Gülçöhrə Məmmədova: Azərbaycanın idman siyasəti həm də narkomaniya ilə mübarizə üsuludur

Gülçöhrə Məmmədova: Azərbaycanın idman siyasəti həm də narkomaniya ilə mübarizə üsuludur<span class="qirmizi"></span>

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Narkotizmlə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə virtual metodlarla “Ağ ölüm”- narkotikə yox deyək!” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tədbirdə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova gənclər və idman siyasətinə, ailə institutuna dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Rektor qeyd edib ki, bu gün respublikanın bütün regionlarında olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi, müxtəlif proqramlarla idmanın təşviqi, sağlam həyat tərzinin təbliği Azərbaycan dövlətinin həm də narkomaniya ilə mübarizəsidir. Bəzi dairələrin və ölkələrin narkotik dövriyyə və narkotikdən istifadəni ölkəmizə qarşı hibrid müharibə predmetinə çevirmək istəyinə diqqət çəkən professor Gülçöhrə Məmmədova gənclərə ayıq-sayıq olmağı, bu yolla öz sağlamlıqlarına və ölkəmizin milli təhlükəsizliyinə zərbə vurmamağı tövsiyə edib.

“Narkotizmlə Mübarizə” İctimai Birliyinin sədri Kənan Qubadzadə narkomaniya ilə mübarizənin Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. O, hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan, ictimai birlikdə könüllülük fəaliyyətinin mövcud olmasından danışıb, tələbələri bu istiqamətdə aktiv olmağa səsləyib.

Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından danışan Milli Məclisin deputatı Kamilə Əliyeva da çıxışında müzakirə olunan problemin təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemi olduğunu qeyd edib. O, narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkib.

Narkotik aludəçilərinin, narkomaniya qurbanlarının statistikasının ilbəil artmasına diqqət çəkən Milli Məclisin deputatı Pərvin Kərimzadə tələbələrin sosial şəbəkələrdə aktivləşməsinin, narkotikləri təbliğ edənlərə qarşı kompleks şəkildə mübarizə aparmasının zəruriliyinə toxunub.

Müzakirə olunan problemlə bağlı Milli Məclisin deputatı İlham Məmmədov son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

AzMİU THİK-nin sədri Bayram Aslanov və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev də çıxış edərək narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb, tələbələrə öz tövsiyələrini veriblər.

“Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi virtual metodlarla “Ağ ölüm” - narkotikə yox deyək!” layihəsi çərçivəsində ərsəyə gələn qısametrajlı film tədbir iştirakçılarına təqdim olunub.

Tədbir mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi ilə davam etdirilib.

Mənbə: azertag.az