Məşhur radio proqramda sülh prosesinin perspektivləri müzakirə olunub

Məşhur radio proqramda sülh prosesinin perspektivləri müzakirə olunub<span class="qirmizi"></span>

Geniş auditoriyaya malik jurnalist Con Batçelorun dəvəti ilə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və tanınmış politoloq Brenda Şafer CBS kanalının “Dünyanın gözü” radio proqramında iştirak etmişlər.

Con Baçelor müsahibənin başlanğıcında bir neçə dəfə Azərbaycanda olduğunu, Ermənistan ilə Azərbaycan arasında münaqişənin uzun müddətdir davam etdiyini, insanların öz torpaqlarına qayıtmağa hazır olduğunu hiss etdiyini, hal-hazırda danışıqların davam etdiyini, ancaq yeni qarşıdurmanın başladığını bildirib.

Aparıcının fikirlərinə əlavə olaraq, Brenda Şafer Vaşinqtonun ikitərəfli görüşlərə vasitəçilik etdiyini və bu istiqamətdə aktivləşdiyini söyləyib.

Öz növbəsində səfir, Entoni Blinken və Ceyk Sallivan tərəfindən aparılan vasitəçilik fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycanın Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, gücdən istifadə edilməməsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülhə yol aça biləcək digər mühüm məsələləri nəzərdə tutan 5 maddədən ibarət təkliflər paketini irəli sürdüyü haqqında ümumi məlumat verib. Ermənistanın bu təklifləri qəbul etdiyini bəyan etməsinə baxmayaraq, bu istiqamətdə heç bir praktiki addımın atılmadığını bildirdi. İki ölkə arasında sülh müqaviləsinin imzalanması qaçınılmazdır, çünki bu saziş hər iki xalqın marağına və geniş miqyasda regionun inkişafına xidmət edəcəyini səfir xüsusi vurğulayıb. Eyni zamanda, sülhün bərqərar olunması həm ABŞ, həm Avropa (o cümlədən Böyük Britaniya), həm də Rusiyanın maraqlarına xidmət etməlidir.

C.Baçelorun son vəziyyətə səbəb olan təxribatlarla bağlı sualına səfir sentyabr ayında Ermənistanın Azərbaycan ərazilərində minalanma fəaliyyəti apardığını, bunun böyük təhlükə və aşkar təxribat olduğunu bildirib. Buna baxmayaraq, atəşkəsin təqribən 8 saat ərzində əldə edilməsi, heç bir tərəfin qarşıdurmanın davam etdirilməsində maraqlı olmadığını göstərdiyini qeyd edib.

Diplomat regionda sülhün bərqərar olmasına ümidvar olduğunu, son vəziyyəti nəzərə alaraq sülhdən başqa heç bir məntiqi yolun olmadığını qeyd edib.Azərbaycanın hal-hazırda işğaldan azad ərazilərin iqtisadi inkişafına yönəlmiş genişmiqyaslı fəaliyyət həyata keçirdiyini, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi ilə məşğul olduğunu və heç bir şəkildə yeni qarşıdurmanın yaranmasında və bu fəaliyyəti sual altına qoyan heç bir vəziyyətdə maraqlı olmadığını bildirdi.

C.Baçelor B.Şafferə son qarşıdurmanın Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində artan roluna qarşı bir cavab olub-olmadığı ilə bağlı sual ünvanlayıb.

B.Şaffer 2020-ci ilin iyul ayında Ermənistanın hücumunun Qarabağ ərazilərindən yox, məhz Tovuz rayonu istiqamətində Cənub Qaz Dəhlizi marşrutu yaxınlığında baş verdiyini vurğulayıb.

Səfir Böyük Britaniyanın bir çox beynəlxalq məsələlərdə ciddi yanaşma nümayiş etdirdiyini, bu yanaşmanın bəyan edilmiş “Qlobal Britaniya” konsepsiyası ilə üst-üstə gəldiyini, Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın mövcudluğunu qeyd etdi, xüsusilə minalardan təmizlənmə məsələsində göstərilən yardımı yüksək qiymətləndirdi, NATO ilə də ölkəmizin əlaqələrinin güclü olduğunu və Azərbaycanın güclü və sabit olmasının, regionda rifaha töhfə verməyə davam etməsinin vacibliyini vurğuladı. Bunun təmin edilməsi üçün əsas yolun Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqların aparılmasına və sülh sazişinin əldə edilməsinə köməyin göstərilməsindən keçdiyini qeyd etdi. Bu yardımın Aİ, ABŞ və Rusiyadan da göstərildiyini söylədi.

Bunun üçün Ermənistanda siyasi iradənin olmasının vacibliyini vurğulayan səfir, Ermənistanın sabiq prezidentlərindən birinin son bəyanatlarını xatırlatdı, 30 illik işğal siyasətindən sonra müstəqilliyini itirmək astanasına gəldiyini və erməni xalqının müvafiq qərarlar verərək öz gələcəyini müəyyən etməli olduğunu bildirdi. Ermənistanın vəziyyətindən yeganə çıxış yolunu Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasında gördüyünü söylədi. Yerləşdiyimiz geniş regionda çağırışların çoxaldığını, buna görə ölkəmizin və qonşularımızın sabitliyi regiona və dünya üçün böyük əhəmiyyət daşıyır.

C.Baçelor Mərkəzi Asiyanın təhlükəsiz enerji təminatı baxımından önəm qazandığını bildirdi və buna Şanxay Əməkdaşlıq Təşkilatının son sammitinə səfirin münasibəti ilə maraqlandı.

Aparıcının fikri ilə razılaşan E.Süleymanov, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutmuş son sammitində Türkiyənin artan çəkisinin və Azərbaycanın əhəmiyyətinin əyani şəkildə göründüyünü, ölkəmizin Rusiya ilə İran arasında və Mərkəzi Asiyanın yaxınlığında yerləşdiyini nəzərə alaraq, regionun və ümumiyyətlə Avrasiyanın gələcəyində böyük rol oynayacağına əminliyini bildirdi.

 

Mənbə: www.realtv.az