Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı

Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə <span class="qirmizi">başladı</span>

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərdə tibbi xidmətin təşkili üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyati əhəmiyyətli sahələrdə, o cümlədən tibbi xidmətin təminatı sahəsində də genişmiqyaslı işlər görülür.

TƏBİB-dən  verilən məlumata görə, bu gün Hadrut Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Beyləqan Rayon Mərkəzi Xəstəxanasının struktur vahidi kimi yaradılıb.

Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından ezam olunan təcili tibbi yardım briqadası, həkim, orta tibb işçisi və kiçik tibb işçisi olmaqla 12 nəfər xidmət göstərəcək.

Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. ASM-də 24 saat ərzində Təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.

Mərkəzin açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının direktorları və Hadrut Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak edib.

Qeyd edək ki, indiyədək Hadrutda tibbi xidmət Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının səyyar briqadaları vasitəsilə təmin olunub.

Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə ilkin səhiyyə xidməti göstərən Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ikinci ilkin səhiyyə xidməti müəssisəsidir.

Mənbə: azertag.az