Paşinyan Əliyevlə görüşə "şparqalka" ilə girdi? - Makronun xətti ...

Dövlət başçısı İlham Əliyev Ermənistanın hərbi-siyasi rəhbərliyinə havadarlarından aldığı ürək-dirək hesabına səsləndirdikləri bəyanatlara Ağdamda təşkil edilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışı zamanı tutarlı cavabı ilə diqqət mərkəzinə düşdü: "Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik".

Prezident bununla da növbəti dəfə açıq şəkildə nəyinki rəsmi İrəvanın, bütün dünyanın diqqətinə bir daha çatdırdı ki, Qarabağ məsələsi, onun "statusu" müzakirə mövzusu ola bilməz, Qarabağın bütün ərazisi, sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilər də daxil olmaqla bütünlüklə Azərbaycanın suveren ərazisidir və biz bunu heç bir ikinci, yaxud da üçüncü tərəflə müzakirə edəcək deyilik.

Şübhəsiz ki, Prezidentin Xankəndidəki ermənilərlə bağlı bu mövqeyi dəfələrlə dilə gətirib, indi yenidən xatırlatması, xüsusilə "heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik" kontekstində vurğulaması səbəbsiz deyil. Bizə yaxşı məlumdur ki, Ermənistan baş naziri Nikol Paşinyan son çıxışlarında xüsusilə "Bakı və Xankəndi" formatını dilə gətirməklə bu məsələni gündəm etməyə çalışır. Paşinyan son açıqlamalarından biri zamanı bildirib ki, Azərbaycan Qarabağın "statusu" ilə bağlı söhbətini qondarma rejim nümayəndələri ilə aparsın, bu məsələdə biz məsuliyyət daşımırıq:

"Ermənistan sülh müqaviləsində Qarabağla bağlı müzakirə aparmayacaq, Qarabağla bağlı iddialarla çıxış etməyəcək".

Təbii ki, bu qondarma format ideyası təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı kimi istifadə etmək istəyən Qərbin, başlıca da Fransanın və ABŞ-ın ideyasıdır. Bu iddianı iddialıqdan çıxaracaq məsələlərdən biri məhz qondarma rejimin qondarma "xarici işlər naziri" David Babayanın ABŞ-a rəsmi səfərə dəvət edilməsi, onun orada dövlət rəsmiləri ilə görüşlərinin (Amerika Konqresində, Los Anceles Şəhər Şurasının iclasında çıxış edib) təşkil edilməsi faktını göstərə bilərik.

Bu azmış kimi təxminən 10 gün əvvəl Nikol Paşinyanın Fransa səfəri və heç bir subyektivliyi olmayan separatçıları Azərbaycanla danışıqlarda "tərəf"ə çevirmək istəyini özündə əks etdirən sözügedən çıxışının da ilk dəfə Makronla görüşdə dilə gətirməsi bir daha qondarma format ideyasının təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı Qərb və ABŞ-a lazım olduğunu deməyə tutarlı əsaslar yaradır.

İstisna edilmir ki, Fransanın və ABŞ-ın təşkil etdiyi son təmaslarda bu məsələ də irəli sürülüb və İlham Əliyev açıq şəkildə "müzakirə mövzusu olmayacaq" mesajını verməklə bu gün Praqda keçiriləcək dördtərəfli - İlham Əliyev, Şarl Mişel, Makron və Paşinyan - görüş öncəsi rəsmi Bakının mövqeyini açıq şəkildə masaya qoydu.

Bəli, səsləndirilməsi nə qədər qəribə olsa da bu görüşdə Fransa özünü vasitəçi tərəf kimi göstərmək eşqinə düşüb. O Fransa ki, orada Azərbaycan səfirliyinə hücum adi hal alıb. Fransa polisinin Azərbaycan səfirliyini qorumaması, hökümətin bunu bilərəkdən etdiyini düşünməyə əsas verir. Çünki bundan əvvəl - sentyabrın 18-də də anoloji hadisə baş vermişdi.

Paris bunu mütləq bilməlidir ...

... Səfirliyimizə qarşı edilən hücum Azərbaycan dövlətinə qarşı edilən hücumdur!

Bu son hadisələr onu deməyə əsas verir ki, ermənilər tərəfindən Azərbaycan səfriliklərinə, diplomatik korpuslara hücum ənənə halını almağa başlayır. Özünü Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində vasitəçi tərəflərdən biri kimi pərçimləməyə çalışan Fransa ilk növbədə bu qeyri-qanuni, cinayət məsuliyyətini özündə ehtiva edən ermənilərin hücumlarına bir əncam qılsa daha yaxşı olar.

"ASALA"nın, "Daşnaqsütyun"un yenidən əl-qolunu açıb, istədiyi qırğını rahat şəkildə törətməsi üçün meydan açan dövlət və onun başçısı ilk öncə keçmişə göz gəzdirib bilməlidir ki, bu cür terror əməlləri sonda hansı bəlalarla nəticələnə bilər.

