Putin İrəvanda, Vardanyan Xankəndidə “Qarabağ normallaşmasından” danışdı - təsadüf, ya sinxron fəaliyyət...

Putin İrəvanda, Vardanyan Xankəndidə “Qarabağ normallaşmasından” danışdı  - təsadüf, ya sinxron fəaliyyət...<span class="qirmizi"></span>

Əli Mustafayev: “Bütün bunların arasında nəinki sinxron, deyərdim ki, birbaşa əlaqə var”

Noyabrın 23-dən Kremlin himayə etdiyi rusiyalı erməni milyarder Ruben Vardanyan Qarabağdakı separatçıların yeni "hökuməti"ni qurmağa başlayıb.

Belə ki, noyabrın 4-də separatçıların "dövlət naziri" təyin olunan Ruben Vardanyan noyabrın 23-də separatçı qurumun 11 "nazir"indən 9-nu vəzifədən kənarlaşdırıb. Vardanyanın yeni "hökumət"də Putinin erməni emissarlarına geniş yer verəcəyi gözlənilir. Artıq bunun ilk işartıları görünməkdədir. Belə ki, Mediahub erməni Teleqram kanalının məlumatına görə, separatçıların yeni "rəhbər"i köhnə nazirləri qovduqdan sonra separatçı qurumun "xarici işlər naziri" postuna Vardan Oskanyanı gətirmək niyyətindədir. Xatırladaq ki, Vardan Oskanyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın dövründə - 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb. Köçəryan hazırda Ermənistan parlamentində rusiyayönlü "Hayastan" blokuna rəhbərlik edir və erməni siyasətçilər arasında Putinə ən yaxın şəxs sayılır.

Bununla belə, R.Vardanyan sosial şəbəkədəki hesabında separatçı qurumda edilən dəyişikliklərlə bağlı bunları yazıb: “Mən niyə belə qərara gəldim? Mənim “Artsaxa” gəlməyimin səbəbi, dəfələrlə dediyim kimi, yaranmış böhranlı vəziyyətdir. Vəziyyət həqiqətən də son dərəcə ciddidir. Bu, bizdən tamamilə yeni idarəetmə, qeyri-standart həllər, çeviklik tələb edir. Müharibədən sonra vəzifə insanları geri qaytarmaq, normal həyatı bərpa etmək idi. Bu edilib. Amma indi biz yeni mərhələyə başlayırıq: ondan artıq islahat həyata keçirməli, insanlarda gələcəyə, sabitliyə inam yaratmalıyıq. Yeni hökumət bu yeni mərhələnin çağırışlarına cavab verməlidir”.

Nə təsadüfdürsə, noyabrın 23-də KTMT-nin İrəvanda keçirilən tədbirində Rusiya prezidenti Vladimir Putin çıxış edərkən Qarabağ barədə danışdı. Putin qeyd etdi ki, Nikol Paşinyanla “Dağlıq Qarabağ”da vəziyyətin normallaşmasını müzakirə etdik. Bir tərəfdən Rusiya dövlət başçısı Ermənistan baş naziri ilə Qarabağda normallaşma məsələsini müzakirə edir, o biri tərəfdən R.Vardanyan vəziyyətin normallaşması üçün addımlar atdığını və böhranın aradan qaldırılması üçün çalışdığını deyir.

Bütün bunların eyni gündə baş verməsi təsadüfdürmü? Ən başlıcası, sözügedən məsələlər arasında sinxron əlaqə görsənirmi?

“Anlaşılan odur ki, Rusiya Cənubi Qafqazda qalmaq üçün növbəti dəfə Qarabağ kartından istifadə edir”

Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, bütün bunların arasında nəinki sinxron, deyərdim ki, birbaşa əlaqə var: “Çünki Vardanyanın Qarabağa göndərilməsi məhz Rusiyanın layihəsidir. Məhz Kremldən təlimatlar alaraq Vardanyan ora yollanıb. Anlaşılan odur ki, Rusiya Cənubi Qafqazda qalmaq üçün növbəti dəfə Qarabağ kartından istifadə edir. Çox təəssüflər olsun ki, bu da bizim üçün problemlər yaradır. Necə deyərlər, “yağışdan çıxıb yağmura düşürük”. Bir vaxtlar Qarabağdakı separatçıları Ermənistan idarə edirdisə, indi bu missiyanı birbaşa olaraq Rusiya həyata keçirir. Qarabağdakı separatçılar fəaliyyətlərini Kremldən gələn təlimatlara uyğun qururlar. Əfsuslar olsun ki, dəyişən bir şey yox idi. Səksəninci illərdə baş qaldıran erməni siparatizminin də arxasında Rusiya dayanırdı, indi də. Ona görə də biz bütün vasitələrdən istifadə edib Vardanyanı proseslərdən təcrid etməliyik. Onunla təmas olmamalıdır. Ən azından ona görə ki, Vardanyan Azərbaycan vətəndaşı deyil. Azərbaycan vətəndaşı olmayan bir şəxsin belə mövqeyə sahib olması ölkəmizin qanunvericiliyinə, suverenliyinə ziddir. Bu günlərdə Prezident İlham Əliyev də bəyan etdi ki, Vardanyanla təmas olmayacaq. Ona görə də Azərbaycan dövləti Vardanyanın oradan çıxarılmasını gündəmdə saxlamalıdır. Buna nail olsaq, təhlükə qismən azalacaq. Çünki dünyada baş verən proseslər, Ukraynada gedən müharibə Rusiyanın zəifləməsinə xidmət edir. Ancaq istənilən halda, Qarabağdakı separatçıların Rusiya tərəfindən idarə olunması bizim üçün təhlükədir”.

Bu səbəbdən Əli Mustafayev hesab edir ki, Azərbaycan optimal çıxış yolu tapmalıdır.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com