Əliyev Paşinyana ilkin sülh sazişini imzalatdı: Yekun sülh sazişi isə iki ay ərzində reallaşacaq

Prezident İlham Əliyev Praqa görüşündə Ermənistan baş naziri Nikol Paşinyanın bütün hədəflərini bloklamaqla və onu Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edən sənədi imzalamağa məcbur etməklə, olduqca ciddi siyasi-diplomatik qələbə qazandı... Azərbaycanın ərazi bütüövlüyü və sərhədlərinin toxunulmazlığı BMT Nizamnaməsinə istinadla qarantiya altına alındı, 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinin qeyd olunması isə Ermənistanın deyil, məhz baş nazir Nikol Paşinyanın şəxsi siyasi maraqlarına cavab verir, ona sülh prosesinin bütün məsuliyyətini məhz özündən əvvəlki hakimiyyətlərin üzərinə atmaq bəhanəsi qazandırır...

Azərbaycan və Ermənistan yekun sülh sazişinin imzalanması mərhəsləsinə daha bir addım yaxınlaşdı. Son baş verən hadisələr, imzalanan dördtərəfli sənəd də bunu təsdiqləyir. Ona görə də, indi sülh prosesinin nəhayət ki, durğunluq mərhələsindən çıxaraq, hərəkətə gətirildiyini daha əminliklə qeyd etmək olar.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmauel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 6 oktyabr 2022-ci il tarixdə Praqada keçirdikləri dördtərəfli görüşdə müəyyən irəliləyişlər əldə olunub. Bu, görüşdən sonra iştirakçı tərəflərin yaydığı bəyanatda yer alan bəzi məqamlarda da özünü qabarıq şəkildə göstərir. Yaxın gələcəkdə imzalanacaq Azərbaycan-Ermənistan yekun sülh sazişində bu məqamların həlledici təsiri ola bilər.

Həmin dördtərəfli bəyanata görə, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə, eləcə də 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Alma-Ata Bəyannaməsinə əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Və bu, gələcək sülh sazişinin imzalanması istiqamətində olduqca önəmli addım sayıla bilər.

555d30573c-99af-4ab5-8464-2eabbdb50f275.jpg (56 KB)

Digər tərəfdən, iştirakçı tərəflər təsdiqləyiblər ki, bu sənəd delimitasiya komissiyalarının işi üçün əsas olacaq və komissiyaların növbəti iclası oktyabrın sonunadək məhz Brüsseldə keçiriləcək. Eyni zamanda, Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasını təşviq etməyə razılaşıb. Rəsmi Bakı isə həmin mülki missiya ilə Azərbaycana aid olacaq dərəcədə əməkdaşlığa razılıq verib.

Ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, Avropa İttifaqının mülki missiyası oktyabr ayında işə başlamaqla, maksimum iki ay müddətində fəaliyyət göstərəcək. Missiyanın məqsədi güvən yaratmaq və hesabatlar vasitəsilə sərhəd komissiyalarına kömək etmək olacaq. Və bu baxımdan, sülh sazişinin imzalanacağı günün o qədər də uzaqda olmadığını ehtimal etmək olar.

Əvvəlcə onu qeyd edək ki, Praqada imzalanmış sənədlə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü artıq tanımış oldu. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiqliyin vurğulanması məhz bunu ifadə edir. Çünki, həmin sənəddə Azərbaycanın milli maraqlarına zidd hər hansı ciddi məqam yoxdur. Bu sənəd yalnız Azərbaycan və Ermənistan arasında deyil, MDB-yə üzv olan bütün ölkələr tərəfindən imzalanıb. Və təbii ki, MDB-yə üzv olan bütün ölkələr həmin sənədi imzalamaqla, bir-birinin ərazi bütövlüyünü tanıyıblar.

Ən önəmli məqam ondan ibarətdir ki, Alma-Ata Bəyannaməsində “Dağlıq Qarabağ məsələsi” ilə bağlı heç bir qeyd, hətta eyham belə, yoxdur. Yəni, sözügedən sənəddə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü məhz “Dağlıq Qarabağ” da daxil olmaqla, tanıyıb. Bu baxımdan, Ermənistan SSR Ali Sovetinin “Dağlıq Qarabağ” ilə bağlı qərarı, eləcə də, Ermənistan konstitusiyasında bu məsələ barədə maddə hüquqi qüvvəyə malik deyil.

Üstəlik, Praqa Bəyanatında Azərbaycan və Ermənistanın BMT-nin Nizamnaməsinə sadiq olduqlarını vurğulamaları bu məsələdə iki qat qarantiya rolunu oynayır. Böyük ehtimalla BMT-nin Nizamnaməsinə sadiqlik məhz Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə sənədə qeyd olunub. Və bu, Azərbaycan üçün olduqca ciddi hüquqi müdafiə təminatı verir.

fd6657f3-6cff-45ce-8ea4-435c43778535.jpg (206 KB)

Məsələ ondadır ki, BMT Nizamnaməsində üzv dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı heç vaxt dəyişdirilməyəcək hökm mövcuddur. Azərbaycan BMT-yə üzv olarkən, “Dağlıq Qarabağ” da daxil olmaqla, bütün ərazisi və sərhədləri beynəlxalq səviyyədə tanınıb. Və indi BMT Nizamnaməsi Azərbaycanın ərazi bütövlüyünün hüquqi qarantıdır.

