İraqda "oktyabr etirazları" başladı

İraqda "oktyabr etirazları" başladı<span class="qirmizi"></span>

2019-cu ilin oktyabrında İraqda hökumət əleyhinə etirazların 3-cü ildönümü çərçivəsində paytaxt Bağdadda yenidən nümayişlər başlayıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bir ay əvvəl siyasətdən çəkildiyini elan edən şiə Müqtəda Sədrin tərəfdarlarının da qatıldığı etirazçılar dövlət idarələrinin olduğu Təhrir meydanında, Yaşıl Zonaya gedən Respublika körpüsü qarşısında toplaşıblar.
Dəmir baryerləri keçən etirazçılar təhlükəsizlik qüvvələrinin maneələri ilə üzləşiblər. Təhlükəsizlik qüvvələri daş atan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. İlk məlumatlara görə, etirazlarda 10 nəfər xəsarət alıb.

İlk mühafizə xətti olan körpünün üzərinə quraşdırılan dəmir baryerləri keçə bilən etirazçılar baryerləri Dəclə çayına ataraq irəliləməyə başlayıblar.
İraqın baş naziri Mustafa Əl-Kazemi dünən axşam saatlarında təhlükəsizlik qüvvələrinə etirazlarda əsl və ya rezin güllə və gözyaşardıcı qazdan istifadə edilməməsi barədə göstəriş vermişdi. Əl-Kazemi xəbərdarlıq edib ki, sözügedən göstərişlərə əməl etməyənlər ciddi şəkildə cəzalandırılacaq.

Qeyd edək ki, 2019-cu il oktyabrın 1-də İraqın paytaxtı Bağdadda ictimai xidmətin olmaması və korrupsiya səbəbiylə başlayan etirazlar oktyabrın 25-də zorakılıqlarını artıraraq bütün ölkəyə yayılıb. Etirazlarda 600-dən çox insan ölüb, 17 mindən çox insan yaralanıb. Artan etirazlar və təzyiqlər səbəbindən o vaxtkı baş nazir Adil Əbdül-Mehdi 2019-cu ilin noyabrında istefa verməli olmuşdu.

Billurə

Mənbə: paralel.az