Ermənistan səhvə yol versə, qarşısında Türkiyəni görəcək

"Ermənistan Fransa və ABŞ-a güvənərək sərhəddə təxribatlar törədirsə, bundan zərərlə çıxacaq".

Bunu Milli.Az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Türkiyəli keçmiş diplomat bildirib ki, bölgədə sülh ən çox Ermənistana lazımdır:

"Ermənistan Azərbaycana qarşı törətdiyi hər təxribatda lazım olan cavabı artıqlaması ilə alıb. Bunun üçün də Fransadan, ABŞ-dan dəstək gözləmək böyük bir səhvdir. Bu səbəbdən də Ermənistanın hər təxribatına Azərbaycanın verdiyi dərs yerindədir.

İndi Ermənistanın bir savaşa başlayacağını heç zənn etmirəm, çünki 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunun və hərbi texnikasının 80/100-i məhv edilib. Ona görə də Ermənistanın belə bir şansı olduğuna cəsarət edəcəyini sanmıram.

Türkiyə ilə Azərbaycan 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə ilə bir müttəfiqlik münasibəti qurdu. Azərbaycana ediləcək hücum Türkiyəyə edilmiş sayılacaq və dolayısı ilə hər hansı bir hücum olacağı təqdirdə Ermənistan bundan çox zərərlə çıxacaqdır.

Qaldı ki, Qərbdən dəstək gözləmək yerinə qonşularla dil tapıb, artıq sülh dövrünə daxil olunsa, bundan ən çox Ermənistan qazanacaqdır. Ancaq Ermənistanın ipləri başqa əllərdədir. Diaspora və başqa qüvvələr Ermənistanı idarə edir. Ta ki Ermənistan bir dövlət olduğunu qəbul edib, diaspora və digər himayədarlarından təlimat almadan, havadarlarından kömək gözləmədən bu sülh müddətini davam etdirərsə, inanıram ki, bu müddət sülhlə nəticələnəcək.

Sülh ən çox Ermənistana lazımdır. Çünki artıq erməni gənclərin ölkədə qalmaq istəyi və ümidi yoxdur. Çünki savaşda öldürülmək ehtimalları yüksəkdir. Onun üçün də savaşı təbliğ edən, revanşist bəyanatlar səsləndirən erməni siyasi liderlər onu da bilməlidirlər ki, Azərbaycan ordusu 10 noyabr 2020-ci ilə kimi olan ordu deyil. Azərbaycan Ordusu indi daha da hazırlıqlıdır, daha da güclənib.

44 günlük Vətən müharibəsinin Azərbaycan ordusuna çox böyük müsbət xeyri oldu. Ordu bu savaşdan lazımı dərs çıxardı və Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularındandır. Bu Orduya Komando birlikləri də qatıldı ki, bu da Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırıqları daha yüksək və sürətli şəkildə icra etməsinə imkan yaratdı".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərin mülki azərbaycanlılara qarşı terror praktikası: Dəhşətli statistika AÇIQLANDI

SONRAKI XƏBƏR

Azərbaycanda ŞOK HADİSƏ - 55 manata görə 12 illik evlilik bitdi - VİDEO