ABŞ-da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

ABŞ-da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib<span class="qirmizi"></span>

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasında baş tutan tədbirdə Birləşmiş Ştatlarda yaşayan Azərbaycan icmasının fəalları, azərbaycanlı tələbələr, səfirliyinin əməkdaşları, yerli və beynəlxaq ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Xəzər ibrahim Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusu rəşadəti sayəsində ölkəmizin tarixi qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi haqqında qonaqlara məlumat verib. Səfir bildirib ki, tarixin bütün dövrlərində çətin sınaqlardan keçən Azərbaycan xalqı müstəqilliyinə canı, qanı hesabına sahib çıxıb. Ermənistanın uzun illərdən bəri ölkəmizə qarşı apardığı işğal siyasətinə qarşı böyük qətiyyət və əzmkarlıq nümayiş etdirən qəhrəman gənclərin Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etmələri onun göstəricisi idi.

Səfir ABŞ-da yaşayan Azərbaycan icmasının birlik və bərabərlik nümayiş etdirərək ölkəmizin ən çətin günlərdində ən böyük dəstəkçiləri olduğunu xüsusi vurğulayıb. Bildirib ki, informasiya müharibəsində ABŞ-Azərbaycan icmasının aktivləri sözün əsl mənasında savaşıblar və qalib gəliblər. X.İbrahim Azərbaycanın bütövlüyü uğrundan canlarını qurban verən Vətən oğullarının əziz xatirəsinin ölkəmizin hüdudlarından kənarda belə hər azərbaycanlının qəlbində yaşayacağını bildirib.

Tədbirdə iştirak edən ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları çıxışlarında Vətən müharibəsi ilə tarix yazan Azərbaycanın artıq bütün dünyada qalib xalq kimi tanındığını deyiblər. Onlar Ermənistanın yalanlarına qarşı ABŞ-da mübarizə apardıqlarını dilə gətiriblər.

Tədbirdə Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Mənbə: report.az