Qarabağdakı ermənilərin sayı yenə gündəmdə - əgər “referendum” olarsa...

Qarabağdakı ermənilərin sayı yenə gündəmdə - əgər “referendum” olarsa...<span class="qirmizi"></span>

Erməni bloqçu David Simonyan iddia edir ki, Xankəndi və ətraf zonalarda referendum keçirilsə, əksəriyyət Rusiyaya birləşməyə “səs verəcək”; ekspert: “Statistika Komitəsi Dağlıq Qarabağdan olan erməniləri və azərbaycanlıları siyahıya almalıdır”

Politoloq Elxan Mehdiyevin “Dövlət Statistika Komitəsinə görə Azərbaycanda 120 mindən çox erməni yaşayır?” başlıqlı yazısı rezonans yaradıb. E.Mehdiyev “bu statistikaya görə, Allah eləməmiş, Qarabağdakı rejimə "müstəqillik" verilməsi haqda qondarma “referendum” keçirilsə, separatçılara “99 faiz” “qələbə” qazandıracaq..." deyə bildirib. Politoloqun məqaləsində Dövlət Statistika Komitəsinin hansı ildə açıqladığı rəsmi məlumatına əsaslandığını söyləmək kimi, öyrənmək də çətindir. Çünki komitənin saytının axtarış bölümündə belə bir statistika tapmaq çətindir. Yada salaq ki, ötən ay Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb ki, Qarabağ erməniləri siyahıya alınmalıdır: “Bu proses onların dəqiq sayını və statusunu (burada yaşayan və ya əcnəbilər və s.) aydınlaşdırmaq, habelə onların Ermənistan vətəndaşlığından çıxmaq və Azərbaycan vətəndaşlığını almağa hazır olduqlarını başa düşmək üçün aparılmalıdır”.

Korotçenko bu prosesin necə və hansı mərhələlərlə həyata keçirilə biləcəyinə dair fikirlərini də bölüşüb: “Aydındır ki, qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasından və separatçı administrasiyanın fəaliyyətinə son qoyulmasından dərhal sonra bu mümkün ola bilər. Azərbaycanın Daxili İşlər Nazirliyi və statistika orqanları 2023-cü ildə siyahıyaalma keçirə bilər”. Prezident İlham Əliyev isə ötən ilin sentyabrında “Anadolu” Agentliyinə müsahibəsində işğaldan azad edilmiş ərazilərdə aparılan işlərə “Qarabağda yaşayan 25 min erməni də inşaat, bərpa işlərində iştirak edə bilər” demişdi.

Ümumiyyətlə, İkinci Qarabağ savaşı ərəfəsində bölgədə 60-65 min erməninin yaşadığı məlumatları yayılırdı. Amma müharibədən bir neçə ay sonra separatçıların başçısı Araik Arutyunyan bu iddianı 45 min nəfər olaraq qeyd etmişdi. Qarabağda qalan həmin 45 min nəfərdən də xeyli köçənlər var, çünki bölgənin Azərbaycana tabe olmadan inkişafı mümkünsüzdür. “Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri bizim vətəndaşlarımızdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. O əlavə edib ki, Bakı heç bir beynəlxalq mərkəzlə onların (Qarabağ ermənilərinin) həyatını necə təchiz etməyi müzakirə etməyəcək. Dövlət başçısı onu da bildirib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu rejimi tanımayıb”.

Ancaq bununla belə, erməni kökənli Rusiya milyarderi Ruben Vardanyanın Qarabağa gəlməsinin əsas səbəbi erməni köçünün qarşısını almaqdır. Onun bütün fəaliyyəti məhz buna yönəlib. Odur ki, Qarabağdakı separatçılar həm Ukrayna ərazilərinin qanunsuz ilhaqından, həm də Vardanyanın qayıdışından “ruhlanıblar”. Hətta Xankəndidə məskunlaşmış erməni bloqçu David Simonyan yazır ki, “Rusiya referendum yolu ilə dörd rayonu rəsmən ilhaq etdi - bu, "Rusiya+plyus" adlandırılır. Və növbəti sırada Dağlıq Qarabağ durur. Onların referendumlarının necə keçdiyini bilmirəm, amma bizdə xalqa Rusiyaya birləşmək barədə sual verilsə, mütləq əksəriyyət “lehinə” səs verəcək".

D.Simonyan Vardanyan haqda da danışır və onun Putinin milyarder “desantı” olması haqda mülahizələri təsdiqləyir. “Hətta yeni qubernatorumuz da var - Ruben Vardanyan rəsmi olaraq hökumətimizdə ikinci şəxs təyin edilib. Mən 30 ildir işsiz yaşayıram, bir adam gəldi və bir aydan sonra dərhal dövlət naziri oldu. Deməli, Putin onu "Artsax" adından bizə danışıqlara göndərib”, - deyə bloqçu bildirib. Bütün bu proseslər suallar doğurur - ermənilərin siyahıya alınması niyə vacibdir, necə olmalıdır? Ermənilərin qondarma referendumlarla həvəslənməsi və Vardanyanı qubernator kimi qəbul etmələri nə ilə nəticələnə bilər?

