Dövlət Komitəsi: "Qadınlara qarşı zorakılıq bütün ölkələrdə hökm sürür"

Dövlət Komitəsi: "Qadınlara qarşı zorakılıq bütün ölkələrdə hökm sürür"<span class="qirmizi"></span>

"Dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlərə baxmayaraq qadınlara qarşı gender əsaslı zorakılıq hələ də bütün ölkələrdə hökm sürür və bununla bağlı cəzasızlığın səviyyəsi yüksəkdir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kampaniyası” media müstəvisində adı altında keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu məsələ texnologiyadan istifadə olunan mühitlər də daxil olmaqla özəl sektordan dövlətə qədər bir sıra mühitlərdə özünü göstərir, həmçinin müasir qloballaşan dünyada dövlət sərhədlərini aşır.

"Qadınlara qarşı zorakılıq bizim hamımızı narahat edir. Sosial çevrə də zorakılığa son qoymaq üçün tədbir görmək imkanlarına malikdir. Bu fərdi problem deyil, sosial problemdir və mövcud olduğunuz toplum müvafiq tədbir strategiyaları formalaşdıra bilər və ya bilməlidir. Bu baxımdan qabaqlayıcı-preventiv tədbirlər böyük əhəmiyyət kəsb edir", - S.Qəhrəmanova vurğulayıb.

Mənbə: report.az