“DTX faktı açıqladı, sülhməramlılarla bağlı dərhal hərəkətə keçilməlidir” - Nuriyev

“Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini tərəfindən Qarabağda rus sülhməramlıların məsuliyyət zonasına silah-sursat daşınması haqda açıqlaması həm Rusiyaya mesajdır, həm Ermənistana xəbərdarlıqdır, həm də Ermənistanı dəstəkləyən dövlətlərə də mesajdır. Yeri gəlmişkən, xidmət rəisinin birinci müavini Ceyhun Şadlinski həm də İran məsələsinə toxunub, burada təxribatlar haqqında fikirlərə diqqət çəkib. Məncə, bunlar bir-birindən ayrı deyil, əlaqəsi olan məsələlərdir. Artıq Dövlət Təhlükəsizlik Xidməti səviyyəsində məsələ qaldırılıb, indi digər dövlət qurumları hərəkətə keçməlidir”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev ermənilərin yeni Laçın yolu ilə Qarabağdakı separatçılara silah-sursat daşıması haqda xəbərləri şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, artıq Xarici İşlər Nazirliyi hərəkətə keçməlidir:

“Məsələn, BMT-yə müraciət etməlidir. Bizim BMT-dəki nümayəndəmiz rus sülhməramlıların Qarabağda qalıb-qalmaması məsələsini Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa çalışmalıdır. Nəzərə almaq lazımdır ki, BMT hər hansı bir qərar verməsə də, Rusiya həmin quruma sülhməramlı kimi qeydiyyata alınmasına dair müraciət edib. Onlar bunu “münaqişənin yatırılması” kimi arqument adı altında etməyə çalışıblar, yəni hiyləgər gediş ediblər. Odur ki, Azərbaycan XİN bu istiqamətə diqqət ayırmalıdır. Çünki Təhlükəsizlik Xidmətinin rəsmisi bizim kimi politoloq deyil ki, danışsın. Onların əlində dəqiq məlumat olmasa, heç vaxt informasiya vermirlər. Bu mənada ciddi informasiya verilib. Azərbaycan siyasətçiləri, QHT-lər, mütəxəssislər bu məsələnin üzərinə getməlidir. XİN də öz fəaliyyətini göstərməlidir. Eləcə də Milli Məclis də bu istiqamətdə işləməlidir. Məsələn, son İran və Fransa ilə bağlı parlament ortaya ciddi mövqe qoydu, deputatlar danışdı, fikirlərini ifadə etdi. Məncə, bu məsələyə də diqqət edilməli, danışılmalıdır. Çünki bu, Azərbaycan maraqları ilə bağlı məsələdir”.

Politoloq əlavə edib ki, Rusiya sülhməramlı adı ilə bölgədə qalmağa çalışır, eyni zamanda öz missiyalarından kənar işlərlə məşğul olur:

“Bu mənada ciddi addımlar atmaq lazımdır. DTX bəyan etdi, bundan sonrakı iş XİN və Müdafiə Nazirliyinin üzərinə düşür. Əlbəttə, Xüsusi Xidmət bundan sonra da işini davam etdirəcək, amma bu barədə danışmayacaq”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Şoyqu ilə Akar danışdı - Türkiyə əməliyyatları davam etdirəcək

SONRAKI XƏBƏR

“Bu partiyalar mütləq ləvğ olunmalıdır!” - Siyasi sədrlər yeni qanundan DANIŞDI