“Bu partiyalar mütləq ləvğ olunmalıdır!” - Siyasi sədrlər yeni qanundan DANIŞDI

“Bu partiyalar mütləq ləvğ olunmalıdır!” - Siyasi sədrlər yeni qanundan DANIŞDI<span class="qirmizi"></span>

Azərbaycanda dövlət qeydiyyatına alınan 60 yaxın siyasi partiya var.

Kiçik bir ölkə üçün bu qədər partiyanın olması bəlkə də müsbət hal kimi görünə bilər. Lakin bu siyasi qurumların arasında elə partiyalar var ki, ictimaiyyətdə nəinki adi vətəndaşlar, hətta jurnalistlər və siyasi araşdırmaçılar tərəfindən tanınmır.

Dövlət qeydiyyatından keçən, lakin heç kəs tərəfindən tanımayan partiyaların siyahısına nəzər saldıqda isə:

Azərbaycan Milli Demokratik İdrak Partiyası, Birlik Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Müstəqil Azərbaycan Partiyası,"Qorqud" Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası adlarını sadalamaq olur.

Bununla belə, “Siyasi Partiyalar haqqında Qanun”da qeydiyyata alınan hər bir partiyanın 4500 –dən çox üzvünün tələb olunması ilə bağlı maddə qeyd olunacağı iddia edilir. Bu tələbə uyğun olmadıqda isə partiya ləğv oluna bilər.

Yuxarıda adı çəkilən partiyaların heç 1000 üzvü olması belə real görsənmir.

Ümumiyyətlə, Azərbaycanda hazırki siyasi mühitdə nə qədər partiyanın fəaliyyət göstərməsi zəruridir?

Məsələ ilə bağlı Ednews-a danışan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hazırda siyasi partiyaların sayı barədə müzakirələrin aparılmasını doğru saymadığını deyib.

“Siyasi partiyalar cəmiyyətin tələbi ilə yaradılır. Partiyalar cəmiyyətdən dəstək almadığı halda sıradan çıxaraq tarixə qovuşur. Hesab edirəm ki, ölkədə normal seçki sisteminin formallaşdığı təqdirdə hansı partiyaların cəmiyyətə daha çox faydası olacağını bilmək olacaq”.

Azərbaycan Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, Azərbaycanda hazırki siyasi mühitə uyğun olaraq 10 və ya 15 partiyanın fəaliyyət göstərməsi kifayyətdir.

“Ölkəmizdə elə partiyalar var ki, onların nizamnaməsi yoxdur, ictimai rəy formallaşdıra bilmir, qanunverici təşəbbüslərlə çıxış etmir, müəyyən önəmli məsələlərə münasibət bildirmir və rəqabətli seçkilərə uyğunlaşmır. Siyasi partiyalar haqqında gözlənilən yeni qanun bu kimi kiçik partiyaların ya birləşməsinə, ya da xitam verilməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, rəqabətli seçkilərdə yalnız güclü partiyalar qalib gələcək, önə çıxmayan partiyalar isə tarixə qovuşacaq”.

Respublika Alternativ Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, yalnız ardıcıl rəqabətli seçkilərdən sonra siyasi partiyaların mövcudiyyəti və sayı barədə fikir mübadiləsi aparmaq olar.

“Azərbaycanda iki dəfə və ya daha ardıcıl rəqabətli və dürüst seçkilər keçirildikdən sonra seçicilərin müəyyən səsini toplaya bilən ən azı 10 partiyanın fəaliyyət göstərməsi daha məntiqli olacaq. Amma problem bununla bitmir. Bildiyimiz kimi, hər bir ölkədə sağ, sol və mərkəzçi qanadı təmsil edən partiyalar var. Azərbaycanda isə ideoloji cəhətdən fəaliyyət göstərən partiyaların sayı azdır. Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası daxil olmaqla bir çox partiyaların nizamnaməsində sağ-mərkəzçi olduğu qeyd olunur. Bu isə doğru yanaşma deyil”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev də eyni fikirləri bildirib. Onun sözlərinə görə, siyasi ictimaiyyətdə güclü nüfuzu və təsiri olan 15 və ya 20 partiyanın fəaliyyət göstərməsi yetərlidir.

“Elə partiyalar var ki, onun üzvləri ailə və qohumlarından ibarətdir. Onların heç papkası və nizamnaməsi də yoxdur. Yeni qanun qəbul olunduqdan sonra, bu partiyalar mütləq ləvğ olunmalıdır”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanlı məsələyə fərqli münasibət bildirib.

“Partiyaların məhdudlaşdırılmasını o qədər doğru hesab etmirəm. İqtidar və müxalifət partiyaların irəli sürə bilmədiyi yenilikləri gənclər həyata keçirməyi bacaracaqsa, niyə onlar partiya yaratmasınlar”.

Mənbə: ednews.net