Azərbaycanın ölkəsindəki bir diplomatik korpusunu qorumağa lüzum bilməyən, baş verən vəhşiliyi kənardan seyirci qismində izləyən Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə gedən yolda necə bitərəf, obyektiv ola bilər axı?

Deyim necə?! 30 illik işğal dövründə Misnk Qrupunun üç həmsədr üzvündən biri kimi Azərbaycan ərazilərinə qarşı təcavüzə son qoyulması üçün işi-gücü necə ki, ancaq "turizm diplomatiyası", Qarabağda eyş-işrət məclislərindən başqa bir şey olmadısa, burada da müsbət fəaliyyətini gözləmək özünü aldatmaqdan başqa bir şey ola bilməz. Bakı Parisdən heç bunu gözləmirdə ...

Çünki Bakının indi əsas gözləntiləri məhz 44 günlük müharibədən sonra Ermənistan və Azərbaycan liderləri arasında 4 görüşü təşkil edərək, ilk dəfə olaraq bu dövlətlərin liderlərinin ikitərəfli görüşlərini təşkil etməklə əsas vasitəçi kimi öz effektiv fəaliyyətini ortaya qoyan Avropa İttifaqının prezidenti Şarl Mişeldəndir.

Ona görə ki, bu geridə qalan sözügedən görüşlər bir daha göstərdi ki, Azərbaycan və Ermənistan üçün ən ideal format məhz Brüssel formatıdır. Bununla bağlı İlham Əliyev bu gün Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü zamanı xüsusilə qeyd edib:

"Azərbaycan Brüssel formatını dəstəkləyir".

Brüssel görüşü beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq yaranan tərəflərin ən ədalətli qərar qəbul etmələri, iki ölkə arasında sülhə nail olmaq və regionun inkişafı istiqamətində böyük layihələrin dəstəklənməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu mənada demək olar ki, iki ölkə liderlərinin müzakirə predmetləri və razılaşdırılması nəzərdə tutulan əsas məsələlər rəsmi Bakının təqdim etdiyi 5 maddəlik sülh paketi əsasında masaya yatırılıb. Burada Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət diqqətdən kənar qala bilməz.

Brüssel sülh gündəliyinin yaranması sözsüz ki, regionda sabitlik istəməyən qüvvələrin yuxusunu qarışdırıb. İlk üçtərəfli görüşdən (2021-ci il dekabrın 14-də keçirildi) başlayaraq avqustun 31-i dördüncü görüşə kimi hər dəfəsində dövlət başçılarının təmaslarının ardından sərhəddə Ermənistan tərəfindən müxtəlif təxrinbatların törədilməsi də sülhə əngəl olmaq istəəyən qüvvələrin fəaliyyətinin sübutudur. Lakin Şarl Mişelin qətiyyətli mövqeyi və Azərbaycanın gündəlikdəki məsələlərə həsasslığı proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılmasına zəmin yaradır.

Sözsüz ki, Brüssel gündəliyində (Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketi) sözügedən sənəddə əsas məqam tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması məsələsidir. Burada ən maraqlısı odur ki, bu gün Fransanın əsl məqsədi tam çılpaqlığı ilə bəlli olacaq. Belə ki, bu sülh sənədinin əhəmiyyətini artıran məsələlərdən biri odur ki, Brüsseldə indiyə kimi geridə qalan dörd görüşün heç birində nə "Dağlıq Qarabağ", "status", "münaqişə" ifadələri işlədilib, nə də keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu ilə bağlı hər hansı bir məsələ müzakirə predmeti olub. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır.

Beləcə, Avropa İttifaqının rəhbəri Şarl Mişelin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Ermənistan rəhbərliyinin havadarı yalında dil ağıza qoymaması və gorbagor olmuş mövzuları Makronun yanında masaya yatırmaq cəhdi baş tutarsa, bunun haradan qaynaqlandığı və Ermənistanın son təxribat ssenarilərinin müəllifinin adına birbaşa aydınlıq gətirmiş olacaq. Daha konkretləşdirsək, bu, Paşinyanın Əliyevlə görüşə Parisin onun üçün hazırladığı "şparqalka" ilə girdiyinə bir işarə ola bilər.

Bu gün Praqadakı dördtərəfli görüşə də vasitəçiliyi məhz Şarl Mişel edir. Artıq dövlət başçıları arasında ilk dialoqları əks etdirən kadrlardan müəyyən çıxarışlar da etmək olar. Belə ki, dördtərəfli görüşdən öncə Əliyevlə Ərdoğan Paşinyanı sadə dillə desək, qabaqlarına qoyub başa salmağa çalışıb. Təbii ki, nə qədər başa düşəcəyi isə sual altındadır, çünki son proseslər göstərir ki, Ermənistan sözdən anlamaq istəmir.

Amma Ermənistan anlamalıdır ki, diplomatik müstəvidə Azərbaycanın qələbəsi şübhəsiz və danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistan rəhbərliyinin müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır və uğrayacaq.

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Şahmat oyunu qətllə bitdi

SONRAKI XƏBƏR

Rusiyalı polkovnik ÖLDÜRÜLDÜ