Bu isə o deməkdir ki, Ermənistan BMT Nizamnaməsinə sadiqliyini vurğulamaqla, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını bir daha qəbul etmiş olur. Yəni, rəsmi İrəvan “Dağlıq Qarabağı” Azərbaycan ərazisi kimi tanıyır və bundan sonra heç bir halda, ərazi iddiaları irəli sürə bilməz. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Praqada Ermənistan və Fransa rəhbərləri üzərində qazandığı böyük siyasi-diplomatik qələbədir.

1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiqliyin vurğulanmasına gəldikdəsə, Azərbaycanın maraqlarına ziddi olmasa da, rəsmi Bakı üçün bu sənədə istinad prioritet sayılmır. İndiki halda, bu sənədə istinad yalnız Ermənistan baş naziri Nikol Paşinyanın şəxsi siyasi maraqları baxımından, əhəmiyyət daşıyır. Çünki, məhz bu sənədə istinad etməklə, baş nazir N.Paşinyan rəsmi Bakı ilə imzalanacaq yekun sülh sazişində Azərbaycanın ərazi bütüövlüyünün (“Dağlıq Qarabağ” da daxil olmaqla) tanınmasının siyasi məsuliyyətini özündən əvvəlki hakimiyyətlərin üzərinə yükləmək niyyəti güdür.

Ermənistan baş naziri Azərbaycanla yekun sülh sazişi imzalayıb, ölkəmizin ərazi bütövlüyünü tanıdığını növbəti dəfə təsdiqləyərkən, yeni heç bir şeyin baş vermədiyini, 30 il əvvəlki hakimiyyətin atdığı addıma istinad etdiyini vurğulamaq üçün səbəb qazanmaq istəyir. Böyük ehtimalla rəsmi Bakı da baş nazir N.Paşinyanın Ermənistan daxilində radikal-revanşist erməni müxalifətinin sərt təzyiqlərindən yayına bilməsi üçün ona bu imkanı tanımağı vacib hesab edib. Və ən əsasısa, bu, Azərbaycanın milli maraqları baxımından, heç bir problem yaratmır.

Nəhayət, Praqa Bəyanatında Ermənistanın Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasını təşviq etməsi də rəsmi Bakı üçün elə bir ciddi problem yarada bilməz. Çünki, yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcək bu mülki missiya qarşısında rəsmi Bakı heç bir öhdəlik götürməyib. Əksinə, bu məsələdə də rəsmi Bakının ciddi diplomatik uğuru açıq-aşkar nəzərə çarpır.

s1oHmLCtucJIoQ2aafYq.jpg (24 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti sərhəd bölgəsində beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə cəhd göstərirdi. Ancaq rəsmi Bakı buna qarşı çıxaraq, Ermənistanın cəhdlərini birmənalı şəkildə bloklaya bildi. İndi rəsmi İrəvan sadəcə, sərhəddə baş verənlərə birbaşa müdaxilə hüququ olmayan mülki missiya ilə kifayətlənməli olacaq.

Digər tərəfdən, mülki missiyanın fəaliyyəti müddətsiz deyil. Bu missiya oktyabrın sonlarından başlayaraq, maksimum iki ay ərazində fəaliyyət göstərəcək. Yəni fəaliyyətə başladıqdan cəmisi iki ay sonra öz mandatını sona çatdırmış olacaq. Və burada vurğulanan iki aylıq müddət də önəmli məqamdır.

Belə anlaşılır ki, mülki missiyanın fəaliyyət müddəti sona çatana qədər, yəni yaxın iki ay ərzində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev də öz açıqlamasında bu ilin sonuna qədər yekun sülh sazişinin imzalana biləcəyinin anonsunu verib. Və bu baxımdan, Azərbaycanın yeni ilə yekun sülh sazişi ilə girə biləcəyi qətiyyən istisna deyil.

Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev Praqa görüşündən olduqca ciddi siyasi-diplomatik qələbə ilə ayrılmağı bacarıb. Belə düşünmək olar ki, Praqa Bəyanatı müəyyən mənada, Azərbaycan və Ermənistan arasında ilkin sülh sazişi xarakteri daşıyır. Bu prosesin yekun sülh sazişinə qədər inkişaf etməsi üçün isə tərəflər həmin sənədin mətninin hazırlanması ilə məşğul olacaqlar.

Musavat.com

ƏVVƏLKİ XƏBƏR

Ermənistan Azərbaycanı ALDADIR - Bu yalan növbəti müharibəni başladacaq

SONRAKI XƏBƏR

Şəhid atası: “Hərbi xidmətdə bir ili tamam olan gün acı xəbəri gəldi” - MÜSAHİBƏ + FOTO