Demokratlar Baydeni dəstəkləmirlər

Demokratlar Baydeni dəstəkləmirlər<span class="qirmizi"></span>

Demokratlar Partiyasının tərəfdarları 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Co Baydenin namizəd kimi irəli sürülməsini dəstəkləmir. CNN-in yaydığı məlumata görə, bu, ABC telekanalının və “The Washington Post” qəzetinin birgə keçirdiyi sorğu nəticəsində bəlli olub. Sorğunun nəticələrinə görə, bu ideya demokratların 56 faizi tərəfindən müsbət qarşılanmır.

Yeri gəlmişkən, “Co Baydenin 2024-cü ildə ikinci müddətə prezidentliyə namizəd irəli sürməsini istəyirsinizmi” sualına respondentlərin 35 faizi “hə” cavabını verib, rəyi soruşulan şəxslərin 9 faizi isə bu barədə fikirlərini dəqiqləşdirmədiyini deyib.

Sorğuda iştirak edən respublikaçıların isə 47 faizi ABŞ-ın sabiq prezidenti Do­nald Trampın namizədliyinin lehinə, 46 faizi əleyhinə rəy bildirib, 7 faizi isə cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Co Bay­den sentyabrın 19-da CBS telekanalına müsahibəsində 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini, lakin bu məsələ ilə bağlı yekun qərar verməyin hələ tez olduğunu bildirib.

Rövşən TOĞRUL

Mənbə: xalqqazeti.com