“Praqa görüşündə çox şey aydın olacaq” – Paşinyanın son açıqlamasına MÜNASİBƏT

“Praqa görüşündə çox şey aydın olacaq” – Paşinyanın son açıqlamasına MÜNASİBƏT<span class="qirmizi"></span>

 

Ermənistan baş naziri Nikol Paşinyan Parisdə çıxışı zamanı bildirib ki, biz Azərbaycanla sərhədlərimiz 1991-ci ildə müəyyən etmişik. Sülh müqaviləsinə də toxunan erməni dövlətinin rəhbəri bunun zəruri olduğunu deyib:

“Düşünürəm ki, 1991-ci il 8 dekabr tarixli razılaşma ilə təsdiq edilmiş sərhədlərin qarşılıqlı tanınması əsasında Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruridir”.

10 noyabr 2020-ci ildə kaputilyasiya aktına imza atan Paşinyan ötən iki ildə dəfələrlə bir-birini təkzib edən bəyanatlar verib və siyasi camiyə artıq buna öyrəncəlidir. Amma 1991-ci il sərhədləri deyəndə Nikolun nəyi nəzərdə tutduğu hələ də müammalıdır. Çünki sovet xəritəsində tanınan sərhədlər anklavlar və Qarabağ da qarışıq hazırda əsgərlərimizin dayandığı yüksəkliklərlə birlikdə de-yure Azərbaycandır.

Sovet dönəmində de-fakto bu ərazilərin bir çoxunu Moskvaya yalvaraq özləri üçün örüş və əkin sahəsi kimi istifadə edən erməni xəyalında görəsən nələri tutub?


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Paşinyan bir çox hallarda öz-özünü təkzib edən bəyanatların müəllifidir:

“O, eyni hadisəyə səhər bir, günorta başqa, axşam isə tam başqa müstəvidə müsahibət bildirir. Ona görə onun dediklərini əksər hallarda ciddiyə almaq lazım deyil. Bir şey bəllidir. Paşinyan çalışır ki, istənilən dövlət başçısı ilə görüşdə özünün haqlı olduğunu sübut etsin və Azərbaycanı aqressor kimi göstərsin. Reallıqda Azərbaycan Ermənistanın ərazisini işğal etməyib. İşğalçı Ermənistan olub. Azərbaycanla Ermənistan arasında sərhədmi var? Prezident İlham Əliyev Laçında olarkən söylədi ki, Ermənistanla Azərbaycan arasında sərhəd yoxdur, onun günahkarı da İrəvandır. Bu mənada Azərbaycanı Ermənistanın ərazisinə daxil olmaqda ittiham etmək blefdir”.

Deputat qeyd edir ki, Paşinyanın 1991-ci il 8 dekabr sənədinə istinad etməsinin də heç bir hüquqi əsası yoxdur:

“İndi də başlayırlar 1991-ci il 8 dekabr sənədindən danışmağa. Yəqin ki, bununla onlar sovetlərin dağılması və MDB-nin yaranması ilə bağlı sənədi nəzərdə tuturlar. Bu sənədə istinad etməklə İrəvan özünə haqq qazandırmaq istəyir. Ermənistanın bu mövqeyinin də heç bir hüquqi əsası yoxdur. 1991-ci ilin 8 dekabr SSRİ-nin dağılmasının rəsmiləşdirildiyi sənəddə Ermənsitanın da imzası yoxdur. Yəqin ki, Paşinyan sovet dövründə hansı sərhədlər daxilində olublarsa, həmin sərhədlər çərçivəsində də məsələni qaldırmaq istəyir.

Həmin sərhədlər çərçivəsində isə Dağlıq Qarabağ deyilən keçmiş ərazi Azərbaycanın tərkibində olub. Habelə, Qazaxın anklav 7 kəndi, Naxçıvanın Kərki kəndi də Azərbaycanın ərazisi olub. Vaxtilə həmin sənədi Ermənistan heç yaxına belə buraxmırdı. İndi isə 1991-ci ilin 8 dekabrından dəm vururlar.


Ermənistanın siyasi-hərbi rəhbərliyi özünün işğalçı düşüncəsi və təxribatçı davranışının qurbanına çevrilib. Atəşkəsi yenə də pozurlar. Bir neçə gün öncə 3 əsgərimiz yaralandı. Ermənistan himayədarlara arxalanmaqla yenə də özünü ərköyün uşaq kimi aparır. Praqada Türkiyə və Ermənistan nümayəndələrinin görüşü planlaşdırılır. Fikrimcə, bu görüşdən sonra bir çox məsələlərə aydınlıq gətiriləcək”.

Rüfət Sultan, Bizim.Media

Mənbə: bizim.media