"Cümhuriyyət sizdən "azad fikirli, azad vicdanlı, azad bilikli" nəsillər tələb edir"

"Cümhuriyyət sizdən "azad fikirli, azad vicdanlı, azad bilikli" nəsillər tələb edir"<span class="qirmizi"></span>

Millət Məktəblərinin Baş müəllimi Mustafa Kamal Atatürk, 1930 yılında İstanbul Hüquq Fakültəsində (Hanri Benazus Arxivi - Anadolu Ajansı)

"Hər kəsin öz zövqü var. Bəziləri bağ salmağı və gözəl çiçəklər yetişdirməyi sevir. Bəziləri isə, insan yetişdirməyi sevir". Belə deyirdi, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Başkomandan Mustafa Kamal Atatürk...

Müəllim... Bəlkə də dünyanın ən müqəddəs ünvanıdır, peşəsidir bu peşə. Gələcəyə yeni savadlı, bilikli formalaşmış insan yaradan bu peşənin sahibləri hər zaman, dünyanın hər bir ölkəsində dəyərli hesab edilir.

Bu gün Türkiyədə müəllimlər günü qeyd edilir. 24 noyabr müəllimlər gününün tarixi Türkiyənin ulu lideri Mustafa Kamal Atatürkün adı ilə bağlıdır. Türkiyədə müəllimlər günü noyabrın 24-də 1981-ci ildən qeyd edilməyə başlayıb. 24 noyabr 1928-ci il Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Millət Məktəblərinin Baş müəllimi” ünvanını qəbul etdiyi gündür. Nazirlər Kabineti Mustafa Kamal Atatürkə “Millət Məktəbləri Baş müəllimi” ünvanını 11 noyabr 1928-ci ildə həyata keçirdiyi iclasda vermişdi. Noyabrın 24-də isə, Millət Məktəbləri Təlimatnaməsinin yayımlanması ilə rəsmiləşmişdi. 1981-ci ildə Atatürkün 100 illik yubileyində onun baş müəllim olduğu gün - 24 noyabrın bütün ölkədə müəllimlər günü kimi qeyd edilməsi ilə bağlı qərar verildi.

Mustafa Kamal Atatürk böyük bir Türk dünyası yaratdı. O, həqiqətən Türklər üçün - bizim üçün müəllim oldu. O, Türk dünyasına bütün olmağı,bir olmağı, birlik üçün mübarizə aparmağı öyrətdi. Atatürkün müəllimlik, müəllim həyatı ilə bağlı çox maraqlı fikirləri var. O, hesab edirdi ki, ölkənin uşaqları hər bir təhsil mərhələsində səmərəli, təsirli və iqtisadi həyatda uğurlu olmaq üçün təchiz edilməlidir.

Millət Məktəblərinin Baş müəllimi Mustafa Kamal Atatürk müəllimlərə xitabən deyirdi ki, "Cümhuriyyət sizdən “azad fikirli, azad vicdanlı, azad bilikli” nəsillər tələb edir".

Atatürk qeyd edirdi ki, bütün dünyada müəllimlər insan cəmiyyətinin ən sadiq və hörmətli üzvləridir. Onun fikrincə, yeni nəsil ən böyük respublika dərsini bugünkü müəllimlər cəmiyyətindən və onların yetişdirəcəyi müəllimlərdən öyrənəcək.

"Millətləri xilas edən ancaq müəllimlərdir. Müəllimdən, maarifçidən məhrum olan xalq hələ bir millətin adını daşımaq qabiliyyətini qazanmayıb" - deyən Atatürk bilidirirdi ki, hətta prezident də sinifdə müəllimdən sonra gəlir.

Bu gün Türkiyədə müəllimlər günüdür, hər kəsin ömründə böyük rolü olan müəllim günü…

İradə Cəlil, Bizimyol.info

Mənbə: www.bizimyol.info