YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq - ŞƏRH

YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq - ŞƏRH<span class="qirmizi"></span>

XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti bu gün regionda söz sahibi olan dövlətdir. Dünya bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atan müstəqil Azərbaycanın qüdrətinə şahidlik edir. Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, 30 il ərzində uğurlu və şərəfli yol keçərək adını ölkəmizin ictimai-siyasi tarixinə şərəflə yazdıran Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, sosial-iqtisadi inkişafında, ölkəmizdə demokratik siyasi sistemin güclənməsində, vətəndaş həmrəyliyi və milli birliyin təmin olunmasında, misilsiz nailiyyətlərdə özünəməxsus rolu olub. Ona görə də partiyanın 30 illik yubileyi xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisə idi.

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında Azərbaycan dövlətinin Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulduğunu, inkişaf etdiyini qeyd edib: ”Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi”.

Ulu Öndər Heydər Əliyevlə başlanan, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevlə davam etdirilən düzgün və qətiyyətli siyasət Azərbaycanın yüksəlişi, beynəlxalq mövqelərini daha da möhkəmləndirdi.

Zamanın təxirəsalınmaz tələbindən irəli gələrək ümumxalq partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası müstəqilliyinin bərpasının ilk illərində, ölkəmizin ciddi xaos və böhran içərisində olduğu, iqtisadiyyatın tamamilə dağıdıldığı, bütün iqtisadi sistemin iflic edildiyi, siyasi qrupların hakimiyyət uğrunda mübarizə apardığı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin daha da genişləndiyi bir dövrdə təsis edilib. Həmin dövrdə xalqı öz xilasını görkəmli dövlət xadimi, təcrübəli siyasətçi və böyük azərbaycanlı Heydər Əliyevin simasında görüb, yalnız Onun ölkəmizi bu ağır vəziyyətdən xilas edə biləcəyinə sonsuz inamını ortaya qoyaraq, Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir", - deyə müraciət ünvanlayıb. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə təşkilatlanaraq, siyasi sistemin əsas güc mərkəzinə çevrilib, xalqın vahid amal və dövlətçilik ideyası ətrafında səfərbər olunmasında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib. Müxalifət partiyası kimi təsis edilən Yeni Azərbaycan Partiyası Ümummilli Liderin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə iqtidar partiyası mövqeyinə yüksəlir, 30 illik şərəfli tarixinin ilk böyük qələbəsinə imza atır.

"Yeni, müstəqil Azərbaycan uğrunda" şüarı ilə ölkəmizin siyasi mühitinə gələn Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində müstəsna rolu olub.

Dövlət Başçımızın İlham Əliyevin partiyanın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında qeyd etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin xilas edildiyi illər Azərbaycanın müstəqillik tarixinə ölkəmizin inkişafının möhkəm təməllərinin yaradılması mərhələsi kimi daxil olub. Dahi rəhbərin sədrlik etdiyi ümumxalq partiyası da bu illər ərzində ölkəmizdə sabitliyin və vətəndaş həmrəyliyinin güclənməsinə müvafiq töhfələr verib, xalqımızın qazandırdığı misilsiz nailiyyətlərin əsas təbliğatçısı olub.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyası dahi rəhbərin dövlətçilik məktəbinin ən layiqli yetirməsi Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan artıq Avropanın enerji xəritəsini dəyişdirmək iqtidarındadır. Dünya 44 günlük Vətən müharibəsində Azərbaycanın qalibiyyətinə, qüdrətinə, iradəsinə şahidlik etdi. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, bərpa işləri həyata keçirilir, işğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlərimiz bərpa edilir, dünyanın dilbər guşələrinə çevrilir.

Yarandığı gündən Azərbaycan dövlətçiliyinə və xalqımıza ləyaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının fəalları da bu işdə də fəallıq nümayiş etdirirlər. YAP hakim partiya olaraq, Azərbaycanda siyasi islahatların, Böyük Qayıdışın uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdədir.

Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi partiya 30 illik tarixi dövründə öz fəaliyyəti ilə sübut etdi ki, tarixin çətin sınaqlarından çıxan müstəqil Azərbaycanı parlaq gələcəyə aparmağa qadir partiyadır. Ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq – deyə YAP Gəncə şəhərinin sədri Ramil Orucov bildirib.

Mənbə: sia.az