Xəyal Bəşirov: "Ölkədə güclü ictimai nəzarət prosesi formalaşmaqdadır" »  Newscenter.az

Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a dediyinə görə, İkinci Qarabağ müharibəsindən sonra Xankəndi problemi nəzarətimizə keçib: “İşğal dövründə Qarabağ ermənilərinin məsələsi Azərbaycan üçün əlçatan deyildi, indi Xankəndi və ətraf regionlar kontrolumuz altındadır. Bəli, müvəqqəti reallıq budur ki, rus hərbçiləri əraziyə yerləşiblər. Amma onlar Qarabağda əbədi qalmayacaqlar. Ona görə ermənilər bizim qanunlarla yaşamalı olacaqlar. Sadəcə, ermənilərin sayı ilə bağlı siyahıyaalınma həyata keçirilməlidir. Biz bilirik ki, 20-25 min erməni var, amma onların iddia etdikləri rəqəmləri alt-üst etmək üçün siyahıya alınmalıdırlar. Bu səbəbdən Statistika Komitəsi bu işə başlamalıdır, eləcə də Dağlıq Qarabağdan qaçqın düşən azərbaycanlıların da siyahısı hazırlanmalıdır”.

Ekspert bloqçu Simonyanın bölgədə ola biləcək referendumla bağlı dediklərinə, separatçıların Rusiyanın Ukraynadakı anneksiyasından stimul almasına münasibət bildirərkən qeyd etdi ki, Qarabağda Donbas, Abxaziya ssenarisinin reallaşacağını ehtimal etmir: “Qarabağ erməniləri qeyd edirlər ki, guya müstəqillik üçün 30 ildir mübarizə aparırlar. Amma digər tərəfdən, deyirlər ki, Rusiyaya birləşməyə əksəriyyət səs verəcək. Fakt budur ki, "artsax"ı nə dünya, nə Ermənistan tanıyır. Bu cür iddialar ona hesablanıb ki, Azərbaycana tabe olmasınlar, bizdən ayrılsınlar. Amma nə onlara “status” veriləcək, nə müstəqil ikinci erməni dövləti qura biləcəklər, nə də Rusiya pasportlarının bölgədə paylanması mümkün olacaq. Sadəcə, Rusiya-Ukrayna münasibətlərini nəzərə almaq lazımdır, Moskva Kiyevdən qisas almaq üçün 4 regionu ilhaq etdi. Amma rus hərbçiləri Qarabağa müqavilə əsasında yerləşiblər, Bakı-Kreml əlaqələrinin pozulmasının hər hansı elementi yoxdur ki, Rusiya bu fikrə düşsün".

Elxan Şahinoğlu: “Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçsin ki...”

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra addım-addım irəliləməyə çalışır. “Belə adamlar işsiz qalmırlar. Qarabağ separatçılarının lideri Araik Arutyunyan Ruben Vardanyana "dövlət naziri" vəzifəsi təklif edib. Bu, separatçılar arasında ikinci “vəzifə” mahiyyəti daşıyır. Araik Arutyunyan İkinci Qarabağ müharibəsindən sonra kənarlaşmaq istəyini tədricən həyata keçirməyə çalışır. Onun imkanı olsa, Qarabağı da tərk edər. Böyük ehtimalla Araik Arutyunyanın yerini Ruben Vardanyan tutacaq. Bu, Moskvanın planıdır. Onu əvvəlcə Qarabağda separatçılarının başına gətirməyə, hər şey plan üzrə gedərsə, Ermənistanda baş nazir Nikol Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar. Moskva vaxtilə separatçıların ilk lideri Robert Köçəryanı da Xankəndidən İrəvana istiqamətləndirmiş, birinci prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirmişdi".

E.Şahinoğlunun fikrincə, Vardanyan Kremlin təlimatı əsasında fəaliyyət göstərəcəksə, problemlərlə üzləşə bilərik: “Misal üçün, Vardanyan Kremlin təlimatı ilə  Qarabağ ermənilərinin Rusiya pasportları ilə təmin olunması siyasətinə başlaya bilər. Vardanyan dünyadakı ermənipərəst dairələri Qarabağın işğal altındakı ərazilərinə yatırım qoymağa çağıracaq. Onun Qarabağa köçdükdən dərhal sonra Fransaya səfəri də məhz bununla bağlı idi. Nə qədər ki, Vardanyan Azərbaycana qarşı təxribatların miqyasını artırmağa macal tapmayıb, Qarabağ separatçılarını tərk-silah etməliyik, Qarabağın tamamında Azərbaycan qanunlarının icrasını təmin etməliyik, Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməliyik”.

Emil SALAMOĞLU

Mənbə: musavat.com