Türkiyə İsrailə səfir təyin edib

Türkiyə İsrailə səfir təyin edib<span class="qirmizi"></span>

Türkiyə Şahin Özkan Torunları İsrailə səfir təyin edib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. Belə ki, Türkiyənin o zamankı Baş naziri R.T.Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilər münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.

2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub.

Münasibətlərin istiləşməsinin əlaməti olaraq İsrail Prezidenti İsaak Hersoq 2022-ci ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib. Avqustun 17-də isə İsrailin Baş naziri Yair Lapidin ofisi İsrail və Türkiyə arasında diplomatik münasibətləri tam bərpa etmək və səfir təyin etmək barədə qərarı qəbul edildiyini açıqlayıb.

Bir müddət əvvəl İrit Lilian İsrailin Türkiyədəki səfiri təyin edilib.

Mənbə: report.az