Müharibədən bir gün əvvəl - VİDEO

Müharibədən bir gün əvvəl - VİDEO<span class="qirmizi"></span>

2020-ci ilin 26 sentyabrı.. 44 günlük Vətən müharibəsinin başlanmasına 1 gün qalırdı. Həmin günü yenə Müdafiə nazirliyinin məlumatı ilə açırdıq. Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 48 dəfə pozmuşdu.

Elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında Ermənistan XİN-in Azərbaycan prezidentinin BMT Baş Assambleyasında çıxışına dair açıqlaması şərh edilərək bildirildi ki, Ermənistanın hazırkı rəhbərliyi, ilk növbədə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçılıq siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaq.

Həmin gün Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi debatlarında bəyanatla çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu barədə bəyanatına cavab verdi. Bildirdi ki, Ermənistanın öz qeyri-qanuni iddialarını və əməllərini təyini-müqəddərat barədə spekulyasiyalarla maskalamaq cəhdləri tamamilə əsassızdır və bu iddialarla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və ATƏM-in 1975-ci il Helsinki Yekun Aktında və digər müvafiq beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplər arasında heç bir ümumi cəhət yoxdur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev sentyabın 26-da verdiyi müsahibədə deyirdi: “Azərbaycanın güclü Ordusu Qarabağın azad olunması məsələsində yalnız Ermənistanın işğalçılıq siyasətinə qarşı deyil, həm də beynəlxalq terrora qarşı anti-terror əməliyyatları keçirmək hüququna malikdir. Bu beynəlxalq hüquq normalarına tam uyğundur, qanunidir və ədalətlidir. Əgər sabah işğalçı ölkə ağır fəsadlara səbəb olacaq vəziyyətə düşəcəksə, məsuliyyəti həmin ölkənin hərbi-siyasi rəhbərliyi daşıyacaq. Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək".

Sentyabrın 26-da həm də, Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşmüşdü. Ceyhun Bayramov yalnız Azərbaycan deyil, eləcə də bölgənin təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə qarşı tərəfə məlumat verərək, bildirmişdi ki, Ermənistan tərəfinin silsilə təxribat xarakterli əməlləri, o cümlədən iyulun 12-16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin əvvəlcədən planlaşdırılan hücum cəhdi, avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribatı, Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi və digər təhrikçi fəaliyyətləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə zərbə vuran asas amillərdən idi.

Beləliklə, Ermənistanın cəbhəboyu ərazilərdə törətdiyi təxribatların genişləndirilməsinə və erməni silahlı birləşmələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlamasına 1 gün qalırdı. Məhz 27 sentyabrda 30 illik həsrətə son qoyaraq müqəddəs torpaqlarda zəfər qazanmaq üçün milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə yaşayan Azərbaycan xalqı prezident İlham Əliyevin ətrafında tək yumruq kimi birləşərək şanlı ordumuzun şücaəti sayəsində qələbəyə anbaan addımlayacaqdı.

 

Mənbə: www.realtv.az