“Qızıl amnistiya” gözləntisi-minlərlə məhkum...

“Qızıl amnistiya” gözləntisi-minlərlə məhkum...<span class="qirmizi"></span>

2023-cü ilin  “Heydər Əliyev İli” elan olunması geniş amnistiya ilə bağlı mövzunu aktuallaşdırıb. Məlumata görə, bu amnistiya aktı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı gözlənilir.

Məlumatlı mənbənin Bakıpost.az-a bildirdiyinə görə,  Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunacaq amnistiyanın Azərbaycanda ən böyük amnistiya aktı olacağı gözlənilir.

Məsələ ilə bağlı açıqlama verən  Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, xüsusilə belə əlamətdar tarixlər üçün əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq: “Məsələn, 2018-ci ildə Cümhuriyyətin 100 illiyi ilə bağlı, həmçinin Zəfər günü ilə bağlı böyük bir əfv sərəncamı oldu. Yəni belə mühüm tarixlərdə əfv sərəncamının imzalanması istisna olunmur. Humanizm və mərhəmət ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsas prinsiplərindən olub. Ona görə də biz amnistiya aktının olacağını istisna etmirik ”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O,  bu cür amnistiyanın olmasını səbirsizliklə gözlədiyini bildirdi: “Elə məhbuslar var ki, onların məhkumluq həyatının 8 ayı, 1 və yaxud 2 ili qalıb. Arzulayırıq ki, həmin şəxslər azadlıqlarına qovuşsunlar. Beləliklə, hüquq müdafiəçiləri olaraq biz də gözləyirik ki, ya 2023-cü ildə böyük amnistiya, ya da əfv sərəncamı imzalansın. Məlum olduğu kimi, adətən bu cür amnistiya dekabr ayında olurdu, amma indi ola bilsin ki, mərhum prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar gələn il həyata keçirilsin”.

Novella Cəfəroğlu: "Vəsiyyətim var, oğlum çap edəcək..." -

Novella Cəfəroğlu: “Həmin şəxslərin azad olunması vacibdir, çünki...”

“Budəfəki amnistiya və yaxud əfv daha çox kimlərə şamil edilə bilər” sualımıza hüquq müdafiəçisi bu cür cavab verdi: “Hesab edirəm ki, ilk növbədə Azərbaycanda siyasi məhbus məsələsi bitməlidir. Yəni  siyasi motivlə həbsdəkilərin hamısı azad olunmalıdır. Bununla da dünyaya göstərərdik ki, bizdə siyasi məhbus yoxdur. Bunun çox arzulayıram.  Həmçinin cəzası yüngül olanlar, "Gəncə işi" ilə həbs edilənlərin hamısının azad olunmasını istərdim. Bəzi məhbuslar heç “Gəncə işi”ndə iştirak etməyib. Doğrudur, biz hüquq müdafiəçilərinin səyi, xahişi ilə onların çoxu artıq azad olunub, lakin hələ də həbsdə qalanlar var. Elə də məhbuslar var ki, onlar uzun illərdir ki, həbsdədir və yalnız 8 ayı, 1 ili qalıb, onları da azadlıqda görmək istərdim. Elə xəstə məhbuslar var ki, onların azadlığa çıxması çox vacibdir. Məsələn, sabiq deputat Hüseyn Abdullayev.  Çox istəyərdim ki, o azad olunsun. Çünki həqiqətən də vəziyyəti çox ağırdır, anası da özünü çox pis hiss edir, onlar bir-birilərinə çox bağlıdır.

Daha  sonra, hüquq müdafiəçisi Elçin Məmmədin azadlığa çıxmasını arzulayıram. O da çox xəstədir.  Uzun müddətdir həbsdə olan dinçilər var. Onları yavaş-yavaş azad edirlər, amma hamısını çıxartsalar yaxşı olar.  İndi bizim birləşmək, bir-birimizə tərəf addım atmaq zamanımızdır. Ona görə də amnistiya və yaxud əfv sərəncamı zəruridir, lazımdır".
 

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə:  “2023-cü ilin ilk aylarından bu məsələ gündəm  olacaq”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə qeyd etdi: “Məlum olduğu kimi, 2023-cü il ilin  "Heydər Əliyev ili" elan olunub və bununla da bir sıra tədbirlərin keçiriləcəyi gözlənilir. Biz hüquq müdafiəçilərini isə maraqlandıran əsas məsələlərdən biri amnistiyanın olub-olmamasıdır.  Buna ümid edir, gözləyirik. Çünki adətən tarixi şəxsiyyətlərin yüz illiyi ilə bağlı müəyyən amnistiyaların verilməsi təcrübəsi var. Hesab edirik ki, sonuncu dəfə amnistiyanın verilməsindən xeyli müddət keçib və bu dəfə amnistiya olacaq. Adətən bizim ehtimallar həmişə özünü doğruldur, bu dəfə də doğrulacağına inanır, 2023-cü ilin ilk aylarından sonra bu məsələnin gündəmi zəbt edəcəyini düşünürük.  Əfvlə amnistiyanın fərqi ondan ibarətdir ki, əfv fərdlərə tətbiq edilir və cənab Prezidentin sərəncamı ilə reallaşır, amnistiya isə qanundur və Milli Məclis tərəfindən qəbul olunur. Bu qanunda konkret adamlara istinad edilməsini gözləmək düzgün deyil. Çünki orada maddələr üzrə, eyni zamanda çəkilmiş cəzaların müəyyən hissəsi, yaş həddi üzrə bölünür, bu baxımdan ora kimlərin düşəcəyini əvvəlcədən demək qeyri-peşəkarlıq olar".

Xalidə GƏRAY

Mənbə: musavat.com