"İranın regionda oynadığı oyunlar heç bir nəticə verməyəcək" - RƏY

"İranın regionda oynadığı oyunlar heç bir nəticə verməyəcək" - <span class="qirmizi">RƏY</span>

"İranın regionda oynadığı oyunlar yekunda heç bir nəticə verməyəcək".

Bu sözləri "Report"a açıqlamasında politoloq Zahir Əlisoy deyib.

Onun sözlərinə görə, İran Azərbaycandakı əlaltıları vasitəsilə bizim daxili işlərimizə qarışmağa cəhd edir:

"Lakin unutmaq olmaz ki, Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var. Hansı ki, İran bütün sahələrdə Türkiyədən çox geridə qalan bir dövlətdir. İranın mərhələli şəkildə iç üzü açıldıqca öz dayaqlarını itirir. Bu dövlətin təsiri altına düşmüş insanların böyük bir qismi də 44 günlük müharibədən və baş verən sonuncu hadisələrdən sonra İranın əsl simasını daha aydın görməyə başlayıblar".

Ekspert vurğulayıb ki, İran hərbi dairələrinin Azərbaycanla bağlı dilə gətirdiyi fikirlərin heç bir əsası yoxdur.

44 günlük Vətən müharibəsində İranın Azərbaycan sərhəddinə qoşun yeridərək təlimlər keçdiyindən və sonra geri çəkildiyindən bəhs edən ekspert qeyd edib ki, bu dəfə də fərqli addımlar atılacağını ehtimal etmir:

"İran Azərbaycanla hərbi münaqişəyə girməyə cəhd edərsə, bu, onun dövlət kimi parçalanması ilə nəticələnəcək. Bir sözlə İran fars şovinist rejimin siyasətinin məqsədi birmənalı şəkildə Azərbaycan türklərinin mövqe qazanmasının qarşısını almaqdır. Urmiya gölünün qurudulması da bunun tərkib hissəsidir. Hesablamalara görə, Urmiya gölü tamamilə quruyarsa, orada yaranan tozun yaratdığı fəsadlardan qorunmaq üçün təxminən 18 milyon insan yaşadığı ərazini tərk etməlidir. Bu isə çox təhlükəli və farsların xüsusilə həyata keçirdiyi strateji bir məsələdir. Biz də bu məsələ ilə əlaqədar mübarizəmizi və təbliğatımızı gücləndirməliyik. Bu gün İran əhalisi insan hüquqlarının pozulmasını əsas tutaraq rejimin devrilməsi üçün mübarizə aparır. Biz də bu prosesin davamını izləməyə borcluyuq".

İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü və iki lider arasındakı münasibətlərə xüsusi diqqət çəkən Zahir Əlisoy vurğulayıb ki, bu yaxınlaşma uzunmüddətli olmayacaq:

"Əgər Ermənistan Rusiyadan sonra üçüncü bir dövləti seçməli olarsa, bunun İran olacağını düşünmürəm. Ermənistan da yaxşı bilir ki, İran gec-tez parçalanacaq. Orada Azərbaycan türkləri öz istiqlalına qovuşduqdan sonra vəziyyət daha da ağırlaşacaq. Fikrimcə, Ermənistan öz ölkəsində ABŞ və Fransanı görməkdə daha çox maraqlıdır, nəyinki, böhran və parçalanmaq təhlükəsi ilə üz-üzə qalan İranı".

Mənbə: report.az