Geosiyasi dəlilikdir, Pelosi Bakını ittiham etdi...

Geosiyasi dəlilikdir,   <span class="qirmizi">Pelosi Bakını ittiham etdi...</span>

ABŞ-ın aparıcı “Boston Herald” nəşrində “Pelosi Amerikanın maraqlarını zərbə altında qoyur” sərlövhəli məqalə dərc olunub.

Məqalənin müəllifi, “60 Plus” və Amerika Böyük Vətəndaşlar assosiasiyalarının prezidenti, Respublikaçı Milli Komitəsinin keçmiş üzvü və Respublikaçılar Partiyasının Miçiqan təşkilatının sabiq sədri, Litva əsilli amerikalı Saul Anuzis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana son səfərinə toxunur. Müəllif qeyd edir ki, qarşıdan gələn seçkilər ərəfəsində Demokratlar səs toplamaq üçün xarici ölkələrdə çalışarkən çıxılmaz vəziyyətə düşürlər. Bu baxımdan ötən həftə Nensi Pelosi NATO-nun sülh naminə tərəfdaşı olan Azərbaycanla Rusiya və İranın müttəfiqi Ermənistan arasında 100 il tarixi olan münaqişəni həll etməyə cəhd göstərdi. Bu ayın əvvəllərində iki ölkə sərhədində hərbi toqquşmalar başlayanda Pelosi elan etdi ki, yüksək səviyyəli səfərə çıxaraq “öz dəstəyi”ni yalnız “haqlı tərəfə” göstərəcək. O, açıq-aşkar Ermənistanı nəzərdə tuturdu. Səbəb isə qarşıdakı seçkilərdir. Çünki Demokratlar divara dirəniblər, Pelosi üçün isə bu səfər spiker vəzifəsində qalmaq üçün son ümiddir. Onun Ermənistana səfəri ölkəsində səsləri öz xeyrinə dəyişmək məqsədi güdürdü. Onun üçün xarici siyasət, ABŞ diplomatiyası və beynəlxalq miqyasda meydana gələcək nəticələr maraqlı deyil.

Saul Anuzis qeyd edib ki, Pensilvaniya, Miçiqan, Ohayo, Viskonsin, Minnesota və Floridada yüz minlərlə erməni əsilli amerikalı yaşayır. Bu insanlar ABŞ-da bütün azlıqlar içərisində ən yüksək səsvermə rekordlarına malikdirlər.

Vətənpərvər, Litva əsilli amerikalı və heç kimi öz doğma vətənini sevdiyinə görə günahlandırmadığını vurğulayan müəllif Nensi Pelosini Amerika qarşısında vəzifələrini, dünyanın mənəvi mövqeyini və strateji maraqlarını açıqcasına satdığına görə ittiham edib:

“Biz artıq Pelosinin xarici səfərlərinin hansı ssenari ilə təşkil edildiyini bilirik. Buna görə də bu səfərin necə keçəcəyi təəccüblü deyil. Pelosi onilliklərlə davam edən diplomatik səylərin iflasa uğradığı və münaqişənin başladığı dözülməz vəziyyətlə üzləşmişdi. Xanım spiker Azərbaycanı son döyüşləri başlatmaqla “qanunsuz” hərəkət etməkdə ittiham etdi və heç bir ABŞ administrasiyasının əməl edə bilməyəcəyi bir vəd verdi: Rusiyanın hərbi müttəfiqinin NATO müttəfiqinə qarşı dəstəklənməsi. Bu, geosiyasi dəlilikdir. Lakin onun dediklərinin yalnız bir məqsədi var idi - seçki kampaniyası”.

Müəllif xatırladıb ki, Pelosinin səfərindən bir neçə gün əvvəl erməni əsilli amerikalıların yaşadığı ərazilərdə olan Demokratlar Azərbaycanı dəstəkdən məhrum etməyi və İrəvan rejimi üçün əlavə vəsait ayırmağı vəd edirdilər. Bu, erməni əsilli amerikalıların səslərini bir qədər artıra bilər. Lakin bu, real dünyada daha böyük əks-səda doğura bilər. Amma açıq-aydın görünür ki, real dünya Demokratların vecinə deyil: onlar real dünyada hazırda Avropanın yeganə həyati enerji xətti olan ABŞ-ın uzunmüddətli və sabit müttəfiqinin üzünə qapıları bağlayırlar.

Saul Anuzis bildirib ki, hazırki gərgin beynəlxalq şəraitdə Xəzər dənizində böyük qaz ehtiyatları olan Azərbaycan Avropaya qaz ixracını 30 faiz artırmağı söz verib. Amma Demokratların hərəkətləri onu deməyə əsas verir ki, səslərin qazanılması qlobal təhlükəsizlikdən və Avropa qitəsində bu qış insanların donaraq ölməsindən daha vacibdir.

Moskva və İrəvanın bir-birinə sıx bağlı olduqlarını söyləyən müəllif qeyd edir ki, Azərbaycan Qərbə həyati enerji xətti təmin etdiyi halda, Ermənistanın bütün enerji sektoru Rusiyanın əlindədir. Ermənistanda Rusiyanın hərbi bazası var. Hətta ruslar onların sərhədlərini, gömrüyünü və dəmir yollarını idarə edirlər. Pelosi məhz belə bir ölkəyə səfər edib.

Azərbaycanı Ermənistanla müqayisə edən S.Anuzis bildirib: “Azərbaycan bir neçə il bundan əvvəl NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. Ermənistan isə, əksində, fərqli yol seçərək Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulub. Bu təşkilat keçmiş sovet respublikalarının qarşılıqlı özünümüdafiə mexanizmi olan kiçik, lakin təhlükəli qrupudur. Azərbaycanlı əsgərlər Baydenin tələsik çıxıb getdiyi Kabildə ötən il sıranı saxlayaraq Birləşmiş Ştatlara olan sədaqətini sübut etdiyi halda, Ermənistan Qazaxıstana müstəqil düşünən administrasiyanı qorxutmaq missiyası ilə göndərilən KTMT qüvvələrinə qoşulmaq üçün öz hərbçilərini göndərirdi. Bu, Pelosinin bayrağını yellədiyi həmin ölkədir.

Mənbə: axar.az