"Hindistan riyakar və simasız siyasət həyata keçirir" - RƏY

"Hindistan riyakar və simasız siyasət həyata keçirir".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Hindistanın Ermənistanla hərbi sahədəki əməkdaşlığından və 270 milyon dollar dəyərində silah satmasından bəhs edən deputat bildirib ki, bu, regionda sülh prosesinin qarşısının alınmasına yönəlmiş bir addımdır.

O, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməklə bölgədə yeni reallıqlar yaratdığını vurğulayıb. Bildirib ki, dünya dövlətləri sülh proseslərinə töhfə verə bilməsələr də, ən azından müharibəni körükləməməyə çalışmalıdırlar. Onun sözlərinə görə, Hindistan bu addımı ilə haqqın və ədalətin yox, işğalın yanında olduğunu göstərib.

C.Məmmədov həmçinin qeyd edib ki, Hindistan silahları keyfiyyətsiz, eyni zamanda Rusiya silahlarının ucuz, keyfiyyətsiz surətidir və həmçinin bir çox meyarlarına görə Pakistanın silahlarından geri qalır. Deputat hesab edir ki, Azərbaycan da Hindistanın bu riyakarlığını görüb Çinlə əməkdaşlığını daha da gücləndirmək üçün əməli addımlar atmalıdır:

"Eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı da bu münasibətə cavab vermək üçün böyük bir potensialdır. Hansı ki, iki qardaş ölkənin münasibətləri gündən-günə inkişaf edir və bu istiqamətdə davamlı işlər görülür. Təəssüf ki, Hindistanın bu cür davranışının əsas səbəbi kimi islamofob hakimiyyətinin mövqeyi dayanır. Azərbaycan cəmiyyəti bununla Ermənistana dəstək verən Hindistanın əsl simasını kəşf etmiş oldu. Fikrimcə, belə olan halda xalqımız bu ölkənin maddi və mədəni istehsalını boykot etməli və bu prosesə birmənalı şəkildə adekvat cavab verməlidir".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Vətən müharibəsi şəhidinin büstünün açılışı olub

SONRAKI XƏBƏR

UEFA "Qarabağ"ın kapitanını təbrik edib