XTQ zabiti Şəmsəddin Qurbanov: “Müharibə uşaq oyuncağı deyil” - FOTO

XTQ zabiti Şəmsəddin Qurbanov: “Müharibə uşaq oyuncağı deyil” - <span class="qirmizi">FOTO</span>

“Sağ ayağımdan yaralanmışdım. Qəlpələr bütün ayağımı deşik-deşik etmişdi. O an elə hiss edirdim ki, ayağım yoxdur. Güc toplayıb əlimi ayağıma apardım, gördüm ki, qopmayıb, yerindədir. 20-30 dəqiqə orada qaldıqdan sonra silahımla dayaq verə-verə döyüş meydanını tərk etdim”.

Vətən müharibəsində dörd, ümumilikdə xidmətlərinə görə doqquz medalla təltif olunmuş Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Şəmsəddin Qurbanovla həmsöhbət olub.

Şəmsəddin Qurbanov Xüsusi Təyinatlı Qüvvələrin tərkibində əfsanəvi Şuşa döyüşlərində iştirak edib.

44 günlük Vətən müharibəsində yaralanan qəhrəmanımız, XTQ baş leytenantı əslən Zaqatala rayonunun Muxax kəndindəndir.

O deyir ki, hər döyüş əfsanəyə çevrilmir, lakin Şuşanın alınması dillərdə dastan oldu, təmiz qələbə oldu:

“Şuşa döyüşlərinin real şahidi və iştirakçısıyam. Düşməni məhv etmək üçün əlimizdə olan bütün imkanları, ən çətin, riskli, lakin bir faiz şansı belə istifadə edirdik. Gülləmiz bitsəydi belə, bıçaqla və ya əlbəyaxa döyüşdə düşməni məhv etmək olub amalımız. Bir ordu eyni amala xidmət edirsə, mütləq nəticə olur. Bizim 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığımız kimi”.

Şəmsəddin Qurbanov bir anlıq o günlərə geri dönür sanki:

“O sıldırım qayalıqlarla qalxmaq, üstəlik kürəyimizdə ağır çantalarla, çox çətin idi. Biz Allahın köməyi ilə buna nail olduq. Hər an ayağımızın altından qaya sürüşə bilərdi. Nəhayət, çətin də olsa, noyabrın 6-da Şuşaya girdik. Bizim gəlişimiz onlarda o qədər şok effekti yaratmışdı ki, qorxub qaçırdılar. Şuşa həm də yaxın məsafədən, əlbəyaxa döyüşlərlə azad olundu. Düşmən iki gün ərzində artilleriya zərbələri endirirdi ki, Şuşanı geri qaytarsın. Hətta qadağan olunmuş mərmilərdən istifadə edirdilər. Amma müharibə uşaq oyuncağı deyil, o, düzgün strategiya və hədəflə həyata keçirilməlidir. Bizə ən böyük qələbəni bəxş edən içimizdəki Allah, Vətən sevgisi oldu”.

Ehtiyatda olan XTQ zabiti Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb:

“Sağ ayağımdan yaralanmışdım. Qəlpələr bütün ayağımı deşik-deşik etmişdi. O an elə hiss edirdim ki, ayağım yoxdur. Güc toplayıb əlimi ayağıma apardım, gördüm ki, qopmayıb, yerindədir. 20-30 dəqiqə orada qaldıqdan sonra silahımla dayaq verə-verə döyüş meydanını tərk etdim. Məndən bir qədər aralıda döyüş yoldaşlarım var idi. Elə cəhd edirdilər ki, girib məni çıxarsınlar, icazə vermədim. Bir mənə görə ordunun neçə nəfər igid canavarının yaralanmasına gərək yox idi. Qələbənin dadını almaq lazım idi. Gücümü toplayıb güllə yağışının altından çıxdım. Mən döyüş meydanını tərk edənə qədər düşmən mənim yaxınlığıma otuz dəqiqə ərzində iyirmi “Qrad” mərmisi atmışdı.

Müharibə bitdi və geri qayıtdıq. İtkilərimiz oldu. Arzumdur ki, uğrunda döyüşdüyüm torpaqlara sıravi vətəndaş kimi də gedim...”

XTQ mənsubu şəhid olan Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlini də yada salır:

“O mənim dostum idi. Adil 44 günlük Vətən müharibəsində son qanına qədər dayanmadan vuruşdu və şəhadətə yüksəldi. O elə döyüşçü idi ki, ermənilər tək adamla döyüşdüklərini anlamayıblar, elə biliblər ki, onlarla bir bölük döyüşüb. Lakin bir bölük hərbçinin döyüş əzmini göstərən Adil yaralı halda 11 ermənini öldürərək şəhid olmuşdu”.

Şəhid dostunun xatirəsini körpə qızına verdiyi Adilə adı ilə yaşadır…

“İki övladım var. Qızım müharibədən sonra dünyaya gəlib və ona şəhid dostum Adilin şərəfinə Adilə adını qoymuşam. Bununla özümə təskinlik tapıram”, - deyir XTQ mənsubu.

Qəhrəmanımız Türkiyə dövlətinin təşkil etdiyi səfər çərçivəsində bir qrup Vətən müharibəsi qazisindən ibarət heyətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və ona bayraq hədiyyə edib:

“Bu il mayın 18-də görüşümüz baş tutdu. Görüşümüz planlaşdırılmışdı və protokola uyğun hərəkət etdiyimiz üçün hər şey ardıcıllıqla aparıldı. Türkiyə bayrağını əvvəlcədən ütüləyib, qablaşdırmışdım.

Türkiyə Böyük Millət Məclisinin binasında baş tutan görüş zamanı mən ona 44 günlük Vətən müharibəsi zamanı öz şanlı, üçrəngli bayrağımızla birlikdə ürəyimin üzərində gəzdirdiyim şanlı Türkiyə bayrağını təqdim etdim. Bu bayraq da ən az bizim kimi Zəfərə, Qələbəyə aparan Vətən müharibəsi yolunu keçib. Prezidentlə görüşdə bu bayrağı Şuşaya qədər Azərbaycan bayrağı ilə birgə apardığımı bildirdim. Arzum döyüşlər zamanı ucaldılan Azərbaycan bayrağını Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etməkdir. İnşallah, bir gün bu görüş mənə nəsib olar, o vaxta qədər bu bayrağı qoruyub-saxlayacağam”.

Qeyd edək ki, Ş.Qurbanov “Vətən uğrunda”, “Vətən müharibəsi veteranı”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” və Füzulinin, Xocavəndin, Şuşanın, Cəbrayılın, Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.

Könül Cəfərli

Mənbə: www.oxu.az