Brejnevdən müdafiə nazirinə atmaca – Malinovski Xruşova hansı səbəbdən xəyanət edib?

1956-cı ildə Uzaq Şərq Hərbi Dairəsinin komandanı Rodion Malinovski SSRİ müdafiə nazirinin müavini təyin ediləndə Kremldə Nikita Xruşovun bu təyinatının hansı məqsəd daşıdığını yaxşı anlayıblar. Xruşov Malinovskini nazir vəzifəsində görmək istəyib. Onların arasındakı sıx dostluq münasibətləri haqqında çoxları məlumatlı olub. Malinovskinin nazir müavini təyinatı həmin dövrdə müdafiə naziri olan Georgi Jukovun da ürəyincə olmayıb. Vaxtilə Malinovski Jukovun tabeliyində xidmət edib və marşal onun nə dərəcədə vəzifə hərisi olduğunu da yaxşı bilib. Amma Jukiv tezliklə vəzifədən uzaqlaşdırılacağını da ağlına gətirməyib, nə vaxtsa hərbi karyerasında böyük rol oynadığı Malinovskinin ona qarşı çıxacağına da inanmayıb.

Beləliklə, Malinovski yeni vəzifəsinə başladıqdan sonra Xruşovla Qələbə marşalının nazir vəzifəsindən uzaqlaşdırmaq planını düşünüblər. Nəhayət, 1957-ci ildə Jukovun məsləsi plenunda müzakirəyə çıxarılıb. Həmin plenumda marşalın ünvanına sərt tənqid söyləyənlərdən biri də məhz Malinovski olub. Plan “uğurlu” alınıb, Malinovski nazir təyin edilib.

Xruşova sədaqətini nümayiş etdirən Malinovski mütəmaadi olaraq mətbuatda çıxış edərək Stalini tənqid etməkdən də çəkinməyib. Sözsüz ki, onun hadisələrə bu cür münasibəti, özünü son dərcə iddialı aparması, Xruşova güvənliyi Kreml məmurları tərəfindən birmənalı qarşılanmayıb.

1960-cı illərin əvvəllərində Leonid Brejnevin komandası Xruşovu devirmək haqqında düşünəndə, bu planda ən böyük maneə Malinovski sayılıb. Belə ki, adətən dövlət çevrilişlərinə cəhd zamanı orduya rəhbərlik edən şəxsin kimin tərəfində olması ən vacib amillərdən biri olub. Elə bu amili də nəzərə alan Brejnev Malinovskini özünə cəlb etmək haqqında fikirləşib.

1963-cü ildə Brejnev öz silahdaşlarını növbəti dəfə ov mərasiminə dəvət edəndə dəvətlilər arasında Malinovski də olub. Həmin gün Xruşov xaricdə rəsmi səfərdə olduğundan ov tədbirində iştirak etməyib.

Soyuq qış günündə meşənin dərinliyinə gedən birincilər öz məharətlərini nümayiş etdiriblər. Malinovski ilk atəşdən hədəfini vuranda Brejnev buna “sevinclə” və ikibaşlı atmaca ilə reaksiya verib:

Rodion Yakovleviç, siz “düşməni” çox asanlıqla məhv etməyi bacarırsınız. Amma nədənsə dostlarınızı yaxşı tanımırsınız.
Malinovski bu atmacaya dərhal reaksiya verə bilməyib. Qənimətlərdən hazırlanan təamlar elə meşədə süfrəyə düzüldükdən, bir-iki qədəh içildikdən sonra Brejnev növbəti dəfə nazirə üz tutub:

Biz bir-birimizi çoxdan tanıyırıq, müharibə illərindən, necə deyərlər, biz cəbhə yoldaşlarıyıq. Siz öz işinizdə peşəkarsınız, tanınmış, nüfuz qazanmış sərkərdəsiniz. Amma özünüz illər boyu çətinliklə qazandığınız karyeranızı təhlükə altına qoyursunuz.
Malinovski məslənin ciddi olduğunu anlayıb. Hər halda SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, eyni zamanda Mərkəzi Komitənin katibi vəzifələrini tutan Brejnevin bu sözləri elə-belə demədiyini dərhal dərk edib.

Kiçik dialoqdan sonra Brejnev Malinovskiyə bəzi tövsiyələrini də verib:

Siz Mironovla (Mərkəzi Komitənin inzibati orqanlar üzrə şöbəsinin müdirini nəzərdə tutub) tez-tez əlaqə saxlayın, o, silahlı qüvvələrin kuratorudur, kifayət qədər bilikli və bacarıqlı adamdır, onun məsləhətləri sizin xeyrinizə olar.
Qeyd edək ki, Nikolay Mironov Brejnevin ən yaxın adamlarından biri olub. Bir çox hadisələrdə Brejnevi məhz Mironov təlimatlandırıb.

Bu ov tədbirindən sonra Malinovski ilə Mironovun arasında əlaqələr yaranıb. 1964-cü ildə isə Mironovun vasitəsi ilə Malinovski Brejnevin tərədarlarından birinə çevrilib.

1964-cü ilin oktyabr plenumunda Malinovski yaxın dostu Xruşovu sərt tənqid edib, onun ordu quruculuğunda buraxdığı səhvləri, yanlış addımları üzünə söyləyib. Təbii ki, bu Xruşov üçün gözlənilməz olub.

Malinovski Xruşovun devrilməsində fəal içtirakına görə nazir vəzifəsidəki mövqelərini möhkəmlədib. Hətta Brejnev hakimiyyətə gəldikdən sonra onun səlahiyyətlərini bir az da artırıb.

Bütün bunlara baxmayaraq Brejnev üçün Malinovski arzuolunan nazir sayılmayıb. Əlbbəttə o, düşünüb ki, illər boyu dostluq etdiyi Xruşova xəyanət edən Malinovski çox asanlıqla ona xəyanət edə bilər. Brejnev Malinovskidən qurtulmaq üçün məqam gözləyib. Digər bir tərəfdən Brejnevin ən yaxın dostlarından biri, müdafiə nazirinin müavini Andrey Qreçko da nazir kürsüsünə əyləşmək üçün Brejnevi tələsdirib.

Tale elə gətirib ki, Brejnev-Qreçko cütlüyünün Malinovskiyə qarşı hazırladıqları planlarını reallaşdırmağa ehtiyac qalmayıb. Uzun sürən xərçəng xəstəliyindən sonra Malinovski elə nazir vəzifəsində olarkən, 1967-ci ildə vəfat edib. Onun vəfatından sonra Qreçkonun nazir kürsüsünə yolu açılıb. (Musavat.com)

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya hərbi-siyasi elitası parçalanır: Kremldə nüvə savaşının tərəfdarları qalib gəlsə...

SONRAKI XƏBƏR

Toğanalıda çay zibilxanaya çevirildi - FOTO