Məntiq hoqqabazlığı: Paşinyanın 3 psevdotezisi – TƏHLİL

Məntiq hoqqabazlığı:  Paşinyanın 3 psevdotezisi –  TƏHLİL<span class="qirmizi"></span>

Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin İrəvan sammitindəki çıxışını əsəbləşmədən dinləmək mümkün deyildi. Çünki o, məntiqin elementar qaydaları ilə manipulyasiya edərək, dinləyənləri axmaq yerinə qoyurdu. Görünür, həm də buna görə digər dövlət başçıları sifətlərindəki bezginlik ifadəsilə Paşikin bulanıq nitqinin nə zaman bitəcəyini gözləyirdilər. Paşinyanın mövzu ilə bağlı demək olar ki, bütün çıxışlarında istifadə etdiyi bir səbəb-nəticə fokusu var: “Əgər Azərbaycanla Ermənistanın arasında sərhəd yoxdursa, demək, KTMT-nin məsuliyyət zonası da mövcud deyil; KTMT-nin məsuliyyət zonası mövcud deyilsə, onda özü də yoxdur”. Vualya! Paşik KTMT-ni yoxa çıxardı! Necə deyərlər, «ловкость рук, и никакого мошенничества!»

Psevdotezis 1: “KTMT-nin məsuliyyət zonası”

Halbuki, sağlam məntiqlə yanaşsaq, Azərbaycan-Ermənistan sərhədinin demarkasiya və delimitasiya olunmadan qalması ilə KTMT-nin mövcudluğu arasında heç bir əlaqə yoxdur. Bu, eynilə sovet dövründə Çapayev haqqında olan məşhur lətifəni xatırladır:
“- ...Kibritin var?
- Yox!
- Deməli impotentsən!”

“Azərbaycanla Ermənistan arasında sərhəd yoxdur” iddiası həqiqətdir, çünki fakta söykənir. İki ölkənin arasında sərhədi müəyyən etmək üçün “Google maps” yüklənmiş smartfon kifayət deyil, bir qədər ciddi alətlər lazımdır. Sərhəd o vaxt olacaq ki, demarkasiya aparılsın, mühafizə zolaqları yaradılsın. Bunlar həqiqətən yoxdur. Amma bu o demək deyil ki, KTMT-nin məsuliyyət zonasının da hara olduğu bilinmir. Beynəlxalq təşkilatların məsuliyyət zonası delimitasiya edilmir. “Ermənistan” deyəndə mübahisəsiz olaraq hara nəzərdə tutulursa, KTMT-nin məsuliyyət zonası da oradır. Mübahisəli əraziləri isə əvvəlcə İrəvan Bakı ilə müzakirə etməlidir ki, KTMT-nin məsuliyyət zonasında “trimminq” aparılsın.

Əgər sərhəddə mübahisəli ərazilər var deyə, “KTMT-nin məsuliyyət zonası bilinmirsə” və deməli “KTMT yoxdur”sa, onda Ermənistan dövləti də yoxdur. Axı Ermənistan – KTMT-nin məsuliyyət zonasıdır.

Psevdotezis 2: “Dağlıq Qarabağ”

10 noyabr Bəyanatının birinci bəndində yazılıb: “...Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur”. Paşinyan bunu əsas götürərək deyir ki, əgər sənəddə "Dağlıq Qarabağ" yazılıbsa, deməli, Dağlıq Qarabağ var, halbuki, İlham Əliyev Dağlıq Qarabağın olmadığını iddia edir.


Adam özünü rəsmən siyasi debilliyə vurub və düşünür ki, onu dinləyənlər də eyni ağıldadırlar. 10 noyabr Bəyanatında “Dağlıq Qarabağ münaqişəsi zonası” deyəndə oradakı separatçıların kvazistrukturları yox, coğrafi ərazi nəzərdə tutulur. O zaman inzibati bölgü kimi bu anlayış hələ ləğv olunmamışdı. Azərbaycan Respublikası prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə həmin bölgü ləğv olundu və Şərqi Zəngəzur İqtisadi Rayonu yaradıldı. İndi Dağlıq Qarabağ hətta inzibati bölgü kimi də mövcud deyil.

İlham Əliyev “Dağlıq Qarabağ münaqişəsi yoxdur” deyəndə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hələ ki ləğv olunmamış separatçı qurumu nəzərdə tutur. Azərbaycan üçün Dağlıq Qarabağ bundan sonra yalnız tarixi məfhumdur. Orada müvəqqəti mövcud olan separatçı qurum həqiqətən də yoxdur, onu heç kim tanımayıb. Hətta Ermənistanın özü belə! Qoy, Paşinyan məntiq fokuslarından başı açılanda əvvəlcə bu suala cavab versin: Əgər “Dağlıq Qarabağ” varsa, Ermənistan onu niyə tanımır?!

Psevdotezis 3: Yol

Paşinyan deyir ki, Ermənistan öz ərazisindən Azərbaycana Naxçıvana gedib-gəlmək üçün yol verməyə hazırdır, amma bu, dəhliz olmayacaq. Buna görə də Azərbaycan özü həmin yolu istəmir. O halda sual yaranır: Bəs Ermənistandan rus sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazisinə niyə dəhliz olmalıdır? Paşinyanın məntiqi belədir ki, “10 noyabr sənədində elə yazıldığına görə”.

Biz bilirik ki, həmin sənədi imzalayan ölkələrin arasında bir sıra nüanslarla bağlı şifahi razılaşma da olub, amma indi Mosvka ilə İrəvan bunu danırlar. Eybi yox, bunu etməklə sadəcə göstərirlər ki, bundan sonra heç kim onlarla “centelmen razılaşması”na getməməlidir. Sənədə qayıtsaq, Laçın dəhlizinin ömrü Rusiya sülhməramlıları qədərdir: 5 il, onun da 2-si artıq keçib. Vaxt sürətlə gedir. Bəs Laçın yolunun "dəhliz" statusu bitəndən sonra Ermənistan nə edəcək? Məsələni həll etmək istəyiriksə, bir qədər qabağa baxmaq lazımdır axı...

İrəvan gərək unutmasın ki, məğlub ölkənin əldə etdiyi şərtlər Qalib ölkədən daha yaxşı ola bilməz. Bunu məntiq deyir. Paşikə yad olan məntiq!
Yox, əgər Ermənistan özünü məğlub, Azərbaycanı Qalib hesab etmirsə, bunu da aydınlaşdırmağın yolu var. Amma başqa meydanda!
 

Mənbə: azvision.az