Türkiyəyə ekstradisiya edilən kürd terrorçuları Ermənistanda nə edirdilər?

Türkiyəyə ekstradisiya edilən kürd terrorçuları Ermənistanda nə edirdilər?<span class="qirmizi"></span>

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sərhəddənkənar əməliyyatı ilə ələ keçirdiyi bildirilən kürd terrorçu Atilla Çiçəyin ailəsi onun üzvü olduğu Xalq Müdafiə Qüvvələrinə (XMQ, PKK-nın hərbi qolu – red.) müraciət edərək övladlarının taleyindən narahat olduqlarını bildiriblər.

Hadisə ilə bağlı təşkilat açıqlama yayıb və Atilla Çiçəyin (kod adı Leheng), eləcə də Hüseyn Yıldırımın (kod adı Alişer) MİT-ə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən verildiyini iddia edib.

Ermənistanın datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, adıçəkilən şəxslər 2021-ci ilin avqustunda Ermənistanla sərhəddə dövlət qüvvələri ilə qarşılaşıb və həbs olunublar. Onlara qarşı Ermənistan sərhədini qanunsuz keçmək və respublikaya qaçaqmalçılıq yolu ilə silah-sursat gətirmək kimi rəsmi ittiham irəli sürülüb.

Sünik vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında hər ikisini 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi onların həbs cəzasını 3 il sınaq müddətli şərti cəza ilə əvəz edib.

XMQ-nin bəyanatına görə, Çiçək və Yıldırım azadlığa buraxılmaq əvəzinə təxminən bir ay əvvəl Ermənistandan Türkiyəyə ekstradisiya edilib.

Təşkilat vurğulayıb ki, bununla Ermənistan beynəlxalq hüquq normalarını və ölkə qanunlarını pozub.

Bəyanatda, Xalq Müdafiə Qüvvələri həmçinin bütün səlahiyyətliləri terrorçuların harada olduqları barədə ailələrinə məlumat verməyə çağırıb.

Mənbə: politikahaber.com

Mənbə: www.oxu.az