"Naxçıvanın Zəngəzur dəhlizi ilə vətənə birləşməsinin vaxtı çatıb"

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Görüşün sonunda verilən bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.

Bundan başqa, tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Trend-ə bildirib ki, bu görüşün nəticələri sülh müqaviləsinin imzalanmasına doğru atılan nəhəng addımdır.

Onun sözlərinə görə, məhz "Qarabağın hüquqi statusu" məsələsi uzun müddət iki ölkə arasında əngələ çevrilib və indi Qarabağın Azərbaycan ərazisi kimi tanınması irəli addımlamağa imkan verəcək.

"Əvvəlki rejim və millətçi yönümlü ermənilər, xüsusilə də ABŞ və Fransadakı diaspor nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün tanınmaması və 30 il nəzarətdə saxladıqları Azərbaycan torpaqlarırına iddia edə bilmək üçün münaqişənin dəstəklənməsi baxımından Paşinyana təzyiqlər göstərirdi. Amma ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə iki ölkə tarixin bu səhifəsini çevirə və irəli addım ata bilərlər", - deyə bildirib.

O əlavə edib ki, ikinci Qarabağ müharibəsinin başa çatmasına baxmayaraq, erməni təxribatları davam edir və sülh müqaviləsi imzalananadək, eləcə də beynəlxalq sərhədlər müəyyən edilənədək davam edəcək.

"Əsas odur ki, əgər Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, istənilən toqquşmalara son verəcək sülh müqaviləsi üçün yol açılır", - M.Brayza deyib.

Öz növbəsində, amerikalı ekspert Piter Teys Trend-ə bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşü Avropa İttifaqının təhlükəsizliyi və geosiyasi sabitliyin dayaq nöqtəsidir, bir şərtlə ki, Ermənistan hökuməti və baş naziri oktyabrın 6-da verilmiş rəsmi bəyanata əməl etsin.

Onun sözlərinə görə, görüşün yekunları Cənubi Qafqazda iqtisadi inkişafın möhkəmlənməsinə xidmət edəcək və Bakı ilə İrəvan arasında ikitərəfli münasibətlərin yeni səhifəsinın başlanğıcı olacaq. O qeyd edib ki, Ermənistan tərəfinin mövqeyinin kəskin dəyişməsi Prezident İlham Əliyevin gözəl işi sayəsində mümkün oldu.

"Ermənistan artıq Azərbaycan hökuməti ilə əməkdaşlığa başlamalı və erməni qoşunlarının Azərbaycanın suveren ərazilərində yerləşdirdikləri minaların dəqiq xəritəsini dərhal təqdim etməlidir. Naxçıvanın Zəngəzur dəhlizi ilə vətənə birləşməsinin və regional iqtisadiyyatın çiçəklənməsinin vaxtı çatıb", - P.Teys deyib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

38 yaşlı bəy 75 yaşlı gəlinlə evləndi

SONRAKI XƏBƏR

Cəlilabadda yeni evlənən gənc doğulduğu evə gəlib intihar etdi