Ərdoğan Paşinyandan bunları tələb edəcək - Başbuğ

Ərdoğan Paşinyandan bunları tələb edəcək - Başbuğ<span class="qirmizi"></span>

Dünya yenidən şəkillənir və bütün dövlətlər formalaşan vəziyyətə görə özünə mövqe seçir. AB-nin də özünün ciddi sıxıntıları var. Almaniya İngiltərə və Çini əngəlləmək istəyirdi. Lakin Merkelin getməsilə Fransa ortada tək qaldı. İndi Makron Şoltsu da yanına alaraq yola davam etmək niyyətindədir. Avropa Siyasi Birliyinin Zirvə Toplantısı bütün bu sadaladıqlarımız fonunda keçirilir.

Bu sözləri Axar.az-a Avropa Siyasi Birliyinin Praqa sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğanla Paşinyan arasında keçiriləcək görüşü şərh edən Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Başbuğ Ərdoğanın görüş zamanı Paşinyandan Azərbaycanla bağlı tələbləri gündəmə gətirəcəyini vurğulayıb:

“Toplantıda Avropanın gələcəyə dair yol xəritəsi müəyyən ediləcək və burada əsas aktorlardan biri də Türkiyədir. Birlik Türkiyəni də öz yanında görmək istəyir. Ötən günlərdə Makron jurnalistlərə verdiyi cavabda ölkəmizin birliyə üzvlüyünü veto etməyi düşünmədiklərini bildirib. Toplantıya Azərbaycan və Ermənistan da qatılır. Cənab Ərdoğanın da belə bir vacib toplantıda Paşinyanla görüşməsi həm ilk olması, həm də vaxt baxımından xüsusi önəm kəsb edir. Əlbəttə ki, görüş zamanı Ərdoğanın xüsusilə Azərbaycanla bağlı Paşinyandan tələbləri olacaq. Müzakirə ediləcək mövzular arasında Ermənistanın son sentyabr hücumu və “3+3” formatından niyə boyun qaçırdığı, Qarabağdan niyə hərbi birləşmələrini hələ çıxarmaması, separatçılara verilən dəstək və s. kimi məsələlər də var. Digər tərəfdən Rusiyanın hazırda Ukraynada çətin vəziyyətdə olduğunu və durumun daha da ağırlaşdığını vurğulamaq istəyirəm. Ermənistan da Rusiyanın himayəsindədir və Moskvanın Ukraynada vəziyyəti ağırlaşdıqca, onun Cənubi Qafqazdakı nüfuz dairəsi üçün də ciddi təhlükələr yaranır. Nensi Pelosi uzun illərdən sonra boş yerə İrəvana getmədi. İngiltərə və ABŞ cütlüyü Ermənistan üzərindən də Rusiyanı Cənubi Qafqazda mühasirəyə almaq istəyir. Sözügedən ölkələrin kəşfiyyatı da Ermənistanda işləyir. Küçələrin qarışmasında, KTMT-dən çıxmaq haqqında şüarların səsləndirilməsində bunların barmağının olduğunu görməkdə fayda var. Paşinyan Türkiyə ilə yaxınlaşmaq istəsə belə, ABŞ və İngiltərə bunu istəmir və ciddi təzyiq göstərir. Hazırda Paşinyan siyasi məngənə arasında çətin vəziyyətdədir. Bəhs etdiyimiz məsələlər də müzakirə ediləcək mövzular arasında olacaq. Cənab Ərdoğan Paşinyandan hər şey üçün detallı şəkildə izahat istəyəcək. Ondan sonra münasibətlərlə bağlı istiqamətlər müəyyən ediləcək. Lakin problemlərin həlli zaman və siyasi iradə tələb edir. Ermənistandakı məsələlər də yalnız Paşinyanla bitmir. Dediyim kimi, kənardan müdaxilə çoxdur. Fikrimcə, bugünkü görüşdə əsasən həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşması prosesinə sülhü istəməyənlərin kənar müdaxilələrinin qarşısının alınması yolları müzakirə ediləcək”.

Mənbə: axar.az