İranın Ermənistanı dəstəkləməsi onu hansı prespektivlərdən məhrum EDƏCƏK - PROQNOZ

İranın Ermənistanı dəstəkləməsi onu hansı prespektivlərdən məhrum EDƏCƏK - PROQNOZ<span class="qirmizi"></span>

Azərbaycan hakimiyyəti Xəzərdən Türkiyə sərhədlərinə doğru ticarət xəttinin reallaşması barədə İrana istəyini bildirib. İran rəsmiləri isə buna Ermənistanın mövqeyini rəhbər tutaraq, bir qədər fərqli münasibət göstərib.

Məsələ ilə bağlı Ednews-a açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan İranın münasibətini belə şərh edib:

“Azərbaycanın Xəzərdən Türkiyə sərhədinədək ticarət dəhlizinin açılması barədə istəyi yeni məsələ deyil. Bilirsiniz ki, 1993-cü ildə təsis olunan və tərkibinə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla,TRACECA proqramı fəaliyyətə başlayıb. Sonradan bu proqrama Moldova, Monqolustan, Ukrayna, Türkiyə, Rumıniya və Bolqarıstan, ən sonda 2019-cu ildə isə İran qatılıb. Bəhs etdiyim bu xətt adı çəkilən Asiya ölkələrindən Cənubi Qafqaza, Türkiyəyə, Qara dənizə və oradan da Avropaya istiqamətlənmiş yoldur və Azərbaycan tərəfi həmin proqramın yenidən dəyərləndirilməsini istəyir”.

Politoloq vurğulayıb ki, bu proqramdan İran tərəfinin faydalanacağı da şübhəsizdir. O, həmçinin Azərbaycan tərəfinin bu proqrama geri dönüşünü bir növ sınaq adlandırıb:

“Burada həm də atılan bu addımlar bir sınaq kimi də sayıla bilər. Məsələn, Türkmənistanın Azərbaycandan ötürülən qazının İranın 5 əyalətini qaz ilə təmin etməsi məhz bu sınaqlardan biri kimi göstərilə bilər”.

Söhbət zamanı Sədrəddin Soltan Ermənistanın mövqeyini önəmli sayan İranın bu addımını mənasız adlandırıb. Onun sözlərinə görə, İranın bu işə mane olması heç bir işə yaramayacaq.

“Az öncə də qeyd etdiyim kimi Azərbaycan bu təşəbbüslə həm də təxminən 30 il fəaliyyətsiz qalan TRACECA proqramının aktivləşməsini istəyir. Çünki prespektivdə İran Qərbin tələblərinə cavab verərsə o zaman İran da bu proqramla Cənubi Qafqazdan keçəcək xətt vasitəsilə özünün təbii qaz ehtiyatının Avropaya çıxmasına nail ola bilər. Buna görə də hesab edirəm ki, İranın burada kiminsə üzərinə minnət qoyması yersiz bir addım olar”.

Ekspert danışıqların sürətlə irəliləməsində Türkiyənin rolu və buna əks gedəcəyi təqdirdə, Ermənistan və iranı nələrin gözləyəcəyini vurğulayıb.

“Ermənistanın bu məsələdə hər zaman prosesləri ləngitməyə çalışması həm də İran hakimiyyətində Ermənistanı dəstəkləyən qüvvələrin olması ilə bağlıdır. Məhz elə bu səbəbdən də proqram ləngidilir. Ən qəribə olan isə budur ki, İran hər zaman hesab edir ki, Türkiyə Azərbaycan ərazisində ayrı bir dövlət yaratmağa çalışır. Halbuki, İran elementar bir şeyi anlamalıdır ki, əgər qonşu ölkə ərazisindən enerji xətti keçirsə, ondan həmin dövlət də faydalanır. Görürsünüz ki, işğal dönəmindən sonra Ermənistan Azərbaycanın regionda həyata keçirdiyi bir sıra regional layihələrindən kənarda qalıb. Təəssüf ki, İran da Ermənistanı dəstəklədiyi üçün bu cür layihələrdən faydalanmaqdan məhrum ola bilər.

O ki, qaldı Türkiyənin mövqeyinə, burada əsas lokomativ rolunun Türkiyədə olduğunu tam təsdiq edə bilərəm. Bu onun həm iqtisadi gücü, həm də də coğrafi mövqeyi ilə bağlıdır. Məhz bu gedişlə, Türkiyənin Azərbaycanla birgə əməkdaşlığı və Türkiyənin güclü mövqeyi dəhliz layihəsinin reallaşmasında mühüm rol oynaya bilər”.

Elnur Ənvəroğlu

Mənbə: ednews.net