, onu ciddi qəbul etmək lazımdır".

Borrel Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruyan diplomatik həll yoluna gəlinməli olduğunu deyib: "Müharibəni bitirmək olar, amma sülh əldə oluna bilməz və başqa bir müharibə başlayar".

AVROPA RUSLARA QUCAQ AÇIR?

Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişel Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasında fasilə zamanı “Politico”ya açıqlama verib. O, “qismən səfərbərlik” qərarına görə qaçan ruslara Avropanın qucaq açacağına işarə edib.

“Rusiyada insanlar siyasi baxışları və Kremlin çılğın müharibə qərarına tabe olmaq istəməmələri səbəbindən təhlükə altındadırlarsa, bunu nəzərə almalıyıq” - Mişel deyib.

Putinin elan etdiyi qismən səfərbərlik qərarının müharibənin dinamikasını tamamilə dəyişdirdiyini qeyd edən Şura sədri bildirib ki, çox tez əməkdaşlığa başlamaq və koordinasiyalı çalışmaq lazımdır: “Çünki qismən səfərbərlik qərarı yeni bir reallıqdır”.

Qeyd edək ki, elan edilmiş qismən səfərbərlikdən sonra Almaniya hərbi xidmətə qoşulmaqdan imtina edən Rusiya vətəndaşlarına qucaq açıb. Almaniyanın daxili işlər naziri Nensi Fazer orduya qoşulmaq istəməyən Rusiya vətəndaşlarının sığınacaq üçün müraciət edə biləcəyini açıqlayıb. Repressiya ilə təhdid edilən rusların Almaniyada müdafiə ediləcəklərin deyən Fazer deyib:

"Putin rejiminə qarşı çıxan və bu səbəbdən də özünü böyük təhlükəyə atanlar Almaniyaya sığınacaq üçün müraciət edə bilərlər. Dövlətimiz aylardır təqib və təhdidlərə məruz qalan Rusiya rejiminin əleyhdarlarını qəbul edir".

Almaniyanın ədliyyə naziri Marko Buşman isə bildirib ki, Putin yoluna nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada qəbul olunur.

Xatırladaq ki, qismən səfərbərlik elan edən Rusiya lideri Vladimir Putin çıxışında Qərb ölkələrinin Ukraynada müharibənin sülh yolu ilə həllini istəmədiyini iddia edib:

“Əgər ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün imkanlardan istifadə edəcək. Qərbə deyirəm, bizim istifadə edəcəyimiz çoxlu silahlarımız var. Bu, blef deyil”.

Bu açıqlaması ilə Putin nüvə silahından istifadəyə diqqət çəkib.

Nigar Cəfərli,
Musavat.com

Mənbə: musavat.com