"Rusiyada səfərbərlik prosesinin problemləri fundamentaldır, Putin onları həll edə bilməyəcək"

"Rusiyada səfərbərlik prosesinin problemləri fundamentaldır, Putin onları həll edə bilməyəcək"<span class="qirmizi"></span>

Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisini müharibəyə və səfərbərliyə hazırlamaq üçün heç bir səy göstərməyib.

Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.

Onlar qeyd ediblər ki, fevralın 24-ə qədər Rusiya rəsmiləri və təbliğatçıları dəfələrlə Ukraynaya hücum ideyasını ələ salıblar.

Tammiqyaslı hücum başlanandan sonra isə V.Putin özü inadla müharibəni “xüsusi hərbi əməliyyat” adlandırmağa davam edib və əhalini səfərbərliyə hazırlamaq üçün Rusiyada informasiya şəraiti yaratmayıb.

“Putinin bu məsələdə uğursuzluqları xüsusilə vacibdir, çünki Rusiya ərazisində Ukrayna qoşunları və ya NATO qoşunları yoxdur, həmçinin Rusiyaya işğal təhlükəsi yoxdur. İndi 1812, 1914 və ya 1941-ci illər deyil, həm də o dövr əhalini səfərbər olmasına yol açan faktorlar – Putin xalqa nə qədər əksini nümayiş etdirməyə çalışsa da – Ukraynaya qarşı müharibədə mövcud deyil”.

Ekspertlər onu da vurğulayıblar ki, Rusiya silahlı qüvvələri azı 2008-ci ildən effektiv səfərbərliyə şərait yaratmayıb və ani çağırış üçün lazım olan ehtiyat qüvvələri formalaşdırmayıb. Bu problemlərin sürətli həlli yoxdur:

“Səfərbərlik prosesi bərbad olacaq, ehtiyatda olanların keyfiyyəti aşağıdır və onların döyüşmək motivasiyası, yəqin ki, daha pisdir”.

Analitiklər əlavə ediblər ki, Putinin rusiyalıları səfərbər etmək səylərinə xələl gətirən problemlər o qədər dərin və fundamentaldır ki, o, yaxın aylarda, bəlkə də illərdə onları həll edə bilməyəcək:

“Bu səfərbərlik 2022-ci ildə müharibənin gedişatına təsir etməyəcək və çox güman ki, Rusiyanın 2023-cü ildə hazırkı səy səviyyəsini saxlamaq qabiliyyətinə dramatik təsir göstərməyəcək”.

Mənbə: report.az